Şrift:
Hesablama Palatası SKMF-nin maliyyələşdirilməsini dayandırmağı təklif edir
29.11.2016 [14:52] - İqtisadiyyat
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərə yönəlmiş vəsaitlərinin vaxtında geri qaytarılmasında problemlər daha da dərinləşir.
Bu barədə Hesablama Palatasının 2017-ci il büdcə zərfinə dair hazırladığı rəyə istinadən xəbər verir.
"Hesablama Palatası tərəfindən həyata keçirilmiş təhlillərə əsasən, SKMF-nin kredit portfelinin kifayət qədər böyük həcmli olması (2016-cı il oktyabrın 1-nə - 1 021,19 mln. manat) fonunda Fondun vəsaitlərinin təyinatına uyğun istifadə olunması məqsədilə istər Fond, istərsə də müvəkkil kredit təşkilatları tərəfindən keçiriləcək monitorinqlərin nəticəlilik baxımından keyfiyyətinin və əhatəliyinin artırılması istiqamətində zəruri tədbirlərin gücləndirilməsinin məqsədəuyğunluğunu bildiririk", - deyə məlumatda qeyd olunub.
Təqdim olunmuş məlumatlara əsasən, 2016-cı il yanvarın 1-nə Fonda öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kredit, faiz və cərimə məbləğlərinin cəmi 40,786 mln. manat təşkil etmişdirsə, 2016-cı il oktyabrın 1-nə bu məbləğ 22,834 mln. manat və ya 56% artaraq 63,619 mln. manatı keçib.
Bundan başqa, Fondun vəsaitləri ilə sahibkarların layihələrini maliyyələşdirən bəzi müvəkkil kredit təşkilatlarının lisenziyalarının ləğv edilməsi ilə bağlı Fond qarşısında olan öhdəliklərin yerinə yetirilməsində mövcud olan risklər daha da kəskinləşib. 2016-cı il oktyabrın 1-nə SKMF-in müvəkkil kredit təşkilatlarında kredit vəsaitlərinin qalığı 1 021,19 mln. manat olduğu halda, bundan lisenziyaları ləğv olunmuş banklarda olan vəsait qalıqları 201,366 mln. manat, yəni 19,7% təşkil edib. Bu risklər istər lisenziyası ləğv edilmiş kredit təşkilatlarının mövcud olan layihələrin müvafiq monitorinqlər vasitəsi ilə icrasına, istərsə də Fond qarşısında olan öhdəliklərin vaxtında icrasının təmin edilməsinə aiddir.
Qeyd edək ki, Hesablama Palatası SKMF-in vəsaitləri ilə sahibkarlıq fəaliyyəti üzrə layihələri maliyyələşdirən bəzi müvəkkil kredit təşkilatlarının lisenziyasının ləğvi ilə bağlı Fond qarşısında olan öhdəliklərin yerinə yetirilməsində mövcud olan risklərin daha da kəskinləşməsini, habelə, SKMF-in kredit portfelinin kifayət qədər böyük həcmli olmasını, sahibkarlara verilən güzəştli kreditlər üzrə qaytarılan vəsaitlərin proqnoz həcminin mütəmadi olaraq artmasını nəzərə alaraq qanun layihəsində dövlət büdcəsindən SKMF-ə 2017-ci ildə vəsaitin ayrılmamasını zəruri addım kimi qiymətləndirir.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən SKMF-ə 2002-2015-ci illər ərzində 932,2 mln. manat vəsait ayrılıb, bununla yanaşı verilmiş kreditlər üzrə Fonda qaytarılmalar, habelə faizlər, digər ödənişlər və daxilolmalar 825,815 mln. manat təşkil edib. 2016-cı ilin dövlət büdcəsində SKMF-ə 70 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, bunun da icrasının tam təmin edilməsi gözlənilir.
Cari ilin 9 ayı ərzində SKMF-ə dövlət büdcəsindən 51,212 mln. manat vəsait ayrılıb, Fonda qaytarılmış kredit vəsaitləri, faizlər, digər ödənişlər və daxilolmalar 96,451 mln. manat olub.
Ümumilikdə, 2016-cı il oktyabrın 1-nə SKMF-in vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlara verilən 1 875,274 mln. manat kreditin 959,422 mln. manatı dövlət büdcəsi vəsaiti hesabına, 915,852 mln. manatı isə qaytarılmış kredit vəsaitləri və faizlər hesabına maliyyələşdirilib.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed