Şrift:
Kəlbəcərin keçmiş icra başçısı: “... gücüm çatmadı, getdim” -MÜSAHİBƏ
02.04.2012 [12:39] - Müsahibə
“Kəlbəcərin işğalı Azərbaycanda hakimiyyəti yıxmaq istəyən dövlətlərin əli ilə həyata keçirilirdi”

“Bəzi müxalifətçi dostlarımın apardıqları cılız siyasəti görəndə qəlbim ağrıyır”

Kəlbəcər rayonunun işğalından 19 il ötsə də bu hadisə ətrafında mübahisələr ittihamlar bu gün də davam edir. 1992-93-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Almaniyanın Frankfurt şəhərində mühacir həyatı yaşayan İlham Həsənlə əlaqə yaradıb bir sıra suallara cavablar aldıq.

İlham Həsən 1962-ci ildə Kəlbəcərdə doğulub. 1988-ci ildən xalq hərəkatına qoşulub. Azərbaycan Xalq Cəbhəsi Kəlbəcər rayon şöbəsinin sədri, Kəlbəcər könüllü özünümüdafiə batalyonunun komandiri, 1992-93-cü illərdə Elçibəy iqtidarı dönəmində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və hərbi qərargahın rəhbəri vəzifələrində işləyib.

- İlham bəy, Kəlbəcərin işğalı ilə bağlı 19 ildən sonra nə deyə bilərsiniz? Bu məsələdə özünüzü nə qədər günahkar bilirsiniz?

- Kəlbəcərin işğalı Azərbaycanda milli hakimiyyəti yıxmaq üçün ölkəmizdə siyasi, iqtisadi maraqları olan bəzi böyük dövlətlərin və onların ölkədəki nökərlərinin əli ilə həyata keçirilirdi. Özünü demokratik sayan bəzi dövlətlər də öz iqtisadi maraqlarına daha asan yolla çatmaq üçün Rusiya, İran və Ermənistan kimi işğalçı dövlətlərlə eyni mövqedən çıxış edirdilər. Qarabağın tamamilə azad olunmasında qərarlı olan, demokratik dəyərlərə əsaslanan milli dövlətçiliyimizi möhkəmləndirmək istəyən milli hökumət bunun nə qədər böyük rezonans doğuracağını və hansı böyük güclərlə qarşılaşacağını hər halda tam hesablamamışdı. Eyni zamanda daxildəki xəyanətin bu miqyasda olacağına inanmırdı. Müstəqilliyimizi təhlükə altına alacaq bütün şərtləri qəbul edilməz sayan milli hökümətimiz millətimizin demokratik dəyərlərə yiyələnməsi üçün hakimiyyət üçün riskli olsa da daxili siyasətdə də çox mülayim siyasət apararaq bəzi təxribatçı qüvvələri də cəzasız buraxdı. Bunu ona görə deyirəm ki, hələ 1992-ci ilin sonlarında bizə məlum idi ki, Azərbaycan hökümətinin uğurlu Qarabağ əməliyyatını heç cür qəbul etmək istəməyən və bu münaqişənin bitəcəyindən narahat olan Rusiya, daxildə bir qrup sərvət və hakimiyyət hərislərini gizli silahlandırmaqla ölkədə sabitliyi pozmaq, Elçibəy hakimiyyətini yıxmaq istəyirdi. Bir tərəfdən müharibə, digər tərəfdən kommunistlərin dağıtdığı iqtisadiyyat, Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyən güclü dövlətlərin təzyiqi hakimiyyətin nə qədər ağır bir şəraitdə işlədiyini göstərirdi. Belə bir şəraitdə Kəlbəcər işğal olundu. Kəlbəcərin və digər rayonlarımızın işğalı barədə çox yazılıb, deyilib, amma onu yaşamış biri olaraq detallarla hər halda günlərlə, aylarla danışsaq qurtarmaz. Ona görə də bu ümumi məsələlərə toxunmaqla bu sualınızı yekunlaşdırmaq istədim.

- Əgər heç bir suçunuz yox idisə, nədən ölkədən getmək yolunu seçdiniz?

- Bu sualınıza cavab vermək mənim üçün çox ağır olsa da çalışacam ki, qısaca cavab verim. Heç kimə sirr deyil ki, Rusiya, İran və Ermənistanın qiyamdan sonrakı fəaliyyəti Azərbaycanın döyüşən və milli demokratik qüvvələrini sıradan çıxarmağa yönəlmişdi. Məqsəd, Qarabağ uğrunda döyüşmüş Milli ordu mənsublarını yox edərək Qarabağ münaqişəsini istədikləri kimi həll etmək idi. O illərdə Qarabağ uğrunda döyüşmüş, müstəqilliyimiz uğrunda mübarizə aparmış digər insanlar kimi mənə qarşı da bütün iyrənc vasitələrdən istifadə olunaraq intensiv şəkildə təqiblər qorxunc yalanlarla, televiziya, mətbuat vasitəsilə ara vermədən aparılırdı. Həbsdən yeni çıxmağıma baxmayaraq yenidən heç bir əsası olmayan həbs qərarı çıxarmışdılar. Mənə yaxın insanları kütləvi həbslərə məruz qoydular. Bütün bu planlı şantajları durdurmağa gücümüz çatmadığı üçün bəzən özümü qınayırdım. Amma mənə təsəlli verən müstəqilliyimiz, torpaqlarımız uğrunda apardığım mücadilənin doğru olduğuna inanım idi. Bununla bərabər məndə belə fikir yaranmışdı ki, indiki halda nə xalqımıza nə də müxalifətə nəinki yardım edə bilirəm əksinə zərərim deyir. Bu haqsız şantajın ara verməsi üçün yaxın silahdaşlarımızla da məsləhət edərək müvəqqəti olaraq Azərbaycanı tərk etdim. Amma mən çıxandan sonra bu şantajın sistematik və planlı aparıldığını gördüm.

- Müxalifətin fəailiyyətini necə qiymətləndirirsiz?

- 1988-ci ildən aktiv azadlıq mübarizəsinə qoşulmuş bir insan kimi hələ o vaxtdan hərəkatda gördüyüm, aktiv mübarizə aparan bəzi müxalifətçi dostlarımın bəzən apardıqları çox cılız siyasəti görəndə qəlbim ağrıyır və bəzən düşünürəm ki, doğrudanmı bu insanlar dünyada və Azərbaycanda gedən prosesləri izləmirlər və yaxud görməzdən gəlirlər.

- Qürbətdən Azərbaycan necə görünür?

- Ağlıma bir misal düşür: “Qürbətin şahı olana qədər millətin nökəri olasan”. Amma bu Avropa ölkələrinin millətlərinin həyat şəraitini, dövlətlərinə bağlılığını, dövlətlərini millətlərinə gördüyü gözəl işləri və göstərdikləri hörməti görəndə bəzən qısqanıram. Qısqanıram ona görəki nə milli sərvətləri bizimkindən artıqdır nə də coğrafi mövqələri bizimkindən yaxşıdır, sadəcə milli dövlətçilikləri onların dünyada layiqli yer tutmalarına imkan verir. Ancaq unutmamaq lazımdır ki, bu insanlar bugünkü vəziyyətə çox şəhidlər verərək gəliblər. Azərbaycandan kənarda olsaq da, davamlı əlaqə saxladığımız üçün digər sahələr kimi təhsil sahəsindəki eybəcərliklər də bizi çox narahat edir. Axı millətin gələcəyi onun övladlarının aldığı təhsildən asılıdır.

İcra başçısı döyüş zamanı

Kəlbəcərin keçmiş icra başçısı: “... gücüm çatmadı, getdim” -MÜSAHİBƏ
Bu xəbər oxucular tərəfindən 1568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed