Şrift:
Fərəc Quliyev:-Yəhudilər dünyanın hər yerində Azərbaycanı mütəmadi olaraq təmənnasız müdafiə edirlər
15.12.2016 [10:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Yəhudilər dünyanın hər yerində Azərbaycanı mütəmadi olaraq təmənnasız müdafiə edirlər".

Bunu Toplum.Tv-yə deputat Fərəc Quliyev Azərbaycan-İsrail münasibətlərinin İran və Ermənistanda narazılıqla qarşılanmasını şərh edərkən deyib.

O bildirib ki, hər iki dövlətə fikir vermədən Azərbaycan özünün mənafelərinə uyğun siyasət yürütməlidir: "İranın verdiyi bəyanata baxanda görürsən ki, bu tamamilə apsurd bəyanatdır. Bunlar Netahyahunun müsəlmanlara qarşı elədikləri hərəkətləri əsas götürərək irad bildirirlər. Amma İran özü Ermənistana qucaq açır, bir gün onun prezidentini Tehranda qəbul edir, bir gün İran prezidenti Yerevana gedir, qardaş ölkələrik deyirlər, hətta bir-birlərinə qardaş xalqlarıq belə deyirlər. Ermənistana nəfəsi elə İran verir. Bütün təminatı və ticarət dövriyyəsində əsas ağırlıq İranın üzərinə düşür. Bu gün İran olmasa, Ermənistanın iqtisadiyyatı çox asanlıqla iflas edərdi. İran bütün bunları edə-edə bizə də kiminləsə dostluğumuzu irad tutur. Bu həm bizim işimizə qarışmaqdır, həm də bununla Azərbaycanın güclənməsində maraqlı olmamalarını ortaya qoyurlar. Çox riyakar bir siyasət yürüdürlər. Onların ayatullaları bəyan edir ki, qəsb olunmuş torpaqlarda dəstəmaz almaq olmaz. Amma özləri Azərbaycanın talanmış var-dövlətini, bütün oduncaq materiallarını, çinarlarını, Kəlbəcərdən filiz yataqlarını və s hamısını İrana və yaxud İran vasitəsilə başqa ölkələrə ötürməklə məşğuldular. Yəni riyakar bir davranışdır və Azərbaycanın işlərinə qarışmaqdır".
"Mən hesab edirəm ki, bunlarla belə yumşaq danışmağa dəyməz. Mollaların ağzından vurulmalıdır və "bizim işimizə qarışmayın" deyilməlidir. Amma Ermənistanın münasibəti təbii ki, aydındır. Onlar aprel döyüşlərindən sonra bir taym-aut götürdülər və ağalarının Rusiyanın vasitəsilə güclənməyə çalışdılar. Yeni raket kompleksləri aldılar və İsrailin bizi silahlandırmasına, onların aldıqları silahlara daha alternativ silahlarla silahlandırmasına qəzəblidirlər və təbii istəmirlər bizim İsraillə münasibətlərimiz ortada olsun. Ermənistanı başa düşmək olar, bizimlə müharibədədir və bizimlə müharibə apardıqları üçündə bizim zəif düşməyimizdə maraqlıdır. Amma İranın mahiyyəti bir daha üzə çıxır. İrana qarşı xüsusi nota ilə çıxış etmək, onların bizim işimizə qarışmamalarını tələb etmək lazımdır. Azərbaycanın İsraildə səfirliyinin açılmasına məsələsinə gəldikdə isə mən bir dəfə parlamentdə bu məsələni qaldırmışdım. İndi də o fikirdəyəm ki, mütləq Azərbaycanın İsraildə səfirliyi açılmalıdır. O qədər İsraildən qat-qat əhəmiyyətsiz dövlətlərdə bizim səfirliyimiz var ki. Amma İsraildə olması vacibdir. İsrailin həm dövlət olaraq özü, həm də ümumiyyətlə yəhudilər dünyanın hər yerində Azərbaycanı mütəmadi olaraq təmənnasız müdafiə edirlər. Azərbaycanda gördükləri o xoşgörüdən, o tolerantlıqdan, hörmətdən dolayı həmişə Azərbaycana xoş münasibətləri olub. Dövlət olaraq da heç kimdən çəkinmədən Azərbaycanın müstəqilliyi ilə bağlı olaraq bəyanatlar verməkdə, bizim silahlanmağımızda açıq şəkildə iştirak etməkdə, silah növlərini yaratmaqda iştirak etməkdə İsrail qətiyyən tərəddüd etməyib. Ona görə də İsraildə Azərbaycan səfirliyinin olmasının zamanı çoxdan çatıb”, - deputat bildirib.

Vüsal Əfəndi
Toplum.Tv

Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed