Şrift:
Mir Cəfər Bağırovun Pişəvəri ilə bağlı Stalinə məktubu - Ona danışmağı qadağan etmək lazım deyil
07.01.2017 [13:42] - Gündəm, DAVAMın yazıları
24 aprel 1946-cı ildə SSRİ ilə İran arasında neft sazişi bağlandıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri S.C.Pişəvəriyə bildirirlər ki, o daha Tehran hökumətinə qarşı çıxış etməsin. Amma SSRİ-nin İrandakı diplomatik korpusunun nümayəndələri Kremlə xəbər verirlər ki, Pişəvəri bu göstərişi yerinə yetirmir.

M.C.Bağırov S.C.Pişəvərinin gələcək taleyinə biganə qalmayaraq Demokrat Partiyasının liderini müdafiə məqsədi ilə Stalinə məktubla müraciət edir. Tədqiqatçı-alim Adıgözəl Məmmədovun kitablarından əldə etdiyimiz həmin məktubu Enter.News oxucularına təqdim edirik:

“Moskva, ÜİK(b)P MK Stalin yoldaşa

Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı Demokrat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetlərini izləyirik. Mühüm məsələlərdə bizimlə məsləhətləşməkdə davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxışı və bəyanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş imzalandıqdan sonra Pişəvərinin çıxışı və bəyanatlarında mərkəzi hökumətin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı ehyamlar tapmırıq.

Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxışı və bəyanatlarındakı ayrı-ayrı ifadələrə tez-tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırdılar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

Eyni zamanda ingilislər və amerikalılar son vaxtlar İran Azərbaycanında bizə qarşı öz həyasız təxribat fəaliyyətlərini gücləndirərək, məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təşkilatları açıq-aşkar dəstəkləməyə başlamışlar.

Azərbaycana münasibətdə Qəvamın davranışı da şübhəli görünür: bizim səfirimiz vasitəsilə Qəvam kürdlərin rəhbəri Qazi Məhəmmədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xahiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana getmişdir. Daxil olan məlumatlara görə, Qəvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cürbəcür vədlər verməklə, Qəvam çalışır ki, kürdlər Təbrizə tabe olmasınlar. Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İranın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxacaq çətinliklər haqqında danışmağı qadağan etmək lazım deyil.

M.C.Bağırov

İyul, 1946-cı il”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed