Şrift:
Balacalara sevinc bəxş edən teatr
29.11.2016 [08:12] - Gündəm, Afişa
Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivi bu ilin ötən dövrü ərzində Çingiz Ələsgərlinin “Yabançı dostlar”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, Süleyman və Həmidiyyə Ləpitovların “Kral və əks-səda”, Ağaxan Salmanlının “Huşlu dovşan və saxta həkim”, Təzahür Mehdiyevin “Xoş gəlmisən Yeni il” əsərləri əsasında tamaşa hazırlayaraq balacalar qarşısında çıxış edib. Yaradıcı kollektiv tərəfindən məharətlə oynanılaraq Salyan və ətraf rayonların balaca tamaşalarının rəğbətini qazanan bu səhnə əsərlərinə teatrın baş rejissoru Rafiq Mirzə quruluş verib.

Teatrın direktoru Yavər Cəbrayılov AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda 23 nəfərin çalışdığı Salyan teatrının ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram Teatrı fəaliyyət göstərib. Müharibə dövründə təşkil olunan bu teatr dövrünün nümunəvi sənət ocaqlarından olub. Dram teatrı olmasına baxmayaraq yaradıcı heyətin istedadı nəticəsində səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı və başqaları bu teatrın yetirmələridir.

Hazırda teatrın kollektivi Süleyman və Həmidiyyə Ləpitovların “Kral və əks-səda” əsəri əsasında tamaşa hazırlayır. Artıq məşqlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə tamaşa Salyan və ətraf rayonlarda balacalara nümayiş etdiriləcək.

Bildirilib ki, fəaliyyətə başlayandan bu günə kimi teatrda 60-dan artıq tamaşa hazırlanaraq nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed