Şrift:
Azərbaycanda “Olimpiya hərəkatı” idman proqramının yeni mövsümünə start verilib
21.11.2016 [15:02] - Gündəm, İdman
Noyabrın 21-də Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil, habelə Gənclər və İdman nazirliklərinin birgə tərəfdaşlığı ilə icra olunan “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.
MOK-un inzibati binasında keçirilən tədbirdə əvvəlcə “Olimpiya hərəkatı” proqramının ötən il uğurlu icrası nəticəsində qazanılan nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək cari mövsümdə proqramda nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov proqramın ölkəmizdə Olimpiya dəyərlərinin, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının qorunmasında “Olimpiya hərəkatı” proqramının müstəsna rolunu qeyd edib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel tədbirdə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayaraq, bu baxımdan “Olimpiya hərəkatı” proqramının mühüm rolunu diqqətə çatdırıb.

Proqramın yeni mövsümü ilə bağlı videoçarxın təqdimatından sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı-2015” ilk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün səmərəli fəaliyyətin təşkili məqsədini daşıyır.

“Olimpiya hərəkatı” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olimpiya hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed