Şrift:
Azərbaycan və Türkmənistan arasında tranzit yükdaşımalara dair müzakirə aparılıb
28.11.2016 [10:46] - Gündəm, İqtisadiyyat, Türk dünyası-Turan
Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi” mövzusunda qlobal konfrans keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Tədbirdə BMT-nin bai katibi Pan Gi Mun, Əfqanıstan, Gürcüstan, Boliviya, Çernoqoriya, Avstriya dövlət başçıları və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Konfransda Azərbaycanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Konfrans ölkələr arasında nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə və inkişafına həsr edilib. Konfransda çıxış edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və BMT-nin baş katibi Pan Gi Mun bildiriblər ki, tədbir digər regionlarla yanaşı, həm də Xəzəryanı ölkələrin tranzit sahəsində əlaqələrinin genişləndirilməsində öz töhfəsini verəcək. Bu ölkələr Xəzər dənizi vasitəsilə Qara dənizə çıxış imkanlarını artıra bilərlər və bununla da, ticarət dövriyyəsini artırmaq mümkün ola bilər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov konfransda çıxışında ölkəmizin nəqliyyat sektorunun inkişafından söz azıb. C. Qurbanov Azərbaycanın unikal coğrafi mövqeyi və yaradılan şəraitin ölkəmizin iri tranzit mərkəzinə çevrilməsinə imkan yaratdığını vurğulayıb.

Konfrans çərçivəsində C. Qurbanov bir sıra ikitərəfli görüşlər də keçirib. Hindistanın yol-nəqliyyat və gəmiçilik naziri Pon Radhakrişnanla görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə dair müzakirələr aparılıb. C. Qurbanovun Türkmənistan baş nazirinin nəqliyyat və rabitə üzrə müavini Satlık Satlıkov, Türkmənistan dəmir yolu naziri Bayram Annameredov və Türkmənistan dəniz və çay nəqliyyatı xidmətinin rəisi Aman Qurdovla görüşündə hər iki ölkəni birləşdirən nəqliyyat dəhlizinin gələcək perspektivləri, Türkmənistan tərəfdə bərələrin operativ yüklənib boşaldılmasına dəstək verilməsi, Türkmənbaşı limanında dəniz dibinin dərinləşdirməsi üzrə işlərin aparılması və “Ro-Ro” tipli bərələrin marşruta buraxılması məsələləri diqqət mərkəzində olub. Dibin dərinləşməsi ağır tonnajlı gəmilərin limana daxil olmasına şərait yaradacaq və digər gəmilərin zədələnməsinin qarşısını alacaq. “Ro-Ro” tipli bərələrin marşruta buraxılması isə yüklərin birbaşa vaqonlarla gəmilərə daxil olmasına şərait yaradacaq və əlavə boşaltma-yükləmə əməliyyatına ehtiyac qalmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovla da ikitərəfli görüş keçirib. Danışıqlarla iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri və tranzit imkanlar haqda müzakirələr aparılıb. Görüşdə bu sahədə Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın böyük perspektivi olduğu vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed