Şrift:
"Şəki və onun tarixi hissəsi" YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər
13.12.2016 [11:29] - Xəbərlər, Mədəniyyət
“Şəki və onun tarixi hissəsi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində S.Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.

Görüş zamanı nazir müavini üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə ehtiva edir.

Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.

Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed