Şrift:
Israildən alınan silah sistemlərinin təyinatı məlum oldu
27.03.2012 [13:35] - Hərb
Azərbaycana satılan “Arrow” dünyada yeganədir və “Yer-Yer” tipli istənilən raketi zərərsizləşdirir.


Azərbaycanın İsraildən aldığı 1.6 milyard dollarlıq silah sistemlərinin təyinatı üzə çıxıb. Hərbi qaynaqlardan məlum olub ki, bu silahlar iki il davam edən gərgin danışıqlardan sonra alınıb və Azərbaycan ərazisini "Yer-Yer" tipli istənilən raketlərin hücumlarından qoruya biləcək. Xəbər verildiyi kimi, İsrailin Azərbaycana satdığı silah sistemlərinə raketdən müdafiə sistemləri və uzaq məsafəyə uça bilən pilotsuz kəşfiyyat təyyarələri daxildir.

Bu silah sövdələşməsi regionda narahatlıq yaradıb və İranın Bakıya nota verməsinə səbəb olub. Azərbaycan müdafiə naziri İrana səfər edərək Tehranı inandırmağa çalışıb ki, həmin silahlar bu ölkəyə qarşı istifadə edilməyəcək. Bununla belə, silah sistemlərinin strateji təyinatı bir sıra ekspertlərdə onların həm də İranın mümkün hücumlarına qarşı yönələcəyinə dair fikirlərə səbəb olub. İsraildən göndərilmiş hərbi mütəxəssislərin böyük qrupu hazırda azərbaycanlı həmkarlarına həmin silahlarla işləmək üçün təcrübə keçir.
Hərbi qaynaqlardan məlum olub ki, İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir. "ARROW" raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı "ARROW" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.
Hərbi qaynaqlardan bildirildiyinə görə, “Arrow” sistemi Ermənistanın malik olduğu istənilən tip “Yer-Yer” raketlərini neytrallaşdırmaq qabiliyyətindədir. Həmçinin İran ballistik raketlərinin də bu “ağıllı sistemi” keçmək imkanları olduqca zəif dəyərləndirilir. Qeyd olunmalıdır ki, Rusiyanın özündə belə bu cür etibarlı raketdən müdafiə sistemləri mövcud deyil. Bu baxımdan Azərbaycanın İsraildən həmin strateji silah sistemlərini alması regionda qüvvələr balansını dəyişə biləcək amildir. Xatırladaq ki, İsrailin Azərbaycana satdığı silahlar arasında böyük məsafələrə uça bilən, daha uzun müddət havada qala bilən və hədəfi dəqiq vuran raketlərlə təchiz olunmuş “Heron”, “Seacher” pilotsuz kəşfiyyat təyyarələri, radioelektron kəşfiyyat vasitələri də daxildir.
Bu xəbər oxucular tərəfindən 3077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed