Şrift:
«Erməni işğalı təbiəti təhlükə altında qoyub»
29.03.2012 [13:09] - Gündəm
Leyla Əliyeva: «Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir»

Böyük Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İDEA beynəlxalq ətraf mühit kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunub. Britaniyanın EcoMuslim ekoloji qurumunun və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə İDEA kampaniyasının təqdimat mərasimi keçirilib.
Tədbiri Britaniyanın «EcoMuslim» ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk giriş sözüylə açıb. Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk, İDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulayıb. Sonra lord Məhəmməd Şeyx çıxış edib, təqdimatın əhəmiyyətini vurğulayıb, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirib. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat verib. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi və siyasi təşəbbüslər barədə danışıb. Ətraf mühitin qorunması ilə bağlı problemlərdən və Lordlar Palatasında dəstəklənən təşəbbüslərdən danışan Məhəmməd Şeyx İDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də qeyd edib.
Daha sonra İDEA kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva çıxış edib. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat verib. O, həmçinin kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və Azərbaycan gənclərini «Rio+20″ konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın orta məktəblərdəki könüllülərinin fəaliyyətinə də toxunaraq deyib: «Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər. Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə çəkməkdir». Leyla Əliyeva deyib ki, Cənubi Qafqaz dünyanın bioloji və aqro müxtəlifliklərlə zəngin regionlarından biridir: «Bu regionda subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür.
Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast gəlmək mümkündür. Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər. Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji, səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit problemləri üzə çıxıb. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və meşələrin məhvi və nəzarətsiz urbanizasiya nəticəsində regionun bioloji müxtəlifliyi təhlükə altında qalıb. Regionun bütün dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq beynəlxalq müqavilələri ratifikasiya edib, bununla da, təbiətin qorunması üçün müəyyən öhdəliklər götürüblər. Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoyub. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşib.
Cənubi Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii fəlakətlərdə deyil, sənaye istehsalı, nüvə və radioaktiv tullantılarda da özünü büruzə verir.
Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir. Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin (BMT-nin Avropa üzrə İqtisadi Komissiyası) Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olub. Regionun üzləşdiyi bütün bu ekoloji təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll edilməlidir».
Ölkəmiz barədə geniş məlumat verən Leyla Əliyeva Azərbaycanın tarixinə də nəzər salaraq deyib: «Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilib. Mənim vətənim «ilklər» diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb».
Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə hədiyyələri təqdim edib.
Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji təşkilatların təmsilçiləri, o cümlədən Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, eləcə də Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed