Şrift:
1918. Azərbaycan qətliamları foto və sənədlərdə"
30.03.2012 [12:33] - Xəbərlər
Azərbaycanlıların soyqırımı günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunu nəşr edilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunun baş məsləhətçisi – Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, elmi redaktoru - tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərlidir.

Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı uzun illər itirilmiş sayılan nadir faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı ilə bağlı materiallar silsiləsindən olan növbəti nəşr olmaqla, kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Cənubi Qafqazın müsəlman əhalisinə və onların mülkiyyətinə qarşı həyata keçirilmiş qətliam və talan hadisələrinin araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının müəyyən etdiyi, amma Azərbaycan arxivlərində saxlanmamış faktlar əksini tapıb.

Qeyd olunub ki, MTN-in dəstəyi ilə Solmaz Rüstəmova-Tohidinin 2009-cu ildə “Bakı. mart 1918. Azərbaycan talanları” və 2010-cu ildə isə “Quba. 1918-ci il aprel-may. Müsəlman talanları sənədlərdə” kitabları nəşr edilib.

Hazırkı nəşrlə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımızın faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir. Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan sonrakı vəziyyətini əks etdirən materiallar da yer alır. Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilib.

“1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunub.
Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed