Şrift:
“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı oldu
22.12.2016 [10:52] - Mədəniyyət
Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatları, elmi və ictimai qurum rəhbərləri iştirak ediblər.
Onlar “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsalı olan “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filmi haqqında öz fikirlərini və təəsüratlarını bölüşüblər.
Tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib.
O deyib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən orjinal ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində istehsal olunan “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tətəfindən uzun illərdir ki gizlədilməyə çalışması haqqındadır.
N.Mehdiyev söyləyib ki, mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycanın Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir.
Onun sözlərinə görə, indiyədək bu mərkəzə Qarabağ və digər tarixi torpaqlarımızla bağlı maraqlı məhsullarla çıxış etməkdədir.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, 2013-cü ildən başlayaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən bir sıra layihələr həyta keçirilib.
Onun sözlərinə görə, bu layihələr erməni yalanlarının ifşası üçün əsas köməkçi vasitə olub.
Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə sağlam şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Tədbirdə çıxış edən PA rəsmisi Ə.Həsənov bildirib ki, bu gün təqdimatında iştirak etdiyimiz film ciddi bir layihədir:
“Bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı buktletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir”.
Tədbirdə o da diqqətə çatdırılıb ki, hazırda İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib.
Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, İrəvandan azərbaycanlıların köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir.
Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orjinallığı da onun dünyaya yayılmasını asanlaşdırır.
Qeyd edək ki, filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rolu olub. Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyevdir.
Filmin baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA- nın müxbir üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadədir.
Filmi ingilis dilində ABŞ –dan Dean Wendt, Azərbaycan dilində Eldəniz Rəsulov, rus dilində Rusiyadan Konstantin Qayçuk səsləndirib.
Xatırladırıq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Prezidentinin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb.
Vasif Həsənli
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed