Şrift:
Azərbaycanda iqlim dəyişikliklərinə daha çox məruz qalmış regionlar müəyyənləşdiriləcək
17.12.2016 [11:40] - Gündəm, İqtisadiyyat
Azərbaycanda iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri ölkənin regionları üzrə qiymətləndirilərək, həssaslıq dərəcəsi müəyyənləşdiriləcək və gözlənilən itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya və təsirlərin azaldılması planı hazırlanacaq.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Sənəddə bildirilib ki, ölkədə iqlim dəyişikliklərinə daha çox məruz qalmış regionlar müəyyənləşdiriləcək. İqlim dəyişmələri zamanı yarana biləcək zərərin ilkin məbləği hesablanacaq və zərərin aradan qaldırılması üçün ehtiyac olan investisiya həcmi müəyyənləşəcək.
“Aqrometeoroloji məlumatların kənd təsərrüfatı sahəsində tətbiqinin genişləndirilməsi, bu məlumatların bülleten, icmal formasında müasir tələblərə uyğun tərtibatı, informasiya vasitələrində aqrometeoroloji şərh və icmalların yayımlanması, əkin və otlaqların müayinələri, torpağın aqrohidroloji xüsusiyyətlərinin tədqiqi üzrə ekspedisiyaların təşkili ilə bağlı fəaliyyət genişləndiriləcək. Aqrometeoroloji proqnoz metodları inkişaf etdiriləcək, əkin sahələrində və otlaqlarda torpaqların rütubətliliyi, torpaq səthindən buxarlanma üzərində müşahidə işləri gücləndiriləcək. Kənd təsərrüfatı ilə bağlı qurumlar üçün bu məlumatların əlçatanlığı təmin ediləcək”.
Sənəddə qeyd edilib ki, dünya təcrübəsində hava şəraitinə dolu yağmasına görə baş verə biləcək fəsadların qarşısının alınması və ya azaldılması, müvafiq ərazidə (ərazilərdə) kənd, meşə və kommunal təsərrüfatların maraqlarına uyğun olaraq yağıntıların çoxaldılması və ya azaldılması və s. səbəblərə görə müdaxilə edilir. Ölkənin ehtiyaclarını nəzərə alaraq, kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması istiqamətində iş aparılacaq: “Müvafiq tədbirlərin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək problemləri də nəzərə alaraq, bu sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdiriləcək. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərinin azaldılması tədbirləri də nəzərə alınmaqla, bu sahədəki müvafiq qurumlar arasındakı fəaliyyətləri koordinasiya edən işçi qrupun yaradılması imkanlarına baxılacaq”.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed