Şrift:
Bakını daşnak-bolşeviklərdən azad edən Nuru Paşaya Ənvər Paşanın əmri - “Şərqi Qafqaz hökuməti qurdur”
05.01.2017 [11:20] - Xəbərlər, DAVAMın yazıları
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.

Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. Yazıda istifadə olunan fotolar türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabından götürülüb.

Yazının əvvəlini bu linkdən oxuyun

IV YAZI

Nuru Paşa da İslam Ordusu adı verilən altı min əsgərdən ibarət olan birliklə Bakını mühasirəyə almışdı. Nuru Paşanın ilk hücumu uğurlu olmadı. Bakıya ikinci hücum isə Xəlil Paşa tərəfindən gerçəkləşdi. Nəhayət, ingilislərin əlində olan Bakı 1918-ci ilin sentyabrında Xəlil və Nuru Paşaların rəhbərliyi ilə İslam Ordusunun birlikləri tərəfindən ələ keçirildi. Xəlil Paşa Bakıya qərargah rəisi alman Parakuin ilə birlikdə daxil olmuşdular. Həmin alman zabiti Bakıda türklər və ermənilər arasında olan döyüşdən narahat olaraq Xəlil Paşadan ayrılır... Həmin günlərdə Təbriz də Kazım Qarabəki Paşa tərfindən düşməndən təmizlənirdi.

Bu arada Ənvər Paşa İslam Orduları Komandanı olan qardaşı Nuru Paşaya yeni bir əmr də vermişdi: “Şərqi Qafqaz hökuməti qurdur”.

Qurulması əmr edilən hökumət bir İslam hökuməti olmalıydı. Nuru Paşa və Xəlil Paşa yeni hökumət qurmaq üçün işə başlasalar da, ancaq buna nail ola bilmədilər. Burada olan məhzəb ayrılıqları Qafqazda bir islam dövlətinin qurulmasına mane olurdu.

1917-ci ildə baş verən oktyabr inqilabı nəticəsində Rusiyada hakimiyyətə bolşeviklər gəlir. Ancaq sovet idarəetməsi hələlik keçmiş Çar Rusiyasının bütün hər yanında bərqərar deyildi. Ənvər Paşa isə İranı almanlarla paylaşmaq, Azərbaycanda isə yeni bir dövlət qurmaq arzusundaydı. Vəziyyətə uyğun olaraq bu dövlətin başına ya özü, ya əmisi Xəlil Paşa, ya da qardaşı Nuru Paşa keçəcəkdi.

Ancaq ingilislər də boş durmurdu, onlar yenidən Bakıya göz dikmişdilər. İrandan yığdıqları pullu əsgərlərlə Bakı ətrafına qədər gəlib çıxmışdılar. Bu yandan da bolşevik qüvvələri Qafqaza doğru irəliləyirdilər...

Almanlar isə Bakının türklər tərəfindən ələ keçirilməsini heç cür qəbul edə bilmirdilər. Ənəvər Paşa Qafqaza çərkəz əsilli Yusif İzzət Paşanı göndərərək onun vasitəsi ilə Şimali Qafqaz dövlətini qurdurur. Bütün bunlara baxmayaraq, artıq Ənvər Paşanın da taleyi bəlli idi. Ancaq Ənvər Paşa bu tale ilə barışmaq istəmirdi. Qardaşı Nuru Paşaya teleqraf göndərərək Azərbaycana gəlmək istədiyini bildirir. Onun bu barədə nə düşündüyünü də soruşur. Sualına əmisi Xəlil Paşadan belə bir cavab alır: “Burada heç kimə güvənmək olmaz”.
Daha sonra olaylar bir-birini əvəzləyir: Tələt Paşanın hökuməti istefa edir. Bundan sonra Tələt, Camal və Ənvər Paşa Alman U-67 su altı qayığı ilə 1918-ci il noyabrın 7-də xaricə qaçırlar. İttihadçı paşalar Qara dənizdə alman su altı qayığı ilə Evpotraya keçirlər.

...Burada Ənvər Paşa Berlinə getmək üçün onlardan ayrılır və təkbaşına Moskvaya doğru yol alır. Taleyin işinə bax ki, ruslara qarşı aparılan müharibənin komandanı indi rus torpaqlarındadır. Paşanın mindiyi qayığı külək ağuşuna alır. Üç gün, üç gecə dalğalarla mübarizə apardıqdan sonra yenidən Kırımda sahilə çıxır.

Onu Rusyada nələr gözləyirdi, bunu bilmirdi. İllər öncə - 1907-ci ildə Əbdülhəmid hökumətinə qarşı Selanikdə dağa çıxan Ənvər, indi yenə də tək başınadır. Haradan biləydi ki, onun tale yolu Rusiyada başa çatacaqdı. Maraqlıdır ki, üç İttihadçı paşanın da taleyi eynidir: Tələt Paşanı Berlində, Camal Paşanı da Tiflisdə ermənilər öldürəcəkdi. Ənvər Paşa da tutduğu macərə yolunda bolşevik qüvvələri ilə Pamir dağınının ətəklərində üzləşdiyi döyüş nəticəsində orada can verəcəkdi...

Tələt Paşanın yerinə baş vəzir olan Əhmət İzzət Paşa İslam və Şimalı Qafqaz İslam ordularının buraxıldığını bildirir və beləliklə də Ənvər, Nuru və Xəlil paşaların Turan xəyallarına son verir.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinin şərtlərinə görə Bakı yenidən ingilislərə verilmiş və Ənvər Paşanın əmri ilə həyata keçirilən Azərbaycan səfəri böyük bir dramatik sonucla bitir. Ənvər Paşa xaricə qaçsa da, qardaşı Nuru Paşa Ərzurumda həbs edilmişdi. Əmiləri Xəlil Paşa da İstanbulu işğal edən ingilislər tərəfindən həbs edilərək Bəkirağa bölüyündə saxlanılırdı. Burada Xəlil Paşa bir yol taparaq ingilislərin əlindən qaçıb Şərqi Anadoluya gedir. Əslində Xəlil Paşa sinif yoldaşı Mustafa Kamal Paşaya güvənirdi. Mustafa Kamal Paşa da Xəlil Paşa ilə döyüşə gedir və burada Xəlil Paşaya önəmli bir vəzifə verir: Sovet hökumətindən hərbi yardım təmin etmək.

Bundan sonra Xəlil Paşa Moskvaya gedir...

***

Ənvər Paşa dənizdə düşdüyü fırtınadan sonra bir müddət Kırımda xəstə yatır. Səhhəti normallaşdıqdan sonra qatarla Berlinə yola düşür. Berlində onu Tələt və Camal paşalar qarşılayır.

İttihadçılar Çin Türküstanında, Əfqanıstanda, İranda və Şimali Qafqazda üsyanlar hazırlamağı planlaşdırırlar. Bunun üçün də ingilis və fransızlarla işbirliyi qurmaq istəyirlər. Ancaq döydükləri qapılardan heç bir dəstək ala bilmirlər. Məslə belə idi ki, əgər fransızlardan müsbət cavab alsalar, Ənvər Paşa həmin an Qafqaz və Türküstana gedəcəkdi. Fikirlərini söyləmək üçün Camal Paşa Fransanın Baş naziri Poinkare ilə görüşür...

Həmin vaxtlarda qarşılarına bir rus Marksisti də çıxır. Karl Radek... O, jurnalistdir. Ənvər Paşa Berlində sovet inqilabçısı həmin bu Karl Radeklə tanış olur. Həm Tələt Paşa, həm də Ənvər Paşa bu rus qiyamçısı ilə qaynayıb qarşırlar. Leninin yaxın dostu olan Radek bütün dövlətlərarası konfranslarda iştirak edir və sovet inqilabının yayılmasına çalışırdı.

Deyim ki, Radek yaxşı təşkilatçı idi. Həmçinin ittihatçılar da. Uzun fikir mübadiləsindən sonra Radek ilə Ənvər Paşa anlaşırlar. İlk hədəf Moskva idi.

Ənvər Paşa Radekin təşkil etdiyi təyyarə ilə yanında da ittihadçılardan Dr.Bahəddin Şakir ilə birlikdə Moskvaya gedirlər. Təyyarə Moskva əvəzinə səhvən Letonaya enir. Ənvər Paşanı orada həbs edirlər.

Qeyd edim ki, Bahəddin Şakir Qızlay həkimi, Ənvər Paşanın da səhiyyə zabiti kimiliyi var idi. Həbs olunduqdan sonra Ənvər Paşa gizli yolla almanlara xəbər göndərir. Xəbəri alan almanlar həbsxananın yaxınlığına bir təyyarə endirirlər. Bu arada Ənvə Paşa və Dr. Bahəddin Şakir nəzarətçiləri zərərsizləşdirərək təyyarəyə minməyi başarırlar.

Təyyarəyə minən Ənvər Paşa və dr. Bahəddin Şakir Berlinə uçurlar. Bundan sonra Ənvər Paşa ikinci dəfə təyyarə ilə Moskvara getməyə cəhd edir, lakin təyyarə yolda qəzaya uğrayır. Paşa yenə qəzadan sağ çıxır.

Bundan sonra Ənvər Paşa yenidən Berlinə qayıdır. Bu qədər qəzaya düşməsinə baxmayaraq, bir daha təyyarə ilə Moskvaya getməyə çalışır. Gedir də. Ancaq yenə də mindiyi təyyarə qəzaya uğrayır. Yenə də qəzadan salamt qurtarır. Bu dəfə də Estoniyada həbs edilərək Riqa xəbsxanasına salınır. Bir yolunu tapıb buradan da çıxıb təkrar Berlinə qayıdır. Ənvər Paşanın məqsədi Moskvaya gedib orada sovet rəhbərləri ilə görüşmək idi.
Ənvər Paşa İttihadçı liderlərdən bir olan Camal Paşaya 1919-cu ildə məktub yazaraq yeni siyasi düşüncələrini və planlarını açıqlayır:

“1. İslam millətlərinin qurtarılması;

2. Ortaq hədəfimiz Avropa imperializmi və kapitalizmidir.

3. Azad etdiyimiz ölkələrin iç siyasətini də dinin əsaslarına toxunmamaq şərti ilə sosializmi qəbul etmək!”

***

...Ənvər Paşa həbsdə olan Marksist Radekin həbsxanadan qaçırılmasına çalışır. İttihadçı və bolşevik təşkilatı Radekin həbsxanadan qaçırılması üçün yenidən bir ayara gəlir.

Ənvər Paşa da Radekin qaçırılmasından sonra Berlində qatarla Moskvaya doğru yola çıxır. Çünki rus Marksisti olan Radek ittihadçılara Moskvanın yolunu açmışdı. Bu yolda Alman xüsusi xidmət orqanları da bütün gücləri ilə ittihadçılara dəstək olurdu. Bu dəstək alman generalı Zekt tərəfindən təmin edilirdi. Qeyd edim ki, daha öncə Ənvər Paşanın həbsxanadan qaçırılmasını alman generalı Kostrinq təşkil etmişdi. Ənvər Paşa Moskvaya gəldikdən sonra burada rus marksistləri ilə əlaqə yaratmağa başlayır. Maraqlıdır ki, həm vaxtlarda Ənvər Paşanın əmisi Xəlil Paşa da Moskvada səfərdə idi. Ənvər Paşa “Əli” kod adı ilə, Xəlil Paşa isə “Yoldaş Xəlil” kod adından istifadə edirdilər.

Qeyd edək ki, Yoldaş Xəlil Moskvaya Mustafa Kamal tərəfindən görndərilmişdi. Səfəri zamanı Sovet Xarici İşlər naziri Çiçerinlə görüşən Xəlil Paşa Ankara hökuməti adından Sovet hökumətindən silah və pul köməyi istəyir. Razılaşma əldə olunur və Sovet hökuməti Ankaraya külçə qızıl və silah göndərir.

Xəlil Paşa külçələri Şərq Cəbhəsinin qərargah rəisi Kazım (Orbay) Paşaya təslim edir. Elə həmin günlərdə Lenin də Şərq Xalqlarının Qurultayını keçirməyə hazırlaşırdı...

Şərq Xalqları Konqresi 1920-ci il sentyabrın 1-də Bakıda 1831 nəfərin iştirakı ilə öz işinə başlayır. Konqresə sədrliyi Zinovyev edir. Konqresdə iştirak etmək üçün Ənvər Paşa, dr. Bahəddin Şakir, dr. Nazım kimi ittihadçılar bərabər Türkiyə Kommunist Partiyasından Mustafa Suphi də iştirak edirdi. Anadolu hökuməti də konqresdə iştirak etmək üçün öz nümayəndələrini göndərmişdi: Dr. Tevfik Rüştü (Aras), Fuat (Carım), dr. İbrahim Tali (Öngörən) və s. Ümumilikdə Türkiyədən 235 nəfər gəlmişdi.

Konqresdə iştirak edən Ənvər Paşaya qarşı etirazlar səslənməyə başlayır. Bu halda Zinovyev Ənvər Paşanı müdafiə edir: “...Osmanlı ordusunu sabiq baş komandanı konqresə qatılıb. O, özünü üçüncü beynəlmiləlin səmimi bir tərəfdarı olduğunu söyləyir.”

Konqresdə Şimali Afrika Müsəlmanlarının təmsilçisi kimi iştirak edən Ənvər Paşa hazırladığı çıxışını oxuyur:
Paşa çıxışına “Yoldaşlar” deyə başlayır. Turançı Ənvər Paşa Beynəlmiləl Kommunistlərin prinsiplərinə bağlı olduğunu açıqlayır və belə bir zəmanət verir: “İndiki döyüşü əvvəlkilərlə müqayisə etməyin. Türk ordusu imanla irəliləyir. Şərq dünyasının üçüncü beynəlmiləl ölkə ilə müttəfiq olduğunu və öz haqlı davalarını bütün məzlum və səfillərin hüquqularının qorunmasına yardım edəcəyini bilir.”

Ənvər Paşa bir müddət öncə əmisi Xəlil Paşaya məktub yazaraq ona bir təklif edir: “Azərbaycan, Dağıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistandan süvari ordu toplayın. Ordunun başına keçim və bu ordu ilə Anadoluda yunanlarla ilə döyüşüm.”

Xəlil Paşa qardaşıoğlunun bu istəyini sovet hökumətinə çatdırır. Gələn cavab isə heç xoş olmur. Sovet hökuməti isə Ənvər Paşanı yox, Ankara hökumətinə dəstək verməyi uyğun görür. Ənvər Paşa isə Batumda 1030 saylı vaqonda cavab gözləyir. Gələn cavab isə onun ümidsizliyini daha da artırır. Mustafa Kamal Xəlil Paşanın Ənvər Paşa adına vasitəçilik etdiyini öyrənir və həmən andan da tədbir görməyə başlayır. Bundan sonra Fevzi Çakmak Kazım Qarabəkirdən Ənvər Paşanın tərəfdarı kimi tanınan Xəlil (Karsıalan) və Kazımın (Orbay) vəzifələrindən uzaqlaşdırılmasını istəyir. Yoldaş Xəlil isə Trabzona qayıtdıqdan sonra Ankara hökumətinin haqqındakı qərarını öyrənir. Verilən qərarda isə Xəlil Paşanın ittihadçıların toplaşdığı Trabzonda qalması məsləhət bilinməmişdi.

Lenin də bu yanda öz oyununu qurumuşdu. Əgər Mustafa Kamal Sakarya müharibəsini uduzsa, Lenin Ənvər Paşanı müsəlmanlardan ibarət ordu ilə Anadoluya göndərəcəkdi. Ənvər Paşa da bunu gözləyərək, öz planlarını qurur. Ancaq Mustafa Kamal Sakarya döyşünün qalibi olur.

Bundan sonra Ənvər Paşa və yoldaşları Marksist prinsiplərə söykənən “Xalq Şuraları Təşkilatı”nı qururlar. Sakarya döyüşünün qazanılmasından sonra onların Anadolu ilə bağlı xəyalları tamamilə puç olur.

Ənvər və Camal Paşa Rusiyada, ingilislərə qarşı Hindistanda, İranda və Əfqansıtanda üsyanlar qaldırmağı planlayırlar. Ənvər Paşa Türküstana doğru yola çıxır. Sovet inqilabçıları ilə araları soyumuşdu. Yolda həbs edilir və yenidən sonra sərbəst buraxılır.

Bu paşaların taleyi heç gətirmir. Camal Paşa 1922-ci ilin iyulun 21-də Tiflisdə öldürülür. Ənvər Paşa da 1922-ci ilin avqustunda 25 atlı ilə Pamir dağı ətəklərində Qızıl Ordunun hərbi hissəsinə hücuma keçir... və tüfəngdən atılan güllə ilə öldürülür.

İttihadçıların 1918-22-ci illər arasında qurduqları Turan xəyalları 1941-ci ildə yenidən yada düşmür. Almanlar Pan-Turan Hərəkatı üçün özlərinə uyğun bir lider də tapmışdılar: Bu, Ənvər Paşanın qardaşı, Qafqaz İslam Ordusunu sabiq komandanı Nuru Paşa idi!

Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed