Şrift:
UNICEF-in uşaqları soyuqdan qorumağa vəsaiti çatışmır
22.12.2016 [10:20] - Sosial
Yaxın Şərq ölkələrində milyonlarla uşaq qışın gəlməsi ilə əlaqədar köməksiz və müdafiəsiz qala bilər. BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) onların ehtiyaclarına ayrılmış büdcəsində 38 milyon dollar çatışmır.

UNICEF-in Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə regional direktoru Hert Kappelare deyib: “Əhalinin zəif təbəqələrindən olan uşaqların qış aylarında xüsusilə yardıma ehtiyacı olur”. Onun sözlərinə görə, bu uşaqlar doyunca yeməmək və adekvat tibbi xidmət olmaması səbəbindən onsuz da zəifləyiblər. Soyuqların düşməsi nəticəsində onları ciddi respirator xəstəliklər və başqa infeksiyalar gözləyir. UNICEF-in nümayəndəsi deyib: “Bu qış bizim yardımımız olmadan həmin uşaqlar üçün daha bir müsibətə çevrilə bilər”.

Zorakılıq və işsizlik ilə müşayiət olunan illər, habelə məcburi yerdəyişmə Suriya və İraqdan olan uşaqlı ailələrin çoxunu əldən salıb, imkanlarını tükəndirib. UNICEF Suriya, İraq, İordaniya, Livan, Türkiyə və Misirdə 2,5 milyon uşağı isti geyim, adyal və maliyyə yardımı ilə təmin etməyi planlaşdırır.

Suriyadan, o cümlədən Şərqi Hələbdən təxliyə edilmiş 50 min uşaq artıq belə qış dəstləri ilə təmin edilib. Doxsan beş min uşağın təhsil aldığı Livan məktəblərinin isitmə sistemlərinin haqqı UNICEF fondundan ödənilib. İordaniyada nağd pulla 50 min ailəyə yardım edilib, İraqda 38 min uşaq və süd verən ana isti geyimlə təchiz edilib.

Ancaq vəsait çatışmır. Donor ölkələr qışın şaxtasında uşaqları qorumaq üçün UNICEF-ə tələb olunan 82 milyon dolların yarısını ayırıblar.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed