Şrift:
«Novruz Güney Azərbaycanda yüksək səviyyədə qeyd olunacaq»
16.03.2012 [12:30] - Gündəm
Zəlimxan Məmmədli: «Onsuz da İran daim Novruz bayramı ilə bağlı mərasimləri dəyişdirmək təşəbbüslərində bulunub»

Cəlil Cavanşir: «Fars rejimi ilaxır çərşənbəni ləğv etməklə xalqımızın bayram sevincini boğmaq niyyəti güdüb»

Azərbaycana qarşı şantaj kampaniyası aparan fars-molla rejimi bu dəfə də Novruz bayramının üzərinə hücuma keçiblər. Belə ki, İranda hakimiyyət tərəfdarları olan bir sıra axundlar, o cümlədən ayətullah Nasir Məkarim Şirazi ilaxır çərşənbə mərasiminin ləğvini tələb edib. Onun fikrincə, guya Novruz bayramı ilə bağlı bəzi mərasimlər mövhumatçılığın əlamətidir. Sözügedən ayətullahın iddiasına görə bayramda odun qalayıb, od yandırıb üstündən atılmaq mövhumatdır və xurafatla bağlı bir ənənədir. Sözügedən mərasimlərlə bağlı əsassız iddialar səsləndirən Şirazi hətta utanmadan od yandırıb üstündən atılmaq ənənəsi haqqında ağzına gələni danışıb.
Ayətullah Safi Qolpayeqaninin nümayəndəsi axund Sistani Allahabadi isə deyib ki, əjdadlarımızın uzun əsrlər boyu novruzla bağlı mərasimləri yerinə yetirməsi bu gün bizim də mərasimə dəstək verib ona əməl etməyimizə səbəb olmamalıdır: «Çünki ağıllı insan xurafatla bağlı olan bu kimi mərasimlərdən çəkinməli, onun məhvinə çalışmalıdır».
Ayətullahlar fikirlərini onunla əsaslandırır ki, guya ilaxır çərşənbə zərdüştlük dini geniş yayılan zamanlarda qeyd edilirmiş. Ona görə də əsassız olaraq düşünürlər ki, ilaxır çərşənbənin qeyd olunması guya hansısa bir fəsadlara gətirib çıxarar.
«Borçalı» cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, ilaxır çərşənbənin ləğvini istəyən mollalar bununla Azərbaycan mədəniyyətinin zənginliyinə kölgə salmağa çalışırlar. Bu səbəbdən də həmin mərasimin ləğvini ortaya atıblar: «İranda uzun zamandır ki, ilaxır çərşənbə bayramının dini bayram olduğunu iddia edirdilər. Həm də uzun zamandır ki, bir çoxları onun ləğvinə çalışır. Çox şükür ki, millətimizin genetik yaddaşı bu bayramın ləğvinin reallaşmasına imkan verməyib. Həmin bayram islamdan çox-çox öncə mövcuddur və Azərbaycan türklərinin adı, mədəniyyəti və keçmişinin zənginliyilə bağlıdır. Fars düşüncəsi isə Novruz bayramını Azərbaycan türklərinin əlindən alaraq onu farslaşdırmağa çalışdı. Həmin istiqamətdə mübarizə bu gün də davam edir. İlaxır çərşənbənin ləğvilə bağlı fars mollalarının qaldırdığı əsassız məsələlər də məhz bu amildən qaynaqlanır. Onsuz da hər il fars-molla rejimi Novruz ərəfəsi illərdən bəri gələn bayram rituallarının başqalaşdırılması istiqamətində təşəbbüslərdə bulunur. İranın fars-molla rejimi mahiyyətcə Azərbaycan türkünə dost olmayıb və olmaq fikrində də deyillər. Onlar nə də, müsəlman dininin layiqli daşıyıcıları da deyil. Bu prizmadan yanaşdıqda onların nədən bizə münasibətdə mənfi rəydə olduqları, mədəniyyətimizi aşağılamaları və ermənilərə olan sevgisi başa düşüləndir».
Yazıçı publisist Cəlil Cavanşir isə dedi ki, İranın fars-molla rejimi Novruz bayramı ilə bağlı adət-ənənələrimizə sayğısız münasibət bəsləməklə bizə qarşı mənəvi terror həyata keçirirlər: «İran adlı məkanda aparılan iyrənc oyunların hamısı Azərbaycan xalqının mənafeyinə ziddir. İrandakı fars-molla rejimi hər vəclə çalışır ki, azərbaycanlıları aşağılasın. Ona görə də soydaşlarımızın milli bayramını da onlara çox görürlər. Bununla Azərbaycan mədəniyyətinin qədim olduğu, onun geniş rezonans doğura biləcəyindən qorxduqlarından bizə məxsus mədəni irsləri çalışırlar ki, ləğv etsinlər. Buna nail olmadıqda isə onu hər vəclə aşılamağa çalışırlar. Buradan görünür ki, fars-molla rejimi İranda yaşayan soydaşlarımıza qarşı siyasi terrorla yanaşı, həm də mənəvi terror həyata keçirir. Fars rejimi ilaxır çərşənbəni ləğv etməklə xalqımızın bayram sevincini boğmaq niyyəti güdüb. Ancaq buna baxmayaraq ümid edirəm ki, güneyli soydaşlarımız milli bayramı layiqincə qeyd edə biləcək. Molla və ayətullahlar heç vaxt bizə məxsus milli bayramların layiqincə qeyd olunmasına maneə ola bilməz. İslam dinindən bixəbər olan ayətullarlara layiqli cavab verməyin ən gözəl yolu məhz ilaxır çərşənbə bayramının adət-ənənəmizə uyğun olaraq layiqincə keçirilməsidir. Ümid edirəm ki, ayətullahların nə deməsindən asılı olmayaraq, Novruzla bağlı milli bayramımız Güney Azərbaycanda yüksək əhval-ruhiyyə ilə qeyd olunacaq».
Bu xəbər oxucular tərəfindən 2137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed