Şrift:
“Bakutel-2016” sərgi-konfransı çərçivəsində bir neçə anlaşma memorandumu imzalanıb
01.12.2016 [10:13] - Gündəm, İqtisadiyyat
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel-2016” sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun “Geoinformasiya idarəetmə sistemləri” holdinqinin idarə şirkəti - “AGAT-idarəetmə sistemləri” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sənəd “AGAT-idarəetmə sistemləri” ASC-nin direktorunun birinci müavini Qoryaçko Dmitri və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov tərəfindən innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq imzalanıb.

Beş il müddətinə qüvvədə olacaq bu sənədə əsasən birgə əməkdaşlıq çərçivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perspektivli innovasiya layihələrinin birgə inkişaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması və sair kimi əhəmiyyətli müddəalar icra ediləcək.

Bununla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Türkiyənin elmi və texnoloji araşdırma qurumu - İnformatika və Məlumat Təhlükəsizliyi Yüksək Texnologiyalar üzrə Araşdırma Mərkəzi (TÜBİTAK BİLGEM) və “Hava Elektronik Sanayi ve Ticaret A.Ş.” (HAVELSAN) şirkətləri arasında da Anlaşma Memorandumu imzalanıb.

Sazişə əsasən Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin açıq açar infrastrukturunun inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər və tərəflər bu istiqamətdə 3 il müddətinə qüvvədə olacaq müddəalara imza atıblar.

Tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəliblər.

Qeyd edək ki, sərgidə iştirak edən Moldovanın İnformasiya Texnologiyaları nazirinin müavini Vitali Çolakla da Məlumat Hesablama Mərkəzinin xidmətləri barədə əməkdaşlıq əlaqələri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed