Şrift:
Hüseyn Cavidin “İblis” əsəri Türkiyə teatrsevərlərinin görüşünə gəlir
23.12.2016 [10:13] - Mədəniyyət
Xəbər verdiyimiz kimi, Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri bu yaxınlarda İstanbulda tamaşaya qoyulacaq. Artıq İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında (BBŞT) tamaşanın məşqlərinə başlanılıb.

Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşanın baş məsləhətçisi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Əsərin mətnini müasir türk dilinə BBŞT-nin teatrşünası Dilət Tekintaş uyğunlaşdırıb.

Türkiyənin tanınmış aktyorları Ertoğrul Postoğlu (İblis), Emre Narcı (Arif), Erhan Özçelik (İhtiyar Şeyh), Gürol Güngöz (İbn Yemin), Murat Coşkuner (Vasif), Cengiz Tangör (İlhan), Niyal Bağ (Haver), Gizem Akkuş (Rena) və digərləri tamaşada rol alıblar.

Məlahət Abbasova müsahibəsində bildirib ki, əsərin İstanbulda səhnələşdirilməsinin əsas səbəbkarları İstanbul Böyükşəhər bələdiyyəsi Mədəniyyət İdarəsinin rəhbəri Abdürrəhman Şen və BBŞT-nin müdiri Salih Efiloğludur. Onların hər ikisi Hüseyn Cavid yaradıcılığının Türkiyədə daha yaxından tanınmasına əhəmiyyət verərək “İblis”in BBŞT-nin bədii şurasıda təsdiqlənməsinə böyük təsir göstəriblər. Tamaşada Türkiyənin ən istedadlı aktyorları rol alıblar. Gələn il fevralın 15-də tamaşanın premyerasının keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək tamaşanın İstanbuldan sonra Türkiyənin digər şəhərlərində, həmçinin Bakı və Naxçıvan şəhərlərində də teatrsevərlərin görüşünə gəlməsi planlaşdırılır.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed