Şrift:
Nəriman Nərimanovun oğlunun müəmmalı ölümü - cəbhədən yazılan məktubda gizlənən həqiqətlər
30.12.2016 [13:14] - Xəbərlər, DAVAMın yazıları
Tarixən ataların haqq-hesabını oğullarla çəkiblər. Buna elə də geniş izahat-filan vermədən konkret örnəklər göstərmək mümkündür. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərin, Hüseyn Cavidin oğlu Ərtoğrulun və sairələrin üzləşdikləri müsibətlər buna misaldır. Bu sıraya bir də Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanovu da əlavə etmək olar. Nəcəf Nərimanovun da ikinci dünya müharibəsi zamanı almanlarla döyüşdə həlak olduğu bildirilir. Ancaq döyüş yoldaşının Nəcəfin anası Gülsüm xanıma yazdıqları məktublarla tanış olduqdan sonra Nəcəfin ölümünün heç də düşmən əli ilə olmadığı şübhələri yaranır.

Beləliklə, Enter.News növbəti materialını - M.Füzuli adına Əlyazmalar İnstitunun fondunda saxlanılan Nəcəf Nərimanovun döyüş yoldaşı Sazonov Nikolay Mixayloviçin yazdığı məktublardan birini təqdim edir:


“Salam çox hörmətli yoldaş Nərimanova. Sizə oğlunuz Nəcəf Nərimanovun, artıq iyun ayından bəri tanış olduğum, ən yaxın dostumun ölümü barəsində xəbər verirəm. İcazə verin, bunun necə baş verdiyi haqda yazım.

9 sentyabr 1943-cü il batalyona generalın əmri gəldi ki, Nəcəfi Moskvaya getməsi üçün təcili onun yanına göndərsinlər. Və Nəcəfə əmr olunmuşdur ki, o, dərhal generalın yanına getməlidir və bildiyiniz kimi orduda bu cür məsələlər sorğu-sualsız həyata keçirilir. Ümumiyyətlə, bu kimi hallarda kimin hara və hansı məsələ ilə bağlı çağırılmasına aydınlıq verilmir. Amma mən onun Moskvaya göndərildiyini əvvəlcədən bilsəm də özünə deyə bilmədim. Çünki maşında məndən savayı da adamlar var idi. Bu arada gözucu Nəcəfə baxdım və digər dostumuz da bir-birimizin gözlərinin içinə baxaraq sakitcə dayanmışdıq. ...Beləliklə, Nəcəfin 10.9.1943-cü ildə Moskvada olması lazım idi.

Mən “xozeyin”lə reysdən qayıdıb mənzilə təzəcə girmişdim ki, Nəcəf qaçaraq otağa daxil oldu və soruşdu ki, siz general-leytenantın getdiyi istiqamətə gedəsi deyilsiniz ki? Sonra da cavab gözləmədən dönüb qaçaraq otaqdan çıxanda mən arxadan onu saxlamağa və nəsə deməyə çalışdım. O, isə “Nikolay, mən qayıdacağam, qayıdacağam” dedi və mən də onu yoldan saxlamaqdan vaz keçdim. Çünki vaxt artıq axşama doğru idi və hələ yüz km. qədər yol getmək lazım idi. Əlbəttə ki, mən mənzildə qaldım. Və Nəcəfin Moskvaya özü ilə apara biləcəyi şeyləri yır-yığış etməyə başladım. Beləcə, 11 sentyabr günü səhərdən axşama gözlədim, arada uşaqlardan da soruşdum ki, Nərimanov birdəfəlik gedib, onlar da cavab verdilər ki, yox, qayıtmalıdır. Günün yarısı keçdi, axşam düşdü və onun hələ də gəlmədiyini görüb öz-özümə düşündüm ki, bəlkə də o, birbaşa Moskvaya gedib. Amma buna da inana bilmirdim, çünki mənə demişdi ki, sən anana məktub yaz və çalış ki, ətraflı yazasan. Başımda bu fikirlər dolana-dolana fikirləşirdim ki, Nəcəf general-leytenantın yanından qayıdınca mən özümün Moskvadakı əziz yaxınlarıma və tanışlarıma göndərəcəyim şeyləri yır-yığış edim. Nəhayət, axşam da oldu və Nəcəf hələ də yox idi. İşdən çıxıb mənzilimə gəldim. Bu arada mənim “xozeyinim”də gəldi və birlikdə şam yeməyinə oturduq. Sakitcə bir-birimizə baxıb yemək yediyimiz zaman mən ondan soruşdum ki, yoldaş mayor, Nərimanov burada bizimlə qalacaq, yoxsa birdəfəlik gedəcək? O, qısa müddətə susdu. Sonra isə dərindən nəfəs alaraq bildirdi ki, kaş onu heç çağırmayaydılar və o bizimlə qalaydı, ona burada olmaq heç də pis deyildi. Mən diqqətlə mayora baxıb yeməyi bir kənara itələdim və onun gözlərinin içinə baxaraq bir də nə baş verdiyini soruşdum. Mayorun deməyindən belə çıxdı ki, Nəcəf artıq həyatda yoxdur. Yerimdə donub gözlərimi onun üzünə zilləyərək bir də soruşdum ki, necə yəni ölüb, o, sənədləri təzəcə almışdı və Rostov şəhərinə göndərilməsini gözləyirdi. Mayorun dediyinə görə qatar gözləyən zaman gözlənilmədən alman təyyarəsi peyda olub və atdığı bombalardan biri də Nəcəf Nərimanovun durduğu yerə düşüb. Hər halda bütün bunlar mayorun dedikləridir.

Beləliklə, əziz yoldaş Nərimanova, həmin gün mən yeməyi yarımçıq qoydum və ağır xəbərdən ürəyimdə ağrılar hiss etdim. Və indi sizin üçün də bu xəbərin nə qədər ağır olduğunu bilirəm. Namərd düşmən beləcə mənim əziz dostumu komandir, texnik yoldaş Nərimanovun gənc həyatına son qoydu. Biz öz əziz dostumuzu unutmayacağıq və onun qisasını alacağıq. Siz də narahat olmayın və yalnız özünüzü qoruyun. Biz isə cəbhədə ancaq irəli və irəli getməliyik.

Bax, əzizim, hələlik onun haqqında bildiklərim bu qədərdir. Bundan sonra da çalışacam ki, onun ölümü barəsində daha ətraflı məlumatlar toplayım, məzarının, harda dəfn olunmasının yerini öyrənim. Növbəti məktubumunda çalışacam ki, sizə daha ətraflı yazım ki, nələri öyrənə bildim. Yaxın müddətdə onun dəfn olunduğunu düşündüyüm yerə gedəsiyik. Bu haqda da mən sizə növbəti məktubumda yazacam. Hələlik yaza biləcəklərim bu qədərdir. Sizinlə xudahafizləşənə qədər sağ və salamatam və sizə də bunu arzulayıram.

Sizin tanışınız, dostunuz Sazonov Nikolay Mixayloviç"

13.09.1943

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed