Şrift:
“Müharibəyə başlasaq...“ - MÜSAHİBƏ
15.03.2012 [00:43] - Hərb, Fərəc Quliyev
Fərəc Quliyev Publika.az-a eksklüziv müsahibə verdi.

Milli Dirçəliş hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyevin Publika.Az-a müsahibəsi:

- Azərbaycan və Ermənistan ictimaiyyətlərinin sülh danışıqlarına hazır olub-olmaması barədə hər iki tərəfdən müxtəlif fikirlər səsləndirilir.Siz necə düşünürsünüz, Ermənsitan tərəfdən hər hansı səviyyədə sülh danışıqlarına, Qarabağ probleminin dinc yolla həledilməsinə az da olsa meyl varmı? Yaxın gələcəkdə qarşı tərəfdən hansısa addım gözləmək olarmı?

- Mən heç vaxt bu problemin xoşluqla həll olunacağına inanmamışam. ATƏT-in Minsk Qrupunun da bu məsələlərdə hansısa dəyişikliyə nail olacağına da inanmamışam və parlamentdə də belə məsələ qaldırmışam ki, Minsk qrupunun 20 illik fəaliyyətsizliyi var, orda təmsil olunanlar,əsasən, Fransa və Rusiya da tərəfli mövqe tuturlar. Şübhəsiz ki, bu dövlətlərin hər birində erməni diasporu güclüdür və proseslərə təsir edir. Və ortada fakt da ondan ibarətdir ki, birinci mərhələdə ATƏT-in Minsk Qrupu Azərbaycanın zəif olduğu halda Qarabağı Ermənistana güzəştə getməsi yanaşması göstərirdi. Bu isə Azərbaycan üçün “Casus belli”, yəni qəbul olunmaz sayıldı.

İkinci mərhələdə isə dedilər ki, bəlkə Azərbaycan güclüdür, Ermənstan Qarabağı Azərbaycana qaytarsın. Bu isə Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfindən "Casus belli" elan olundu.

Amma indi mərhələdə belə bir mövqe var ki, tərəflər özləri razılaşsınlar, biz də məsələyə baxaq. Əgər tərəflər öz aralarında razılaşacaqlarsa, onda vasitəçiyə ehtiyac qalmır. Bu yanaşma da, təbii ki, prosesi uzatmaq, işğal faktını saxlamaq mahiyyəti daşıyır.

Mən bu yaxınlarda İrəvanda olarkən Sərkisyanla görüşdə də bildirdim bu məsələni. Sərkisyan hətta Dağlıq Qarabağı "dövlət" adlandıraraq israrla danışqılarınAzərbaycanla bu "dövlət" arasında getməli olduğunu vurğuladı. O, Azərbaycanın beynəlxalq hüquqi normalara riayət etmədiyini dedi.

Mənsə cavabında bildirdim ki, əgər Ermənistan BMT-nin 4 qətnaməsinə əməl edərsə, Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, o zaman Azərbaycan öz erməniəsilli vətəndaşları ilə danışmağa və hüquqlarını qorumağa hazırdır.

Mənim mövqeyim budur ki, bu məsələni nəzarətə Avropa İttifaqı götürsün, ATƏT-in Minsk Qrupunun fəaliyyəti isə arxa planda, informativ xarakterdə qalsın. Biz danışıqlara hazırıq, mövqeyimizi də daim göstərmişik. Amma Ermənistan xoşluqla bu işğaldan çəkilmək niyyətində deyil və sülh istiqamətində heç bir maraq göstərmirlər. İrəvanda olarkən erməni tərəfinin əhval-ruhiyyəsindən də görürdük ki, onlar mövcud vəziyyəti saxlamaqda israrlıdırlar.

Mən indiki zamanda Ermənsitanla hər hansı əməkdaşlığın əleyhinəyəm, danışıqlarda da məna görmürəm. Əlbəttə ki, hüquqi baza yaradılması üçün, beynəlxalq ictimai rəyin formalaşdırılması üçün müəyyən addımlar atılmalıdır, lakin fikrimcə, sonda Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməli olacaq.

- Azərbaycan silahlı qüvvələrinin Qarabağa daxil olacağı halda beynəlxalq ajiotajın, Azərbaycana qarşı təzyiqlərin olması fikri nə dərəcədə realdır?

- Bilirsiniz, BMT-nin 4 qətnaməsində də göstərilib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu dövlətin silahlı birləşmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Bundan artıq hüquqi sənəd olmaz ki. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün danışıq yoluna üstünlük verir, amma düşmən torpaqlarımızdan çıxmayacaqsa, hərbi yol qaçınılmazdır. Ajiotaj olsa da, olmasa da. Əlbəttə ki, Ermənsitanın arxasında Rusiyanın durduğu açıq-aşkar ortadadır.

Mən bu günlərdə Brüsseldə Belçika Federal Parlamenti Nümayəndələr Palatasındakı çıxışımda da bildirdim ki, Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir və bu məsələ olduğu kimi qiymətləndirilməlidir. Hər halda, danışıqlar nəticə vermirsə, Azərbaycan bütün imkanlardan istifadə etməlidir, o cümlədən müharibə variantından.

Əslində burda mübarizə yeni dünya düzəni quranlarla şər üçbucağı arasında gedir. Əgər yeni dünya düzənində demokratiya, sülh və əmin-amanlığa çalışılırsa, Rusiya, Çin və İran üçbucağı bunun əksini hədəf götürüb.

Biz indi nəyə çalışırıq? Belçikaya səfərimizdə də məqsəd o idi ki, Belçika parlamenti Qarabağla bağlı bir qətnamə qəbul etsin, həqiqətin nə olduğu bilinsin. Artıq bir neçə dövlətin parlamentindən müəyyən addımlar görülür. Hesab edirəm ki, biz hərbi əməliyyatlara başlayarkən, təkcə təzyiq yox, həm də dəstək görə bilərik. Buna çalışmaq lazımdır.

- ATƏT-in Minsk Qrupunun həmsədrli davamlı olaraq tərəflərin öz aralarındakı əlaqələri möhkəmləndirməsi, "Xalq diplomatiyası"nı davam etdirmək və digər tövsiyələrə çıxış edirlər. İndiyədək bu tövsiyələrdən hemç biri özünü doğrultmayıb və əraizlərimizin işğaldan azad olunması istiqamətində təsiri görülməyib.

Əgər bu tövsiyələr öz faydasını vermirsə, zamanla səsləndirilmiş təkliflər kənarda qalıbsa, həmsədrlər niyə davamlı olaraq eyni mövqe nümayiş etdirir, yeni təşəbbüslərlə çıxış etmirlər?

- Məsələ ondadır ki, hər hansı əməkdaşlıq işğalın aradan qaldırılmasından sonra mümkündür. Əgər torpaqlar azad edilərsə, Qarabağda doğulmuş erməni kökənli vətəndaşların da orada yaşaması mümkündür və Azərbaycan özünün erməni vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır. Bu barədə dəfələrlə Azərbaycan tərəfindən bəyan olunub.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tanınandan, bizim haqlarımıza hörmətlə yanaşılandan sonra, erməniəsilli Azərbaycan vətəndaşlarının digər vətəndaşlar kimi ölkədə yaşaması, yaradılan şəraitdən istifadə etməsi mümkündür.

Ermənilər öz müqəddəratlarını onsuz da bir dəfə müəyyən ediblər, bizim torpaqlarımızda dövləıt yaradıblar. İkinci dəfə biz onlara imkan verə bilmərik. Əməkdaşlığa hazırıq, sülhün tərəfindəyik, regionda sabitliyi dəstəkləyirik. Hər hansı əməkdaşlıq da, yalnız torpaqlarımızın azad edilməsindən sonra baş verə bilər.

Bunu həmsədrlər də bilir, lakin hələ də məsələnin həll edilməsi istiqamətində heç nə etmir. "Xalq diplomatiyası", "Xalqları sülhə hazırlamaq", "Kompromis" adı altında nəsə cəhd edilirsə, bu mümkün deyil. Azərbaycanin kompromisə gedə biləcəyi heç nə yoxdur,biz torpağımızdan işğalçının çıxmasını istəyirik.Ermənistan maksimalist mövqdən geri çəkilməlidir.

Hətta ATƏT-in Minsk Qrupunun ilkin mandatında da göstərilib ki, "status" məsələsi DQMV deyilən ərazilərdən kənar torpaqlardan işğalçılar çıxmayınca müzakirə predmeti ola bilməz.

- Azərbaycanın silahlanması, müdafiə sənayesinin gücləndirilməsi xarici dövlətlərin təzyiqinə səbəb ola bilərmi? Bu baxımdan böyük dövlətlərin Azərbaycana qarşı mövqeyi necə xarakterizə edilə bilər?

- Əvvəla, bizim ərazilərimiz işğal olunub, kimdən silah alırıq və yeni silahlar istehsal ediriksə, bunun heç bir dövlətə aidiyyəti yoxdur. Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququna malikdir. Ən əsası, Azərbaycan beynəlxalq hüquqi normalardan kənara çıxmır. Sadəcə son zamanlar Azərbaycanın İsraildən hərbi texnika alması İranda narahatlıq doğurub, bu barədə də Azərbaycan öz mövqeyini açıqlayıb.

- İrana olacaq hər hansı müdaxilədən sonra, orada yaşayan 40 milyona yaxın Azərbaycan türkünün taleyi ilə bağlı beynəlxalq güclərin maraqlarını necə qiymətləndirirsiniz?

- Mənimçün önəmli olan oradakı soydaşlarımızın öz iradəsidir.İran imperiyasında Azərbaycan türkü hüquqları uğrunda mübarizə aparır.

Azərbaycanın iki yerə prçalanmasından sonra tarixi şəraitdə quzeydə müstəqil dövlət qurulub, güneydə də qurulmalıdır. Dünyanın necə düşünməyindən asılı olmayaraq, ədalətli “status-kvo” Azərbaycanın tarixi-coğrafi ərazilərində dövlətinin bərpasıdır. Düşünürəm ki, biz bu hədəfə doğru getməliyik.

1949-cu ildə Almaniya Federativ Respublikasının konstitusiyası qəbul olunanda, bu sənədə Adenauerin təşəbbüsü ilə bir maddə salınmışdı ki, ölkənin şərqi qərbindən müvəqqəti olaraq ayrı düşüb. O vaxt buna etiraz edənlər də oldu, amma Adenauer öz mövqeyində durdu, 40 sonra da bu mövqe özünü doğrultdu.

İndi, dünyada kim necə düşünürsə düşünsün, milli hədəf və milli iradə əsasdır.

- Qarabağ problemi nə dərəcədə Abxaziya və Cənubi Osetiya problemi ilə müqayisə oluna bilər?

- Hesab edirəm ki, istənilən müqayisə qüsurludur. Bu məsələlərdə oxşar məsələlər də var, fərqli məsələlər də. Rusiyanın Qarabağ məsələsində ortaya qoyacağı mövqeyin Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyə oxşar olacağını da düşünmək yanlışdır.

Abxaziya və cənubi Osetiyada Rusiya qoşunları yerləşir, Gürcüstan da birbaşa olaraq Rusiya əsgərləri ilə üz-üzə gəldi.

Baxmayaraq ki, Rusiya Ermənistanın müttəfiqidir, öz ərazilərini Ermənistan işğalından təmizləmə cəhdinə analoji cavab gözlənilmir. Axı, Azərbaycan Ermənistan ərazisinə hücum etmək niyyətində deyil,biz torpaqlarımızı işgaldan azad etmək istəyirik Ona görə də, düşünmürəm ki, Rusiya Azərbaycana Gürcüstana olduğu kimi davransın.

Hətta Rusiyanın fərqli davranışını modelləşdirsək belə, mövqeyimizi dəyişə bilmərik. Rusiya anlamalıdır ki, Azərbaycan heç kimlə münasibətləri pozmaq niyyətində deyil, sıfır problemli qonşuluq siyasətində maraqlıdır. Biz Rusiyaya bərabər tərəf kimi baxırıq, əgər onlar da bizim hüquqlarımıza hörmət edərsə, biz tərəfdən də eyni münasibət göstəriləcək. Yox, kimsə işğalçıları müdafiə edəcəksə, biz də ona işğalçı kimi baxacağıq.

Rüfət Əhmədzadə

Publika.az
Bu xəbər oxucular tərəfindən 3100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed