Şrift:
18 milyonu İslama gətirən, dünyanı silkələyən “Çağrı” filmi haqda şok faktlar
28.11.2016 [11:08] - Xəbərlər, Mədəniyyət
1948-ci il, Suriya, Dəməşq aeroportu. Hava limanında təyyarə gözləyən 18 yaşlı oğlan atası ilə söhbət edir. Onlar bir qədər danışdıqdan sonra ata 200 dolları və Qurani-Kərimi oğluna verir və onu bir daha görməyəcəyini zənn edərək Amerikaya yollayır.
Suriyalı atanın ABŞ-a göndərdiyi oğlu gələcəyin dünya şöhrətli prodüseri və rejissoru, Yer üzünün əksər ölkələrində milyonlarla tamaşaçının sevə-sevə izlədiyi “Çağrı”, “Ömər Muxtar” filmlərinin yaradıcısı Mustafa Akkad idi. O film ki, çəkilişlərindən sonrakı 30 il ərzində Yer üzünün müxtəlif ölkələrində yaşayan 18 milyona yaxın insanı İslam dininə gətirəcəkdi.
Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində bütün dünyada bu gün də sevilə-sevilə baxılan, milyonlarla seyrçisi olan “Çağrı” filmi, habelə onun yaradıcı heyəti – aktyorları, rejissoru və bəstəkarı barədə maraqlı faktları təqdim edir.
ABŞ-dan islama açılan yol
Amerikaya üz tutan 18 yaşlı Mustafanın bu ölkədə hara gedəcəyi, harada qalacağı bəlli deyildi. Çünki ABŞ-da kimi-kimsəsi yox idi. Lakin həyatda özünə əminliyi və zəhmətsevərliyi ilə seçilən gənc Kaliforniya Universitetinə qəbul olundu. Gecə-gündüz çalışaraq, bəzi günlər hətta yalnızca 2 saat yatan Mustafa universiteti əla qiymətlərlə bitirdi.
Universitetdə rejissor Sem Pekinpahla tanışlıq Mustafanın həyatını tamam dəyişdirdi. Hollivudda Akkadın müəllimi olan Pekinpah onu Əlcəzair inqilabı haqqında çəkilmiş filmə məsləhətçi kimi işə götürdü.
Məhəmməd Peyğəmbərin kinosundan imtina edən islam ölkələri
Beləcə, Mustafa Akkadın kinoya yolu açıldı. Onun 1976-cı ildə lentə aldığı “Məhəmməd – Allahın elçisi” filmi 1977-ci ildə ABŞ-da “Çağrı” adıyla ekranlara çıxdı. Aktyor bu filmə görə saysız-hesabsız məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. İlk öncə Hollivud çəkilişə rədd cavabı verdi.
Küveyt, Liviya və Mərakeş hökumətləri filmin çəkilişinə maddi kömək edəcəklərini vəd verdilər. Lakin Ümumdünya Müsəlman Liqasının rədd cavabından sonra əvvəlcə Küveyt, sonra isə Mərakeş filmdən əlini çəkdi. Hətta Mərakeş kralı 600 nəfərlik çəkiliş qrupu ilə filmin 15 dəqiqəsini lentə almış Mustafa Akkada ölkəni tərk etmək üçün 2 həftə vaxt verdi.
Qəddafi: “İslami filmə yardım göstərmək boynumun borcudur”
Belə olduqda Akkad Liviya lideri Qəddafiyə üz tutdu. Ölkə başçısı 15 dəqiqəsi lentə alınmış filmə baxdıqdan sonra “Filmin çəkilməsi üçün lazım olan səhra bizdə, pul bizdə. Filminizi çəkin”, - deyərək ekran əsərinə dəstəyinə vəd verdi.
Qəddafinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bu gözəl filmin çəkilişləri başa çatdıqdan sonra Mustafa Akkad Liviya rəhbərinə onun adının sponsor kimi filmin titrlərinə salmaq niyyətində olduğunu deyir. Lakin Qəddafi “İslamı dünyaya tanıdan filmin çəkilişinə yardım göstərmək boynumun borcudur”, - deyərək adının xeyriyyəçi kimi filmə salınmasına etiraz edir.
2 ildə 21 min insanı islama gətirdi
Filmin ekranlara çıxmasından sonrakı 2 il ərzində 21 min adam İslamı qəbul etdi. Bu arada digər maraqlı faktı da diqqətinizə çatdırmaq istərdik. Məsələ burasındadır ki, “Çağrı” filmi 2 dəfə, eyni yerdə, eyni vaxtda, ayrı-ayrı aktyorların iştirakı ilə, iki variantda çəkilib. Yəni Entoni Kuin çəkilişlərdə dincələrkən ikinci “Həmzə” rolunu canlandıran ərəb aktyoru “Çağrı”nın ikinci variantında çəkilirdi.
Yeri gəlmişkən daha bir maraqlı fakt: Mustafa Akkadın peyğəmbərin həyatlı haqda eyni vaxtda, eyni yerdə çəkdiyi filmin ikinci variantının adı “Er Risale” https://archive.org/details/Er-Risale-Arapca idi. Bu filmdə ərəb dilində lentə alındı və əsas rolları ərəb aktyorları oynadılar. Himin film indiyədək telekanallarımızda nümayiş etdirilməyib. Biz ancaq “Çağrı”nın digər variantına baxmışıq.
İki aktyorun ölümünə səbəb olan xərçəng
“Çağrı”nın əsas qəhrəmanlarından olan Entoni Kuinn (Antonio Rodolfo Kinn Oahaka) iki dəfə Oskar mükafatı laureatı olmuş məşhur aktyor idi. “Çağrı”da Məhəmməd Peyğəmbərin əmisi Həmzəni canlandırmış aktyor bu rolundan sonra İslama sevgisinin artdığını bəyan etmişdi. O, 2001-ci ilin ABŞ-ın Boston şəhərində xərçəng xəstəliyindən vəfat edib.
Maraqlıdır ki, filmin əsas müsbət qəhrəmanlarından olan müəzzin (azan verən - A.T.) Bilal rolunu canlandıran Seneqal-Qambiya əsilli Britaniya aktyoru Conni Sekka da Entoni Kuinn kimi xərçəng xəstəliyindən vəfat edib.
Filmin əsas mənfi qəhrəmanı, “Əbu Süfyan” rolunu oynayan Maykl Ansara Suriya əsilli Amerika aktyorudur. Bir neçə filmdə və serialda epizodik rolla çəkilmiş Maykl Ansara 2013-cü ildə 91 yaşında vəfat edib.
“Çağrı”nın baş qadın mənfi qəhrəmanı İren Papas yunan kinoaktrisası, müğənnidir. Hazırda ömrünün 90-cı payızını yaşayır.
“Həmzə”ni öldürdüyü üçün işini itirən, hələ də küçəyə gizli şəkildə çıxan aktyor
Filmdə “Vəhşi“ epizodik rolunu oynamış Salem Gedaranın “Çağrı”da bu rola çəkilməsi sözün əsil mənasında onun başına bəla olub. Rejissor Mustafa Akkadın müsahibələrindən: "Film çəkildikdən bir neçə il sonra məni “Vəhşi” rolunu oynamış adam axtardı və təhqir etdi. Nə olduğunu soruşanda belə cavab verdi – Filmdə Həzrət Həmzəni öldürdüyümə görə küçədə insanlar mənə hücum edirlər”.
Qeyd edək ki, Qana əsilli Salem Gedara hətta bu mənfi roluna görə iş yerini də itirib.
“Çağrı”nın rejissoru ilə görüşəndə “Allah səni bildiyi kimi etsin. Həyatımı məhv etdin. “Vəhşi” roluna görə insanlar arasına çıxa bilmirəm”,- deyən Salem Gedara böyük çətinliklərlə qarşılaşmasından şikayətlənib.
Buna görə də Mustafa Akkad onun yeni işlə təmin olunmasına köməklik göstərib. Yeri gəlmişkən, Salem Gedara həmin roluna görə indi də çətinliklə qarşı-qarşıyadır. Buna görə də saçlarını uzadıb ki, insanlar onu tanımasın. Çünki hələ də onu tanıyanlar təhqirlərindən əl çəkmirlər.
Aktyorlar “Həmzə” üçün “Vəhşi”ni...
Filmlə bağlı növbəti maraqlı fakt bəzi müsəlman aktyorların çəkiliş vaxtı özlərini İslama sadiq göstərmələridir. Məsələ burasındadır ki, “Vəhşi”nin “Həmzə”ni qətlə yetirdiyi epizod nə az, nə çox düz 5 dəfə çəkilib. Çünki aktyorlar “Həmzə”ni o qədər sevirdilər ki, onlar çəkiliş vaxtı sıx dayanaraq “Vəhşi”nin - Salem Qedaranın “Həmzə”ni öldürməsinə imkan vermirdilər. Yəni onlar “Həmzə”ni doğrudan da qoruyurdular.
“Çağrı”ya görə aylarla səhrada yaşayan bəstəkar
“Çağrı” haqda yazarkən bu filmin gözəl musiqisinin yaradıcısından bəhs etməmək insafsızlıq olardı. Məsələ burasındadır ki, Peyğəmbərimizin həyatını canlandıran ekran əsərinin insanın ruhunu oxşayan musiqilərinin müəllifi fransız bəstəkarı Moris Jarrdır. Üç dəfə Oskar mükafatı almış Moris Jarr “Çağrı”nın musiqilərini bəstələmək üçün bir neçə ay səhra şəraitində tək yaşamalı olub.
“Səhranın atmosferini ruhumda hiss etmədən bircə not yaza bilməzdim”, – deyən bəstəkar bir neçə ay tək-tənha qalır və İslam haqda kitablar oxuyur. Film ekranlara çıxdıqdan sonra isə deyir: “Çağrı”da həyatımın ən gözəl mahnısını bəstələdim və bu filmin mahnısını bəstələməkdən qürur duyuram”.
Anar Tağıyev[right][/right]
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed