Şrift:
Qazanılmış zəfərlərin unudulmuş qəhrəmanı... (I HİSSƏ)
11.10.2011 [19:40] - Gündəm
ASALA-nın qənimi Abdullah Çatlı kimdir?

Artıq yazının qəhrəmanının ölümündən 15 il keçir. İllər bir-birini əvəzlədikcə hadisələrdən yavaş-yavaş sirr pərdəsi də çəkilir təbii ki. Ölümündən sonra bu qəhrəman Türkiyədə az qala hər çirkli olaya səbəb göstərildi. Axı bir insan bu qədər şeyə təkbaşına səbəb ola bilməzdi. O, həmişə deyərdi ki, insan dəyər verər, sonra o dəyər verdiyindən zərbə alar, daha sonra səbr edər və sonda zəfər çalar. Dəyər verdiyi bir çoxlarından əvəzində zərbə almışdı çünki.

Kim idi Abdullah Çatlı? Müxftəlif cür cavablar vermək olar. Məsələn, Avropada ona ASALA-nı bitirən adam deyirlər. Türkiyədə millətçilər isə ona RƏİS deyə müraciət edərdilər. Ölümündən sonra isə xalq üçün o, "qazanılmış zəfərlərin unudulmuş qəhrəmanı oldu".
Gənclik illəri
Çatlıların soyu türkmən qrupuna gedib çıxır. Çatlının babası Hacı Mehmet Trablus Qərb döyüşündə Atatürkün yanında 5 il topçuluq etmişdi. Savaş bitdikdən sonra ona gümüş qılınc hədiyyə olunmuş və o gündən ləqəbi "Kılıç Mehmet" olmuşdur. 1925-ci ildə o dönəm azlıqların köç etdiyi Nevşehirin Çat kəndinə köçürlər. 1956-cı ildə Ahmet və Rəmziyyə Çatlının 4-cü uşaqları Abdullah dünyaya gəlir. Abdullah Çatlının gənclik illəri Türkiyənin çox qarışıq bir dövrünə təsadüf edir. Sağçı-solçu davasının qızğın bir dövründə böyüyür Abdullah. Ancaq o, bunların içində özünə ülkü ocaqlarında yer tapır və elə gəncliyinin ən qaynar dönəmini Nevşehir Ülkü ocağında keçirir.
İlk illərdən dərin zəkası, idarəçilik qabiliyyəti ilə ətrafındakılardan seçilən Çatlı Ankara Universiteti Maliyyə və Mühasibatçılıq bölümünə daxil olur. 16 avqust 1974-cü ildə qonşusu Meral Aydoğanla evlənir və bu evlilikdən 22 may 1975-ci ildə ilk qızları Gökçen anadan olur. Bacarığı sayəsində hələ universitet illərində ülkü ocaqları idarə heyətinə, 1977-ci ildə isə 21 yaşında Ankara Ülkü Ocaqları Başkanı olur. Daha sonra fanatik millətçilərlə arasında fikir ayrılığı meydana çıxdığından öz təşkilatını qurub, daha ağıllı addımlar atmağa başlayır.
"Çırpınırdı Qara dəniz" mahnısını dinləməyi çox sevən Çatlı çox keçmir ki, 25 may 1978-ci ildə Türkiyə Ülkü Ocaqları dərnəyinə II Başqan seçilir. Yaxın ətrafı ona Rəis deyə müraciət edirdi. Az yaşı olmasına baxmayaraq, hadisələri öncədən analizetmə qabiliyyəti hamıda ona qarşı heyranlıq yaradırdı.
Hakimiyyət onu necə neytrallaşdırdı?
Çatlının nüfuzu Türkiyədə get-gedə artmaqda idi. Nəinki onunla əks cəbhədə olanlar, hətta elə ülküçülərin özündə də onu gözü götürməyənlər vardı. Çatlının təşkil etdiyi mitinqləri dayandırması üçün artıq yüksək vəzifəli dövlət məmurları onun ayağına gəlirdi. Bir sözlə, yüksək sistem Çatlıdan narahat olmağa başlamışdı. Tezliklə onu neytrallaşdırmaq lazım idi. Elə o dönəmlərdə Hacettepe Universitetnin müəllimlərindən dosent Bedrettin Comert öldürülür, Ankara Bahçelievlər istiqamətində 7 nəfərin ölümü ilə nəticələnən "7 TİP-li cinayət"i baş verir. Hər iki cinayətdən şübhəli olaraq Çatlı 23 avqust 1978-ci ildə həbs olunur. Bu onu neytrallaşdırmaq üçün ustaca düşünülmüş bir plan olur.
O vaxtlar kim bu cür cinayətlərlə ittiham olunurdusa, tezliklə ölüm cəzası verilirdi. Bu aqibət Çatlını da gözləyirdi. Ona görə də o, həmin ildə həbsxanadan xaricə qaçmağa məcbur olur. Elə o vaxtdan bir də ölümünədək Çatlı müxtəlif adlarla fəaliyyət göstərir. Çünki onun tutulması üçün İnterpola müraciət edilmişdi.
Sonrakı illərdə Hasan Dağaslan, Mehmet Saral, Mehmet Özbay, Hasan Çahçıoğlu, Şahin Ekli kimi adlar və pasportlarla fəaliyyətini davam etdirmişdi. Düşmənlər istəyinə nail ola bilmişdi. Çünki o, bir daha Çatlı olaraq fəaliyyət göstərə bilməyəcəkdi. Lideri səhnədən uzaqlaşdırmışdılar...
Bir müddət Bolqarıstan və Vyanada qalan Çatlı, vətənindən kənarda da vətəni üçün ən çətin şərtlər daxilində olsa belə nələrisə etməyə çalışırdı. O, bu və ya digər səbəbdən vətəni tərk etməli olan ülküçülərdən güvəndiklərini ətrafına toplayıb yeni fəaliyyət istiqaməti seçir. Yəni ASALA-nın kökü qazınacaqdı...
"MİT bizə 1 milyon
dollar təklif etdi"
Beləliklə, Çatlı ətrafına yığdığı adamlarla 1973-85-ci illərdə xeyli sayda türk diplomatını öldürən ASALA-ya qarşı mübarizə aparacaqdılar. Qəlbi vətən eşqi ilə döyünən ülküçülər şərəflə bu missiyanı üzərlərinə götürməklə türk tarixinə düşmək istəyirdilər və elə düşdülər də. Bu niyyətlərindən MİT xəbər tutmamış deyildi. Çünki 1983-cü ildə MİT Çatlının təşkilatı ilə əlaqə yaradır.
O vaxtlar ASALA tərəfindən diplomatlara qarşı edilən sui-qəsdlərin qarşısını almaqda çətinlik çəkən Türkiyə Fransa və digər Avropa ölkələrinə cinayətkarların tutulması haqqında dəfələrlə nota göndərsə də, heç bir nəticə yox idi. Çox güman ki, bu səbəbdən ASALA ilə Çatlı vasitəsi ilə mübarizə aparma yolu seçilir.
Çatlının dostu Oral Çelikin dediklərindən: "MİT-ə ən yaxın dairələrdən bizə təklif gəldi. 1 milyon dollar təklif olundu. Biz gülərək, ancaq xərclərimizi ödəyəcək miqdarda pul istədik. Əvəzində şərtlərimizi dedik və qəbul edildi. 12 dostumuz həbsdən çıxmalı, edamlar durdurulmalı, "7 TİP-li cinayəti" yenidən incələnməli, xaricdəki səfirliklərimiz pasportlarla təminatımıza kömək etməli idilər".
Bu vədlərin bəzisi yerinə yetirilməyəcəkdi, amma... Vətəndən kənarda vətən üçün çarpışan bu fədailər hər çətinliyə sinə gərməyi gözə almışdılar. Ayrı-ayrı əyalətlərdə, şəhərlərdə qalmaqla dəfələrlə ad dəyişdirməyə, məkan dəyişdirməyə məcbur olan, tək özlərini deyil, ailələrini də bu təhlükəylə üz-üzə qoyan bu şəxslər böyük həvəslə işə başlayırlar.
Çatlının qızı Gökçen Çatlı öz xatirələrində atasının hər dəfə onlara yeni adlarını əzbərlətdiyini, özlərini təhlükəli şəxlərə qarşı necə aparmalı olduqlarını izah etdiyini, hələ bunların nə üçün, kimə qarşı olduğunu anlamadan onları da bu mübarizənin bir parçasına çevirdiyini qeyd edir.
7 ölkədə 28 əməliyyat və...
1973-85-ci illərdə qeyd etdiyimiz kimi onlarca türk diplomatı ASALA tərəfindən qətlə yetirilir. Rəsmi etirazlar, notalar heç bir fayda vermir. Və elə bu ərəfədə "Çatlı təşkilatı" düşmənlə öz dilində danışmağa qərar verir. Sadiq milətçi dostları ilə təşkilatlanan Çatlı türk tarixinə ASALA-nın kökünü qazıyan biri kimi düşür. ASALA Avropada çox möhkəm dayaqlara malik bir qruplaşma idi və onu asanlıqla məhv etmək çətin idi. Təşkilat olaraq 1970-ci illərdə yaranan ASALA, 1981-ci ildə siyasi proqramını açıqlayır, yəni demokratik, sosialist və inqilabçı hökümət rəhbərliyi ilə Böyük Ermənistanın qurulması. Bu yolda əsas hədəf Türkiyə və Türk dünyası seçilir. Bütün erməni liderləri Livana toplaşaraq terroru təməl vasitə seçirlər. KQB-nin Orta Şərq bölməsinin rəhbəri Brutens trəfindən Akop Akopyan vasitəsi ilə idarə edilən təşkilat 1983-cü ildə İsrailin Livanı işğalı səbəbindən oranı tərk edərək 2 qanada parçalanır. Akop Akopyan qrupu Yunanıstan və Orta Şərq bölgəsində, Monte Melkonyan və Ara Toranyan isə Qərbi Avropada məskən salır. Avropanın müxtəlif şəhərlərində türk diplomatlarına qarşı terror aktları hazırlayırlar. Amma Çatlı təşkilatı da boş durmur təbii. Onlar adətən 2 istiqamətdə işlər görür. Ölkələrinə qarşı planlaşdırılan terror aktları ilə bağlı məlumat toplayır və lazım olduqda həmin ölkədə əməliyyatlara rəhbərlik edərdilər. Avropanın göbəyində güclü dəstəyə malik ermənilərə qarşı mübarizə aparmaq asan olmasa da ortaya milli ruh qoyulduğundan uğurlar da ard-arda sıralanırdı. Hələ Çatlı özü həbsxanada olarkən cızdığı planla ASALA lideri Akop Akopyan Afinada küçədəcə öldürülür. Olanlar bununla bitmir. Belə ki, " 5 dekabr 1983 " Paris-erməni Gənclik Təşkilatının binası bombalanır.
" 1 may 1984 " erməni qərargahlarından biri bombalanır.
"erməni abidəsi, erməni idman klubu, erməni təcridxanası və ermənilərə məxsus nəqliyyat vasitələri, erməni radio bürosu, Paris-erməni kilsəsinə qoyulan bombalar ASALA-nın içinə bərk təşviş salır.
Bu əməliyyatların da səbəbi onları qorxuya salmaq və türklərin də əks cavab verə biləcəyini onlara çatdırmaq idi. Əməliyyatlar elə ustalıqla həyata keçirilirdi ki, heç bir izə rast gəlmək olmurdu. 22 mart 1983-cü ildə təşkilatın digər bir lideri Toranyana sui-qəsd hazırlanır. Lakin birinci cəhd alınmır. İkinci cəhddə Toranyanın marketdən çıxarkən öldürülməsi planlaşdırılır, lakin polislərin olması bu cəhdi də uğursuz edir. Üçüncü cəhddə avtomobilinə bomba qoyulur və bu dəfə də Toranyan yaralanmaqla canını qurtara bilir. Amma o, mütləq öldürülməli idi. Neçə-neçə Türk diplomatının öldürülməsi planını şəxsən hazırlayanlardan idi o. 4-cü dəfə 20 gün qarabaqara izlənildikdən sonra Sena çayının ətrafında səhər qaçışına çıxan Toranyanı o dünyaya göndərirlər.
"Abdulla Çatlını odunla döyə-döyə öldürdük"

(davamı gələn sayımızda)


Rafiq HUNALTAY
Bu xəbər oxucular tərəfindən 3399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed