Şrift:
Ermənilər xalqımızın oğul və qızlarını qırdılar, lakin kökümüzü kəsə bilmədilər
31.03.2012 [13:50] - Gündəm, Mədəniyyət
Göyçaydakı maddi-mədəniyyət nümunələri 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərə şahidlik edir
1918-ci ildə ermənilər ölkəmizin bir çox bölgələrində olduğu kimi, Göyçayda da kütləvi qırğınlar törətmişlər.
1918-ci ilin mart-iyun aylarında Bakı, Şamaxı, Lənkəran, Quba, Göyçay, Kürdəmir və Salyanda kütləvi qırğınlar törətmiş erməni daşnakları və bolşeviklər Gəncə şəhərinə doğru hücuma keçmişlər. Lakin Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı silahdaşları ilə birləşərək erməni-rus birləşmələrinin hücumunun qarşısını almışlar. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş vermişdir. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən münaqişənin dönüş nöqtəsi olmuşdur. Yəni, türk və azərbaycanlı əsgərlər daşnak erməniləri və bolşevik rusları məhz geri çəkilməyə məcbur etmiş, onları Bakıyadək qovmuşlar. 1918-ci il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad edilərək Azərbaycanın paytaxtı elan olunmuşdur.
Göyçay rayonunda həmin qanlı tarixi hadisələri yaşadan maddi-mədəniyyət nümunələri bu gün də qorunub saxlanılır. 1918-ci ildə Göyçay ərazisində baş verən döyüşlər zamanı Bozdağda quraşdırılmış erməni topundan atılan mərmi Göyçay şəhərindəki bir çinar ağacına dəymiş və onu məhv etmişdir. Lakin vaxt keçdikcə ağac yenidən boy atmış və bir gövdədən 4 budaq çıxmışdır. İndi həmin budaqların hər biri böyük bir ağacı xatırladır.
Bu gün Göyçayda belə bir deyim var: “Ermənilər xalqımızın oğul və qızlarını qırdılar, lakin kökümüzü kəsə bilmədilər. Ölən hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi. Beləcə insanlar artdı, çoxaldı”. Böyük gövdəsi olan bu çinar ağacı həmin qanlı döyüşləri özündə yaşadır və həmin tarixin canlı şahidi və tarixi abidə kimi qorunur. Çinar ağacı rayona gələn qonaqların ziyarət etdiyi maddi-mədəniyyət nümunələrindən biridir.
Rayonun Bığır, Qaraməryəm və Müsüslü kəndlərində isə naməlum türk əsgərlərinin məzarları 1918-ci ilin tarixi nişanəsi kimi qorunur. Mart hadisələri zamanı həlak olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində ucaldılan abidə də tarixin qan yaddaşını özündə əks etdirir. Bu abidə gənclərin və rayona gələn qonaqların ziyarət etdiyi yerlərdəndir.
Rayon tarix-diyarşünaslıq muzeyində azərbaycanlıların soyqırımı və deportasiya tarixini, 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Göyçayda törədilən qanlı hadisələri əks etdirən faktların toplandığı daimi guşə yaradılmışdır. Guşə gənclərin, məktəblilərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
Bu xəbər oxucular tərəfindən 1892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed