Şrift:
Prezident Sabunçu və Suraxanı rayonlarında yenidən qurulan avtomobil yollarının açılışında iştirak edib
08.12.2016 [14:25] - Sosial
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun və Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bu yol “Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat–Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.
Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib, inşaatçılarla söhbət edib.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed