Şrift:
Gəncədə çoxmənzilli binalar yeni qayda ilə idarə oluna bilər
24.11.2016 [16:07] - Gündəm, Sosial
Bu gün Gəncə Dövlət Universitetində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi" mövzusunda Dəyirmi Masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin və təsərrüfat subyektlərinin nümayəndələri və mənzil mülkiyyətçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlar, bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq idarə edilməsi və lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul edilib ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Bildirilib ki, dövlət başçısının müvafiq fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsini təmin etmək İqtisadiyyat Nazirliyinə həvalə edilib. Bu istiqamətdə Nazirlik tərəfindən müvafiq işlər görülür. Belə ki, bu sahəyə dair zəruri məlumat bazası formalaşdırılıb, həmçinin normativ-hüquqi sənədlər hazırlanıb. Mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görülür.

Artıq 31 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, 40-a yaxın kondominiumun yaradılması üzrə işlər isə davam etdirilir. Nizami Qasımov mənzil-kommunal sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkilinin, Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.

Dəyirmi Masada çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva mənzil fondunun idarə edilməsi sahəsində bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin əməkdaşı Rauf Xəlilov çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi mövzusunda təqdimatla çıxış edib, yeni idarəetmə metodlarının üstünlükləri barədə məlumat verib.

Tədbirdə çıxış edən bələdiyyə nümayəndələri qüvvədə olan qanunvericilik aktlarında bələdiyyələrə kifayət qədər səlahiyyətlərin verildiyini qeyd edib, yerli özünüidarəetmə orqanları tərəfindən yeni idarəetmə metodlarının tətbiqi istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Sonra mənzil fondlarının idarə olunmasına dair müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara maarifləndirici materiallar paylanıb.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed