Şrift:
Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı?
01.01.2017 [14:03] - Gündəm, DAVAMın yazıları
Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....


Bir neçə il bundan əvvəl sanballı jurnalların birində Avropada görkəmli xeyriyyəçi Haçı Zeynalabdin Tağıyevə XX əsrin əvvəllərində heykəl qoyulması haqqında maraqlı bir yazı oxumuşdum.

Maraqlı burasında idi ki,avropalılar bizdən qabağa düşüb, dünyanın yaxşı tanıdığı bir vətəndaşımızın təbliğinə meydan açmışdılar.

İnandığım və güvəndiyim bir neçə mütəxəssisə- ziyalıya sorğu göndərdim.Faktı təsdiq edə biləcəl cavab ala bilmədim.Bircə türk alimi OkanYeşilotun kitabına baxa bilmədim.Mətbuatımızda Okan Yeşilotun Azərbaycan ziyalıları haqqında yeni kitabı geniş təbliğ olunsa da,müəllif yeni tədqiqatının maraqlı ola biləcək səhifələrini bərəqləyə bilmədim.Yenə də gümanım bu müəllifin kitabınadır.

Onu da qeyd etmək istəyirəm ki,Türkiyədə Marmara Universitetinin professoru Okan Yeşilotun Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən yeni kitabı haqqında yazılan rəylərin birində bu ikitabın gələcəkdə Tağıyevin həyatına aid bir çox bilinməyən məqamları ortaya çıxaracağına, araşdırmaçılara yol göstərəcəyinə ümid edilir.

Bu məsələ ilə əlaqədar əvvəlki yazılarımın birinə qayıdıram. Sual elə həmin sualdır:

Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı?

Xeyli vaxtdır ki, ingilis və rusdilli mətbuatda oxu atıb yayı gizlədən bir müəllifin kiçik bir informasiyasında oxuculara maraqlı görünə bilən bu sualın cavabın axtarıram.

İngilis dilində elə materiallar var ki, onlarla tanışlıq insanı müxtəlif axtarışlara sövq edir.

Keçirik mətləbə... Bu yaxınlarda ingilis dilli jurnalların birində xəbər verilirdi ki, dünyada heykəli ucaldılan ilk azəbaycanlı məşhur neft milyonçusu H.Z.Tağıyevdir. Məşhur neft milyonçusunun heykəli öz doğma şəhəri Bakıda yox, Böyük Britaniyanın Edinburq şəhərində ucaldılmışdır.

Hadisə belə olub. Hindistandan Böyük Britaniyaya- İngiltərəyə qayıdan Vilyam Tol adlı ingilis zadəganı, səyyahı yolüstü Bakıda Hacı Zeynalabdinin qonağı olur.

Vilyam Tol , evində qonaq qalduğu neft milyonçusunun məktəb və maarif məsələlərinə münasibətinə, xeyriyyəçiliyinə, hümanizminə, qadınların təhsilinə qayğı göstərməsinə valeh olduğuna görə ondan xatirə üçün bir foto şəkil istəyir.

İngilis səyyahı öz vətəninə qayıtdıqdan sonra öz xərci ilə bu şəklin əsasında Edinburqda Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaltdırır.

İnana bilmədiyim və ya inanılması şübhə doduran bu xəbərin doğru olub- olmamasını dəqiqləşdirmək üçün H.Z.Tağıyevin həyatına aid onlarla kitabı vərəqlədim, məqalələr oxudum, xatirələrlə tanış oldum. İnternet səhifələrində xeyli axtarışlar etdim, saytları dönə-dönə çözələdim, ələk-fələk elədim, ensiklopediyaları mövzular üzrə vərəq- vərəq çevirdim. Şotlandiyadan Bakıya Azərbaycan uşaqlarına ingilis dili dərsi öyrətməyə dəvət olunan AAM-in ( Avropa Azərbaycan Məktəbi ) kafedra müdiri Brus müəllimi də axtarışa səslədim. Amma Vilyam Kol haqqında tutarlı məlumata rast gəlmədik.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi , tarix elmləri üzrə fəlsəfə doktoru, H.Z.Tağıyev irsinin nüfuzlu araşdırıcısı Fərhad Cabbarova müraciət etdim. Fərhad müəllim Şotlandiyadakı heykəl məsələsinin yazıçı Manaf Süleymanovun xatirələrindən, eşitdiklərindən irəlili gəldiyini, lakin hələ bunun tarixi fakt kimi elmi təsdiqinin olmadığını söylədi.

Axtarışlar hələ də davam edir. Od olmasa tüstü çıxmaz..Bəlkə də biz , heykəldən yox , büstdən danışmalıyıq. Hər halda yad ölkədə ucaldılan abidənin yeri-yurdu bilinməli, ədəbi, elmi və sənət əlaqələrinin tarixinə aydınlıq gətirilməlidir.

.... Atamın iş yerinin və vəzifəsinin böyüdülməsi ilə əlaqədar olaraq , orta məktəbi bir neçə rayonda oxumalı olmuşam. İş elə gətirib ki, həmişə yaxşı müəllimlərdən yaxşı dərs almışam. Müəllimlərim mənə qaranlıqda parıldayan işığın yolunu göstəriblər.

Mən həmişə Azərbaycanın işıqlı adamlarının təbiiğatçısı olmuşam. Bəlkə də bu, bir igidə tanınmaq üçün bəs edən ömür qədər siyasi maarif işində çalışmağımla bağlıdır. Tələbə kimi tələbəliyim olmayıb: universiteti qiyabi yolla, qeyb ola-ola bitirmişəm. Amma hər gün avtobuslarda sallana-sallana ali məktəblərə gedənlərdən pis oxumamışam. İngilis dilinə və ədəbiyyatına marağım da ali məktəbdən başlayıb.

1972-ci ilin fevalında Böyük Britaniya Universitetlərində rus dilini öyrənən ingilis və şotland tələbələrinin dəvəti ilə 15 gün Böyük Britaniyada səfərdə-təcrübə mübadiləsində olmuşam. O vaxtlar həm Azərbaycan Dövlət Universitetinin Azərbaycan filologiyası fakültəsinin qiyabi şöbəsinin son kursunda oxuyur, həm də leytenant Şmidt adına zavodda tokar işləyirdim. Böyük Britaniyaya səfərə hazırlaşanda Moskvada bizə düz üç gün "leksiya" oxudular; Bu sualı versələr, belə cavab verin, o sualı versələr elə cavab verin.

Təcrübə mübadiləsi amacni biz Böyük Britaniyanın paytaxtında , eləcə də Qlazqo, Aberdin, Edinburq kimi böyük şəhərlərin müxtəlif ali məktəblərində olduq, tələbələrlə, professor -müəllim heyəti ilə görüşlər keçirdik, fikir mübadiləsi apardıq. Heç kəs bizə çaşdırıcı sual vermədi, heç kəs bizi sovetləri qorxudan sual vermədi.

Heç kəsin yadına Vilyam Kol düşmədi . O Vilyam Kol ki yaxşı tanımadığı, bir-iki gün ( bəlkə də bir neçə gün ) ğonağı olduğu xeyriyyəçı , müsəlman dünyasının işıqlı adamı Hacı Zeynalabdin Tağıyevə heykəl ucaltdırmışdı.

Səfərdən qayıtdıqdan sonra "Qabaqcıl texnika uğrunda " çoxtirajlı qəzetinin 7 nömrəsində "İngiltərə görüşləri" adı ilə silsilə yazılarımı çap etdirdim. Amma bu yazılarda , təbii ki,o dövrün qanunlarına görə H.Z.Tağıyev kimi şəxslərin adı yox idi, çünki bu ad bizə vaxtılə bulvarda gülüş doğurmaq üçün quraşdurılmış əyri güzgülərdəki şəkillər kimi görünürdü.

Görkəmli jurnalist Osman Mirzəyev H.Z.Tağıyevsiz bu yazıları rus dilinə tərcümə edib çapa hazırladı. Səfərdə nümayəndə heyətimizin başçısı olan Qəşəm Aslanov o vaxtlar redaktoru olduğu "Azərbaycan gəncləri" qəzetinin iki nömrəsində "Təzadlar ölkəsində" adlı maraqlı yol qeydlərini oxucuların mühakiməsinə verdi, amma burada da H.Z.Tağıyev olmadı.

Yenə də amma...

Amma biz Böyük Britaniyanı "təzadlar ölkəsi" adlandırsaq da , özümüz təzadlar ölkəsində-SOVETLƏR AZƏRBAYCANINDA yaşayırdıq.

Bakıda şimal küləkləri əsirdi. Bu şimal küləkləri qoltuğunda atasının sənədləri olan yaşlı bir qadının uzun illər boyu daraq görməyən saçlarını üz-gözünə dağıdırdı. Onu dəli qələminə verənlərin sayı çox idi. Aradan bir müddət keçəndən sonra məlum oldu ki, onların elə özlərinin çoxu dəli imiş.

Atasının qaralanmış adını ağartmaq arsusu ilə Kömmunist küçəsi ilə Ali Sovetin binasına tərəf qoltuğu papkalı Sara xanımı mən hələ də o pəjmürdə görkəmi ilə xatırlayıram....

Sara xanıma gizlində kömək edənlər var idi. Sara xanıma dəliyə baxan kimi baxanlar da az deyildi....

Nə isə....

Söhbətin bu məqamında Cəlil Məmmədquluzadənin ""Dəli yığıncağı" pyesinin qəhrəmanı, cəmiyyətin dəli hesab etdiyi , amma hamıdan ağıllı olan FAZİL MƏHƏMMƏD İBN YƏQUB KÜLEYNİNİN arvadı Pırpız Sonaya dediyi sözlər yadıma düşür: " Neçə ildi özümü bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan. Yazığım sənə də , yazıq özümə də"

***

Vilyam Tol adicə səyyahdırmı, onun adı tam şəkildə necədir, İngiltərədə haqqında söz açılan heykəldən xəbəri olan varmı?

Həzərat, ...bu suallara cavab verməkdə oxuculara kömək edə bilərsinizmi?



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

türkoloq.


Bakı,
10.12.2012-ci il -31.12.2016.
Bu xəbər oxucular tərəfindən 925 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed