Şrift:
Daha bir ölkə Azərbaycanı qardaşı elan etdi
19.03.2012 [12:53] - Gündəm
Argentina Milli Konqresinin yuxarı palatası olan Senat “Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat” adlı sənəd qəbul edib. Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən verilən məlumata əsasən, sənədin müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir.

Sənəddə deyilir ki, Argentina 9 mart 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və həmin vaxtdan etibarən iki ölkə dostluq əlaqələrinə və əməkdaşlığa malik olublar. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. 23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb.

Sənəddə vurğulanır ki, Azərbaycan və Argentina bir-birini tamamlayan imkanlara, xüsusilə də elm-texnologiya, enerji, kənd təsərrüfatı sahələrində geniş əməkdaşlıq potensialına malikdirlər. Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərə çarpan inkişaf müşahidə olunur və yalnız 2010-cu ildə ticarət dövriyyəsi 44% artıb.

Sənəddə habelə, qeyd olunur ki, geniş imkanlar vəd edən Azərbaycan-Argentina əməkdaşlığı hər iki ölkənin bir-birində diplomatik nümayəndəliyinin təsis etməsinə zəmin yaradıb. Məhz bu məqsədlə Azərbaycanın 2010-cu ildə Buenos-Ayresdə səfirliyi fəaliyyətə başlayıb və nəhayət bu il Argentina hökuməti də Bakıda səfirlik açmaq qərarına gəlib.

Sənədin yekununda Azərbaycan Respublikasında Argentinanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı 273/2012 saylı dekretin alqışlandığı bildirilir.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina prezidenti Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalayıb və 2 mart tarixində Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan hökumətinə təqdim edib.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed