Şrift:
Tarif Şurasının sədri dərman qiymətlərindən danışdı
06.01.2017 [12:12] - Sağlıq
“Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır”.
Bu sözləri iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “AZƏRTAC”a müsahibəsində deyib.
Nazir bildirib ki, vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar: “Məhz bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında bir sıra inkişaf etmiş və tam liberal Avropa ölkələrində də bu və ya digər formada dövlət tərəfindən tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkədə istehsalın hansı səviyyədə təşkil edilməsindən asılı olmayaraq optimal qiymətlərin formalaşmasına xidmət edir.
Dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzilərində isə baha qiymətə satılır. Hətta eyni istehsalçının dərman vasitələrinin qiymətləri Müstəqil Dövlətlər Birliyinə üzv olan bir sıra ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə bahadır. Qiymətlərin ucuzluğu o demək deyil ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətə diqqət yetirmirlər. Dərman vasitələrinin müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılması bazarın xüsusiyyəti ilə bağlıdır. Ümumi meyil belədir ki, hansı ölkələrdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, istehsalçılar həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər”.
Onun sözlərinə görə, tənzimləmədən əvvəl ölkəyə bir qutu dərman vasitəsi orta hesabla 3 ABŞ dollarına idxal olunduğu halda, hazırda 1,4 ABŞ dollarına idxal edilir.
Nazir onu da əlavə edib ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdirilir
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed