Şrift:
Ruslar İbrahim xanı niyə güllələdi? - xanın öldürülməsində erməni izi
17.12.2016 [12:24] - Xəbərlər, DAVAMın yazıları
Erməni məlikləri tərəfindən qızışdırılan mayor Lisaneviç o dərəcədə azğınlaşmışdı ki, 80 yaşlı xanı, onun ailəsini qırmağı bir məqsəd kimi qarşısına qoymuşdu və baş verən qətl də onun amansızlıqla həyata keçirdiyi bir vəhşilik idi.

Tariximizi, keçmişimizi dərindən öyrənməliyik ki, keçmişdə buraxılan səhvləri yenidən təkrar etməyək. Bunun üçün isə öncə öz tariximizi doğru-dürüst bilməli və həm də öyrətməliyik. Bu səbəbdən də Enter.News araşdırmaçı-yazar Mehman Süleymanovun “Erməni milliyətçiliyi və təcavüzkarlığı tarixindən” adlı kitabından İbrabim xanın öldürülməsi ilə bağlı olan hissəni təqdim edir:

I YAZI

İbrahim xanın öldurulməsində ermənilərin iştirakı Qarabağ xanlığının Rusiyanın himayəsi altına keçməsi və İbrahim xanın hakimiyyət başında qalması erməni məliklərini heç də qane etmirdi. Hələ I Pyotrdan başlayaraq uzun illər ərzində aparılan yazışma erməni məliklərində belə bir qənaət yaratmışdı ki, rus qoşunlarının Qarabağa gəlişi mütləq burada erməni dövlətinin təşkilinə gətirib çıxaracaqdır. İbrahim xanın çevik siyasəti buna imkan vermədi. Bütünlükdə, İbrahim xan öz fəaliyyəti ilə Qarabağda erməni dövlətinin yaradıla bilməsi barədə ermənilərdə heç bir ümid yeri qoymadı. Bu mövzu ermənilər üçün birdəfəlik qapanmış oldu. Baxmayaraq ki, ermənilər onun reallaşdırılması üçün öz əməllərindən heç də əl çəkməmişdilər. Qarabağ Rusiyanın himayəsi altında olsa da, erməni məliklərinin əvvəlki statusu dəyişməmişdi. Onlar yenə də İbrahim xanın iradəsi altında idilər və bu iradə ilə hesablaşmaq məcburiyyətində idilər. Qarabağ xanı artıq 80 yaşı haqlamışdı. Bununla belə onun hakimiyyəti kifayət qədər möhkəm idi və xanlıqdakı vəziyyəti tam nəzarət altında saxlaya bilirdi. Onun xanlığı dövründə ermənilər hər hansı bir niyyətlərinin icrasına nail olmayacaqlarını bildiklərindən İbrahim xanın aradan götürülməsi üçün xəyanətlər qurmağa başladılar. Son nəhayətdə də İbrahim xan bu xəyanətlərin qurbanı oldu.

İbrahim xan rus gülləsinin qurbanı olmuşdu. Rus və erməni tarixçiləri İbrahim xanın öldürülməsinin əsil həqiqətini gizlətməyə çalışsalar da faktlar gostərir ki, rus zabitlərinin vəhşiliklərə əl atması və İbrahim xanın bütün ailəsi ilə birlikdə güllələnməsi erməni xəyanətlərinin, erməni məliklərinin məkrli planlarının nəticəsi idi. Qarabağ xanının qətli ilə əlaqədar olaraq tarixi ədəbiyyatda müxtəlif ehtimallar vardır. Rus və erməni muəllifləri yuxarıda qeyd edildiyi kimi, əsil həqiqəti gizlədir, Azərbaycan salnaməçiləri isə həqiqətin üstünü açırdılar. Elə faktların tutuşdurulması da İbrahim xanın qətlində erməni xəyanətinin mövcudluğunu gostərir.

Öz əsərində İbrahim xanın qətlinə geniş yer ayıran rus tarixçisi N.Dubrovin Qarabağ xanının ölümünü onun özünün sözünün üstündə dayanmamasının nəticəsi kimi təsvir edirdi. Müəllif bildirirdi ki, İbrahim xan Rusiya təbəəliyini qəbul etmək barədə müqaviləyə imza atsa da fars meylliliyini saxlayırdı. Xüsusən, rusların xanlığın işlərinə mudaxilə etməsi güya, onun Rusiyaya münasibətini əks istiqamətə yönəltmişdi.

N.Dubrovinin təsvir etdiklərinə görə, İbrahim xan fars şahzadəsi Abbas Mirzə ilə sıx əlaqə saxlayırdı. Onların arasında belə münasibətin olması, Abbas Mirzənin elçilərinin tez-tez onun yanına gəlməsi Rusiya tərəfinə də məlum olmuşdu. Guya İbrahim xan Abbas Mirzəyə göndərdiyi məktublarının birində Rusiya təbəəliyini qəbul etdiyinə görə onu bağışlamağı xahiş edirdi və vəd edirdi ki, ən yaxın zamanlarda rus qoşunlarının Qarabağ ərazisindən çıxarılmasına nail olacaqdır. İkitərəfli münasibətlərin yaxşılaşması üçün yazılana görə, İbrahim xan hətta iki qızını şahın oğlanlarına verməyi də planlaşdırırmış.

N.Dubrovin iddia edirdi ki, İbrahim xanın Rusiyadan üz döndərməsi İran şahı Fətəli şahı da xeyli sevindirmişdi. Fətəli şah hətta Qarabağa maliyyə yardımı ayırmağı və qoşun dəstəsi göndərməyi də vəd edibmiş. Belə vədləri alandan sonra İbrahim xan guya mayor Lisaneviçin müdaxilələrinə görə Şuşa qalasında qala bilmədiyini bəhanə edir və qaladan çıxaraq bir qədər aralıda çadır qurdurur və ailəsi ilə orada yaşamağa başlayır.

Ruslar İbrahim xanı niyə güllələdi? - xanın öldürülməsində erməni izi

N.Dubrovin sonra baş verənləri belə təsvir edirdi:

- 1806-cı ilin may ayında İran qoşunları Ərdəbilə toplaşıb oradan Naxçıvan və İrəvan istiqamətində hərəkətə başlamışdılar. Həmin qoşunların bir istiqaməti də Qarabağa doğru olmalı idi. Burada isə çoxsaylı fars qoşununun qarşısını almaq üçün kifayət qədər rus qüvvəsi yox idi. İyun ayının ilk günlərində Abbas Mirzə 20 minlik qoşunla Şuşa qalasına yaxınlaşdı. Belə bir vaxtda mayor Lisaneviç İbrahim xandan tələb etdi ki, qalaya qayıtsın və ailəsini də oraya köçürsün. Çünki fars qoşunlarının yaxınlaşması ilə qala əhalisinin çoxu narahatçılıq keçirir və nicat tapmaq üçün yollar axtarırdılar. İbrahim xanın qalaya köçməməsi onunla əlaqələndirilirdi ki, guya onun Abbas Mirzə ilə sövdələşməsi var imiş ki, ona və Qarabağ kəndlərinə toxunulmasın. Ancaq anlamaq olmur ki, belə bir sövdələşmə var idisə, onda İbrahim xan nə üçün qalada olub özünü ötəri xətalardan qorumurdu? Bundan başqa iddia olunur ki, İbrahim xan kəndlərə xəbər göndərərək fars qoşunlarının hücumundan narahat olmamağa, köçəri Azərbaycan süvarilərini isə fars qoşunlarına birləşmələri nəzərdə tutulan məntəqəyə çağırmışdı.

N.Dubrovinin iddiasına görə İbrahim xanın qalaya qayıtmaq istəməməsi onun xəyanətinə, şah ilə sövdələşməsinə bir sübut idi. Xanın oğlunun və nəvəsinin guya onun yanına göndərilməsi və İbrahim xanı geri qaytara bilməməsi də müəllifin əsərində öz əksini tapmışdı. Orada daha sonra göstərilir ki, guya İbrahim xan, hətta Lisaneviçi həbs etdirmək, Gəncədə zamin kimi saxlanılan qardaşını oradan oğurlatmaq fikrinə düşübmüş. İbrahim xan hətta onu da bildiribmiş ki, bu gecə ya özüm İrana gedəcəyəm, ya da İran qoşunları bura gəlib mənimlə birləşəcəklər.

İbrahim xan geri qayıtmaq istəyəndə mayor Lisaneviç onu həbs etmək qərarına gəlir və xanın üstünə göndərilən dəstəyə rəhbərlik edir. N.Dubrovin yazır ki, Lisaneviç ilk olaraq atəş açmamaq əmri veribmiş və yalnız yaxınlaşdığı zaman xanın mühafizə dəstəsi öncə atəş açmış və bununla da atışma başlamışdı. İbrahim xan rus gülləsindən yerindəcə keçinibmiş. Qızı və oğlu isə canlarını xilas edib qaçmaq istəyəndə kolluqlar arasında güllələnibmiş. Onun demək olar ki, bütün ailəsi burada güllələnmişdi. N.Dubrovin ilk atəşin xan muhafizəciləri tərəfindən açıldığını iddia edir. Ancaq ruslar arasından bir nəfərin belə olsa öldüyünü göstərmir. Hətta xeyli sayda arvad-uşağın hamılıqla qırılmasını da yaranmış qarışıqlıqla əlaqələndirməyə çalışırdı. Halbuki erməni məlikləri tərəfindən qızışdırılan mayor Lisaneviç o dərəcədə azğınlaşmışdı ki, 80 yaşlı xanı, onun ailəsini qırmağı bir məqsəd kimi qarşısına qoymuşdu və baş verən qətl də onun amansızlıqla həyata keçirdiyi bir vəhşilik idi.

Erməni salnaməçisi Mirzə Yusif Nersesov da İbrahim xanın qətlini Rusiyanın mənafeyinə xəyanət etməsi ilə bağlayırdı və öldürülməsinin günahını da onun üzərinə atırdı. O, hadisəni bu cür təsvir edirdi: “Fətəli şah Qarabağı zəbt etmək ümidi ilə İbrahim xanla qohumluq və yaxınlıq etdi. İbrahim xanın rus dövlətinə tabe olduğunu eşitdikdən sona Qarabağa qoşun gondərdi.

Fətəli şahın sərbazları Xudafərin körpüsünə gəlib Qarabağın ətrafını soymağa başladılar və onlar ilə döyüşə girişdilər. İbrahim xanın oğlu Əbülfət xan çoxlu qoşunla Tuğ kəndinin üzərinə hücum etdi. Ətrafın əhalisi bu yerlərə pənah gətirib özlərini mühafizə etmək üçün səngərlər qazdılar. Burada böyük vuruşma və qırğın oldu. Əbültət xan bu vuruşmadan heç bir fayda aparmadı.

Ruslar İbrahim xanı niyə güllələdi? - xanın öldürülməsində erməni izi

Mehdiqulu xan öz qoşun və adamları ilə Əbülfət xanın üzərinə hücum edib onu məğlub etdi. Yaşının çoxluğundan və qocalığından İbrahim xandan çox vaxt yersiz xəyallar və tədbirlər baş verirdi. Bu zaman avarlardan və onların tərəfdarlarından bir neçəsi İbrahim xana Qızılbaş dövlətinə tabe olmağı təklif etdilər. İbrahim xan Şuşa qalasından çıxıb Xansəngər adı ilə məşhur olan qalanın aşağı tərəfini tutdu. Burada çadır qurub dayandı.

Rus dövlətindən üz çevirib Qızılbaş dovləti ilə birləşmək məqsədilə burada dayanıb onların gəlməsini gözlədi. Qızılbaşlar gəldikdən sonra İbrahim xan onlarla birləşdi. İbrahim xanın fikrincə, Qızılbaşlara tabe olmaq ona daha əlverişli idi. Xalq arasında deyilirdi ki, Əbülfət xanın Qızılbaş qoşunu ilə Qarabağın üzərinə hücum etməsi ancaq İbrahim zanın məsləhəti ilə olmuşdu. Buna gorə də 1806-cı ildə Dəli mayor adı ilə məşhur olan mayor Lisaneviç 100 əsgər götürüb gecə qaladan çıxdı, dörd tərəfdən məzkur xanın çadırını əhatə etdi. İbrahim xanı öz əyanları ilə oradaca öldürdü, gecə yenə də qalaya qayıtdı. Ondan sonra Rusiya başçılarının gostərişi ilə İbrahim xanın yerinə onun oğlu Mehdiqulu xanı Qarabağ xanlığına və onu idarə etməyə başçı təyin etdi”.

Təkcə Mirzə Yusif Nersesovun yazdıqları ilə N.Dubrovinin yazdıqlarının tutuşdurulması bir neçə qeyri - obyektivliyin üzə çıxarılmasına kömək edir. Erməni salnaməçisi göstərir ki, qalanı tərk edən xan qızılbaş qoşunları ilə birləşdi. Halbuki belə deyildi. Elə Dubrovinin yazdıqları da gostərir ki, İbrahim xan fars qoşunları ilə birləşməmişdi. Digər tərəfdən N.Dubrovin İbrahim xanın öldurulməsi zamanı iki tərəf arasında atışma olmasını, xanın mühafizəçilərinin müqavimət göstərdiyini yazır. Mirzə Yusifin təsvirindən isə belə olmadığı, Lisaneviçin gecə ilə İbrahim xanın çadırını dörd tərəfdən mühasirəyə alaraq onun ailəsi və əyanları ilə birlikdə öldürüldüyü aydınlaşır.

Mirzə Yusif öz salnaməsində İbrahim xanın qətlə yetirildiyi ərəfədə erməni məliklərilə rus qoşun dəstələri arasındakı əlaqələr barəsində də maraqlı faktlara toxunmuşdur. Muəllif yazırdı ki, 1806-cı ilin yayında Qarabağda gedən döyuşlər zamanı rusların sursatı qurtarmaqda idi. Həmin vaxt Ciləbord məliyi Vanya öz adamları ilə birlikdə gecə ilə ruslara çörək daşıyırdılar.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed