Şrift:
21 dekabr - Qədim türklərin Yeni il kimi qeyd etdiyi TARİX
22.12.2016 [10:27] - Xəbərlər, Türkün şanlı tarixi
Lap qədim dövrlərdə türklər 21 dekabrı Yeni il kimi qarşılayardılar. Macarıstanda yaşayan türklər hazırda bu bayramı tədqiq edib, araşdırır və yenidən günümüzə qaytarmaq istəyirlər.
“Macarıstan-Tyran” fondunun rəhbəri Andrios Bironun dedikləri əsasında yazdığım bu yazıda oxucularımız türklərin Yeni ilinin 21 dekabr olduğunu biləcəklər.
Yeni ilin keçirilməsinin bir çox variantları mövcuddur. Onlardan biri də Kara-Tun bayramıdır. Qədim türk mənbələrində və bu gün də bir çox türkdilli xalqlar 21 dekabrda bu bayramı qeyd edirlrər. Çünki soyunu-kökünü itirməyən türklər bilir ki, türk xalqlarına bu bayram əcdadlarından qalıb.

Qədim köçəri xalqlar- hunlar, türklər və həm də qazaxların əcdadları arasında təbiət hadisələrinə inanc güclü olub. Köçəri insanlar təbiətin harmoniyası və qanunları ilə həmahəng yaşayırdılar. Onlar Ana Təbiətə hörmət edir və özlərini bu canlı sistemin bir hissəsi sayırdılar. Yaşamaq və təbiətlə həmahəng ömür sürmək üçün onlar təbiəti müşahidə etdikləri zaman öyrəndikləri bilgiləri gələn nəslə ötürürdülər. Onların inancına görə, Yaradan, Ruh, həyatı idarə edən (enerji) də bir çox hallarda özünü müxtəlif təbiət hadisələrində göstərir, bunu hətta görüb, müşahidə də edirdilər. Köçərilərin ən çox inandıqları simvollar onları həyatını idarə edən, həyat tərzlərinə müdaxilə edən planetlər idi. Onlar belə hesab edirdilər ki, Ay, Günəş, ulduz sistemi, hündür dağlar, çaylar, meşələr və göllər öz güclərindən insanlara və heyvanlara - bütün canlılara paylayır. Təbiətdə baş verən bütün proseslər insanla tam təmasda olur. Bu baxımdan onlar güclü heyvanlara daha çox üstünlük verir və hətta onlara itaət edirdilər. Məsələn, ovçulara güc verən canavar, maral, şahin və bayquş idi.

Türklərin sahib olduqları ərazilərdə yayılan inanclara görə də belə təsəvvür edilirdi ki, tayfaların əcdadlarının ruhu da o heyvanların ruhundan qidalanıb. Köçərilər hündür, qocaman ağaçlara xüsusi qayğı ilə yanaşırdılar. Qədim inanclara görə ağaclar hündürə boy atdıqca, onların ruhu da Yer və Göy arasında birləşir. Buna görə də Həyat ağacı simvolu bütün türk tayfaları və millətləri arasında bu günə qədər qorunub saxlanmaqdadır.
Məsələn, ağacların budağına müxtəlif əşyalar, parçalar bağlamaq o inanclardan bəhrələnir. Və yaxud da qartal və ya qarğaları göydən yerə məlumat gətirən bir canlı hesab edirdilər. Türklərin anlamında insanın dünyaya gəlişi və gedişi, həyatını burulğana bənzədirdilər. Doğulub, ölüb və yenidən dirilmək sistemini təbiətlə tam bir harmoniyada qəbul edirdilər. Ən çox inanılan Günəş sistemi və Günəş idi. Günəşin təbiətin hər sahəsinə sirayət etdiyini, Günəşin səmada nə qədər görünməsinin, şüalarının çoxalıb-azalmasının da öz mənası var idi. Belə ki, yay qurtarana yaxın günlərin qısalması, payızda isə günlərin uzanması, qışda isə gecələrin daha uzun olmasını da türklər Günəşin ölçü sistemi ilə yəqin etmişdilər. Məlum olduğu kim, qışda gündüzlər qısalır, gecələr uzun olur.
Dekabr ayının axırında 20, 21 və 22 dekabr günlərində gecə ən uzun, gündüz ən qısa ömürə malik olur.

Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri qaranlıq mənasını daşıyır. Buna görə də bu gün macarların dilində işlədilən “karaçon” sözü, daha çox günün qaraya çevrilməsi, qaranlığın artması, gecənin tez düşməsi ilə əlaqədardır. Qədim balkar dilində də də “karaçon” sözü işlədilməkdə idi. Yalnız buradakı türklər slavyanlaşmağa başlayandan sonra, onların leksikonundan və həyat tərzindən “karaçon” sözü və adəti yavaş-yavaş çıxmağa başladı. Macarların qədim mənbələrində və folklorlarında göstərilir ki,qədim macarlar 21-22 dekabr günlərində Kara tun bayramını xüsusi coşqu ilə qed edərlərmiş. Həmin uzun gecəni heç kəs yatmaz, qaladıqları tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəldiyini, səhərin açıldığını gözləyərmişlər. Onların Günəşin yenidən doğmasını, şəfəqlərinin yayılmasını, bahar gəlməsini canlanma kimi bayram edərdilər. Bu bayram onlarda işıq və ümid ənənəsi idi.

Bu gün Kara Tun bayramını bütün Avropa dillərində “rojdestvo” (doğuluş) sözü ilə əlaqələndirilir. Və bütün xaçpərəstlər 24 dekabr gecəsini Müqəddəs sayırlar. Onların inamına görə, həmin gecədə İsa dünyaya gəlib. Lakin macarların leksikonunda olan “karatun, karaçun” sözü belə müqəddəslik mənasını vermir. Bu bayram əhval-ruhiyyəsi macarların məişətində o qədər güclü yer almışdı ki, hətta rəsmi olaraq xristianlığı qəbul edəndən sonra belə, onu xaçpərəst bayramı anlamına gətirməyi bacardılar. Təbii ki, bir neçə gün gec olmaqla. Lap elə İsa peyğəmbərin dünyaya gəlməsi gününə saldılar. Əlbəttə, çox qədimlərdə bu bayramın neçə keçiriılməsi haqqında əlimizdə dəqiq və səhih məlumatlar və mənbələr yoxdur. Lakin bizim əcdadlarımızın bu bayramı necə keçirmələrindən asılı olmayaraq, bu gün mədəniyyətimizə, məişətimizə gəlib çıxan adətlər onu deməyə əsas verir ki, Kara tun bayramı da böyük tonqallar qalanmaqla, şadyanalıqla, səhəri dirigözlü açmaqla keçirilib.
Bu gün də bizim ətrafımızda olan türük kökənli xalqların nümayəndələri yenə də 21 dekabrda Kara tun günü böyük tonqallar qalayıb, səhərin açılmasını gözləyir. Tonqallar ətrafında şadyanalıq edirlər .Əfsanələrə görə, gərək ağ atı 7 və ya 9 dəfə tonqalın başına hərləyəsən. Bu, macarlarda artıq ənənə halını almağa başlayıb. İldən ilə tonqallar və bayramı keçirənlərin sayı çoxalır. Bu tonqallar türk xalqlarını bir araya yığır, birliyi, doğmalığı, qardaşlığı təsbit edir.

Kara tun bayramlarının ləğvi əslində bütpərəst xalqlar arasında çox böyük üsyanlar və narazılıqlar yaratmışdı. Bu da onunla əlaqədardır ki, türklər öz keçmişlərini heç vaxt unutmurlar. Ona görə də bu günə kimi folklorlarında, nağıllarında qədim dinlər və əfsanələrindən, əsatirlərdən parçaları bu günümüzə qədər gətirib çıxarıblar. Macarıstan da bir sivil dövlət kimi qədim dinlərin qorunub saxlanmasında insanlara hətta kömək edir. Xristian dininin rəsmi qəbulunundan sonra bu yerlərtə Tanrıçılıq inancı itib getmədi. O özünü Şamançılıq kimi bir yeni inancda büruzə verdi. Macar dilində “Allah” “İşten” deməkdir. “İş və Ten” sözünü araşdıranda görürsən ki, onun özü elə “Tanrı” sözü ilə bağlıdır. Hətta qaraçaylar və balkarlar da “İştenqri” sözünü öz leksikonlarında işlədirlər.

Lakin qədim macar mənbələrini arayanda görürük ki, xristianlıq dinini qəbul edəndən sonra Roma Papası və bir çox krallar bu ölkədə köçərilərə bütpərəstlik və tanrıçılıq adətləri olan qurbankəsmə, müqəddəs ağacların, qayaların qarşısında ayinlər keçirmək kimi adətləri qadağan etdilər. Qadağalar o qədər çoxalmışdı ki, hətta xristianların da kilsələrdə və ya dini ehkamlar üçün qurduqları çadırlarda ayinlərini keçirməyə icazə verilmirdi. Bu onu göstərir ki, əslində xristianlığa keçməyin yolu da çox məşəqqətli olub. Etnoloq Vilmoş Dioseqnin şaman adət-ənələri haqqında maraqlı elmi kitabı var. O kitab bu gün qədim macar mədəniyyətinə işıq tutur. Sevindirici haldır ki, bu gün macarların etnoloq alimləri də bu məsələ ilə bağlı araşdırmalar aparırlar.
İnsanların əksəriyyəti kökünə və tarixinə daha çox bağlıdır. Kara tun bayramının əsasını təşkil edən Gecənin yerini Gündüzə verməsi bir təbiət hadisəsi kimi həmişə mövcud olacaq. Bu təbiət hadisəsini heç kim qadağan edə bilməz. İnsanlar yenə də hiss etməyə başlayanda ki, onların həyat harmoniyası, yaşamı daha çox təbiətlə bağlıdır və bu bayramın özəlliyini də anlayacaqlar. Bu bayram heç bir dinə, irqə sığışmayan təbiətin anı, məqamıdır. Bu bayramı keçirməklə, biz heç kimin dini inancına qarşı çıxmırıq, sadəcə, soyumuza-kökükmüzə, adət-ənənmizə qayıdırıq. Biz çalışacağıq ki, bacardıqca bu bayram haqqında maraqlı məlumatlar yayaq. Çünki bu bizim- türklərin, qazaxların, azərbaycan türklərinin, qırğızların... mədəni irsidir.Və bunu yaymaq kütləviləşdirmək lazımdır.

Aida Eyvazlı
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed