Şrift:
Azərbaycanda xüsusi ət kəsimi və satışı mərkəzləri yaradılır
17.12.2016 [11:52] - Gündəm, Sosial
Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində müvafiq tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılmasına başlanılıb.
Bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Sənədə görə, artıq Bakı şəhərinin ərazisində bu cür 3 satış mərkəzinin təşkili üçün yerlər müəyyən olunub, onların tikilməsi üçün müvafiq layihələndirmə işləri aparılıb.
Qeyd edək ki, ölkədə diri heyvanların və heyvan ətinin topdansatışı ölkənin 23 şəhər və rayonundakı 36 bazarda həyata keçirilir. 10-u Bakı şəhərində və 3-ü Sumqayıt şəhərində fəaliyyət göstərən bu bazarlar ət kəsimi və satışı mərkəzləridir. Diri heyvanların ən böyük topdansatış bazarları isə İmişli, Ağcabədi, Bərdə, Göygöl, Salyan və Sabirabad rayonlarında yerləşir. Heyvandarlıq məhsullarının satışı sahəsində əsas problem müvafiq standartlara uyğun ət kəsimi və satışı infrastrukturunun kifayət qədər inkişaf etməməsidir.
"Kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun inkişaf etdirilməsi üçün ənənəvi “kolxoz bazarları”na keyfiyyət alternativi kimi “yaşıl market”lər şəbəkəsinin, müvafiq tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması, habelə “dəyər zənciri” layihələri əsasında pilot “fermer mağazaları”nın yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsinə ehtiyac vardır. Ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı məhsulları sahəsində ixtisaslaşmış topdansatış bazarlarının yaradılması xüsusilə aktualdır. Hazırda ölkənin regionlarında müxtəlif kənd təsərrüfatı məhsullarının saxlanılması və ya tədarükü üzrə 212 anbar, o cümlədən 103 taxıl anbarı mövcuddur.
Bu anbarların bir çoxu saxlama xidmətləri göstərmir və onlar ya emal müəssisələrinin, ya da ticarət şəbəkələrinin nəzdindədir. Taxıl anbarlarının da böyük hissəsi dövlət taxıl ehtiyatlarının saxlanılması məqsədinə xidmət edir. Həmçinin, bu anbarların regionlar üzrə bölgüsü də həmin regionların istehsal potensialına müvafiq deyildir. Buna görə də istehsalçılar öz məhsullarını daha çox yığım dövründə satmaq məcburiyyətində qalırlar ki, bu da mövsüm dövründə qiymətlərin aşağı olması ilə bağlı, satışın istehsalçılar üçün əlverişsizliyini şərtləndirən daha bir təsirli amildir.
İxrac bazarlarına məhsul daşınmasında dəmir yolu nəqliyyatı da mühüm paya malikdir. Hava və su nəqliyyatı ilə daşımaların payı çox cüzidir. Hazırda kənd təsərrüfatı məhsullarının həm ölkə daxilində, həm də ixrac bazarlarına daşınması ilə bağlı bəzi maneələr mövcuddur. Belə ki, daşıma xidmətləri göstərənlər ucqar kəndlərdən, xüsusilə də yolları təmirsiz olan kəndlərdən nisbətən yüksək daşıma haqqı tələb edirlər. Bu fakt, son illər ərzində kənd yollarının təmir olunması istiqamətində görülən genişmiqyaslı işlərə baxmayaraq, məsələnin hələ də bir sıra yerlərdə aktual olduğunu göstərir. Ümumilikdə isə kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı lazımi səviyyəyə çatmadığından, kənd təsərrüfatı məhsullarının daşınmasında müvafiq keyfiyyət tələbləri kifayət qədər nəzərə alınmır. İxracatçılarla aparılan müzakirələr göstərir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir və ixracatçılar xarici ölkələrin avtonəqliyyat parkından asılıdırlar ki, bu da daşımanın stabil və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır", - deyə sənəddə qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed