Şrift:
AVROPA İTTİFAQI – AZƏRBAYCAN: VİZA SADƏLƏŞMƏSİ
02.04.2012 [15:08] - Gündəm, Hüquq
Azərbaycan hələ ki, Avropa İttifaqının (Aİ) vizalarla bağlı “Qara siyahı”sındadır. 2001-ci ildən Aİ ölkələri “ağ siyahı” və “qara siyahı” olmaqla iki qrupa bölüb. “Ağ siyahı” ölkələrinin vətəndaşları Şengen ərazisinə vizasız daxil ola və orada 3 aya kimi vizasız qala bilərlər. Azərbaycan “qara siyahı”dadır. Bu tip ölkələrin vətəndaşları üzv ölkələrin ərazilərinə daxil olmaq üçün viza təqdim etməlidir.

Azərbaycanla Aİ arasında geniş əhatəli münasibətləri nəzərdə tutan müqavilə - Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) 1996-cı ildə bağlansa da, viza ilə bağlı məsələlər 2009-cu ildə Praqada “Şərq tərəfdaşlığı” proqramının qəbul edilməsi ilə başladı. Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu proqram Aİ-nin Şərq qonşuları ilə əməkdaşlığının aktivləşdirilməsini nəzərdə tutur. Proqramın digər əsas və uzunmüddətli məqsədlərindən biri də Azərbaycan üçün viza rejiminin tam liberallaşdırılmasıdır. Aİ MDB-nin bir neçə ölkəsinə viza rejiminin asanlaşdırılmasını (hətta gələcəkdə vizasız gediş-gəlişi), eyni zamanda azad ticarət zonalarını təşkil etməyi və strateji müqavilələrin bağlanmasını təklif edir.

Avropa İttifaqı Şurası 9 dekabr 2011-ci ildə readmissiya və viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların aparılması üzrə Avropa Komissiyasına mandat verib.

İlk raund baş tutdu

Cari il martın 1-2-də Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı danışıqların birinci raundu keçirildi. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia ilk raundu belə şərh edir: “Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında mühüm hadisədir, biz Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı konkret danışıqlara start vermişik. İki gün ərzində çox məhsuldar danışıqlar aparmışıq, Azərbaycan tam hazırlıq və konstruktiv mövqe nümayiş etdirdi. Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri bir medalın iki tərəfidir, hər iki tərəfdaş buna siyasi iradəsindən asılı olaraq öz tempi ilə çatacaq. Biz bilirik ki, Azərbaycan xalqı bunun arzusundadır”.

Müzakirə olunan sazişlər bütün vətəndaşlar üçün viza rüsumunun azaldılmasını, Aİ ölkələrinin ərazisində 10 gün ərzində 90 günədək qalmaq üçün viza verilməsini, müəyyən kateqoriyadan olan insanların viza rüsumunu ödəməkdən azad olunmasını, zəruri sənədlərə 10 təqvim günü ərzində baxılmasını, xüsusi kateqoriyadan olan insanlara çoxdəfəlik giriş vizalarının verilməsini, təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobilliyin artırılmasını nəzərdə tutur. Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev danışıqların ilk raundunu silsilə müzakirələrin başlanğıcı kimi qiymətləndirir: “Hələ ki, hər hansı sənədin qəbul edilməsindən söhbət gedə bilməz. Sənəd yekun mərhələdə qəbul olunacaq. Müzakirələrin nə vaxta kimi davam edəcəyi danışıqların gedişindən asılıdır”.

Aİ ilə viza müzakirələrində hansı məqamlarda anlaşılmazlıq olduğuna gəlincə, E.Abdullayev deyir ki, bu barədə danışmaq hələ tezdir: “Hələ ki, istiqamətlərimizi, prioritetlərimizi müəyyənləşdiririk. Aİ bilir ki, Azərbaycanın maraqları nədir, biz də bilirik ki, Aİ hansı təklifləri irəli sürür. Bu məlumatlar hələ ki, xidməti xarakter daşıyır. Hansı təkliflər ətrafında razılaşıb-razılaşmadığımızı sonda açıqlayacağıq”.

Viza sadələşməsi üçün tələblər

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üçün sərhədlərin təhlükəsizliyi və idarə olunmasının təkmilləşdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və readmissiya sazişlərinin imzalanması əsas şərtlər kimi nəzərdə tutulur. Ekspert Əlövsət Əliyev deyir ki, sərhədlərin təhlükəsizliyinin icrası üçün ilk vacib şərtlərdən biri maşınla oxunan biometrik pasportların tətbiqinə başlanmasıdır. Hələ ki, biometrik pasportların tətbiqinə başlanılmayıb. Lakin 2007-ci ilin fevral ayının 13-də dövlət başçısı “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramın məqsədi milli təhlükəsizlik sistemini modernləşdirmək və terrorizmlə, tənzimlənməyən miqrasiya, insan alveri və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə daha effektli mübarizə aparmaqdır. Dövlət proqramının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. 2007-2009-cu illəri əhatə edən birinci mərhələ zamanı aşağıdakılar planlaşdırılmışdı:

- Bu sahədəki mövcud qanunvericiliyi inkişaf etdirmək və təkmilləşdirmək;

- Biometrik identifikasiyanı tənzimləyən yeni qanunlar qəbul etmək;

- Dövlətin miqrasiya proseslərinə nəzarətini gücləndirmək;

- Sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya

resurslarını formalaşdırmaq və təkmilləşdirmək.

Bu mərhələdə görülməli olan işlər başa çatdırılmayıb.

Dövlət proqramının 2010-2012-ci illəri əhatə edən ikinci mərhələsində idarəçiliyin müxtəlif sahələrində biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi planlaşdırılıb. Yeni rəqəmsal pasport, viza və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi başqa şəxslərin şəxsi məlumatını istifadə edərək törədilən cinayətlərə son qoyacaq. Azərbaycan Respublikasında “Biometrik informasiya haqqında” qanun qəbul edilsə də, həmin qanunun tətbiqinə başlanmayıb. Qanuna əsasən, biometrik məlumatlara barmaq, ovuc və üz izləri, göz qişası, səs fraqmenti və onun akustik xüsusiyyətləri, DNT analizinin nəticəsi, bədənin ölçüləri və özəl xüsusiyyətləri, imza və sair aid edilir. Dövlət qeydiyyatı ilə bağlı məlumat bazası yaradılmalı və həmin bazaya:

- Azərbaycan Respublikası vətəndaşları haqqında;

- Azərbaycanda daimi yaşayan xarici vətəndaşlar haqqında;

- Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar daxil edilməlidir.

2011-ci ilin dövlət büdcəsində biometrik pasportların çapı və tətbiqi üçün 23,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Ancaq bu reallaşmadı. Dövlət proqramına görə, biometrik pasportlaşdırma 2012-ci ildə başa çatdırılmalıdır. Ancaq bu da reallaşamayacaq. Belə ki, dövlət başçısının 8 fevral 2012-ci il tarixli fərmanına görə, vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi 2014-cü il yanvarın 1-dən təmin ediləcək.

Azərbaycandan viza sadələşdirilməsi ilə bağlı qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasının tələb edildiyini vurğulayan ekspert Vüqar Bayramov ölkədə hələ də biometrik pasportların tətbiqinin həyata keçirilmədiyini deyir: “Baxmayaraq ki, viza sadələşdirilməsi üçün əsas tələblərdən biri biometrik pasportların tətbiqidir. Biometrik pasportların tətbiqi xarici pasportların dəyişdirilməsinə gətirib çıxaracaq. Bu pasportların səhflərinin sayı çox olduğundan ölkə vətəndaşlarının ondan daha çox istifadə etmək imkanları olacaq. Belə ki, hazırda xarici pasportların müddətinin 10 il olmasına baxmayaraq səhifələrin sayının azlığı səbəbindən müddət başa çatmadan pasportlar dəyişdirilir. Biometrik pasportlarda bu halın nəzərə alınması olduqca vacibdir”.

Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üçün Azərbaycanın sərhəd idarəetmə sistemi təkmilləşdirilməli, bu sahədə müvafiq məlumat bazasının yaradılması təmin olunmalıdır. Sərhəd idarəetmə sisteminin təkmilləşdirməsi üçün 22 aprel 2008-ci ildə dövlət başçısı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” əsasnaməni təsdiq edib. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyəti çərçivəsində fəaliyyətinin informasiya təminatından, həmçinin şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi məsələləri ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir.

Ə.Əliyev deyir ki, burda da çatışmazlıqlar var: “Bura yalnız Dövlət Miqrasiya Xidmətinin məlumatları yerləşdirlib. Digər dövlət oranlarının, məsələn Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin ölkədən çıxardıqları, o cümlədən Xarici İşlər Nazirliyinin “Qara siyahı”ya saldığı şəxslərin məlumatları bura daxil edilməyib”.

Sərhəd nəzarətinin gücləndirilməsi üçün 22 fevral 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun qəbul edilib. Həmin qanuna görə, aşağıdakı şəxslər Azərbaycanda mütləq daktiloskopik qeydiyyatdan keçməlidirlər:

- müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları;

- sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;

- mədən və şaxtalarda işləyənlər;

- dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;

- şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- Azərbaycan Respublikasında siyasi sığınacaq , habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.

Ə.Əliyev bu qanunun da icra olunmadığını deyir.

Aİ ölkələrinə inteqrasiya üçün həm də miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində fəaliyyət gücləndirilməlidir. Azərbaycanda miqrasiya siyasətini Dövlət Miqrasiya Xidməti müəyyən edir. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Ə.Əliyev deyir ki, Dövlət Miqrasiya Xidmətinin təşkilini, 30 iyun 2009-cu ildə “Bir pəncərə prinsipinin” tətbiqini immiqrant statusu və qaçqın statusu verilməsi qaydaları sahəsində təcrübənin formalaşdırılmasında uğur kimi qiymətləndirmək olar.

Readmissiya sazişləri

Readmissiya - dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir. Readmissiya sazişi - hər hansı bir dövlətin ərazisində qeyri-qanuni vəziyyətdə olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmanın imzalanmasıdır.

Ə.Əliyev deyir ki, Aİ-yə üzv ölkələrlə Azərbaycan arasında aparılan uzunmüddətli danışıqlar hələ ki, nəticə verməyib: “Azərbaycan bu sazişləri imzalamaqdan yayınır. Readmissiya sazişlərindən imtina öz vətəndaşlarının qanunla qorunan hüquq və azadlıqlarının müdafiəsinə təminat verməmək, onları qayıdış şəhadətnaməsi və ya şəxsiyyəti təsdiq edən digər sənədlərlə qəsdən təmin etməməkdir. Azərbaycan Aİ ölkələri ilə bu sazişlərə imza atacağı halda Aİ ölkələrində qanunsuz yaşayan Azərbaycan vətəndaşı olan miqrantları, habelə Azərbaycandan tranzit ölkə kimi istifadə etməklə həmin ölkələrə getmiş əcnəbi və vətəndaşlığı olmayan şəxsləri qəbul etməlidir”.

Readmissiya sazişlərinin ikitərəfli və çoxtərəfli müqavilələrlə təsdiq olunduğunu vurğulayan Ə.Əliyev deyir ki, belə sazişlərin imzalanması Aİ ilə viza rejiminin sadələşdirilməsinə dərhal müsbət təsir göstərir: “Məsələn, Rusiya Federasiyası ilə Aİ-yə üzv olan bəzi ölkələr arasında belə müqavilənin bağlanması viza üçün nəzərdə tutulan rüsum məbləğinin azaldılması ilə nəticələndi. Eyni zamanda həmsərhəd olan bəzi ölkələrə Rusiya Federasiyası vətəndaşlarının müəyyən şərtlər çərçivəsində vizasız gediş-gəlişinə şərait yaradıldı. Hesab edirik ki, Azərbaycan Respublikası da Azərbaycanda qanunsuz miqrantların sayının azaldılması üçün Aİ-yə üzv olan ölkələrlə yanaşı ölkəyə vətəndaşları daha çox gələn Gürcüstan və bəzi Orta Asiya ölkələri ilə belə müqavilələrin bağlanması istiqamətdə fəaliyyətini artırmalıdır”.

R.Kobia da qeyd edir ki, readmissiya sazişi Aİ və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmləri nəzərdə tutur: “Hər iki saziş bir-biri ilə sıx bağlıdır və yalnız eyni zamanda imzalanıb qüvvəyə minə bilər. Hər iki saziş “Şərq tərəfdaşlığı”nın kontekstində daha geniş nəzərdən keçirilməlidir. Aİ ölkələrinə səfər edən tərəfdaş ölkələrin vətəndaşları üçün viza rejiminin aradan qaldırılması “Şərq tərəfdaşlığı”nın əsas uzunmüddətli hədəflərindən biridir. Yaxın perspektivdə isə “Şərq tərəfdaşlığı” viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanmasını nəzərdə tutur (bu sazişlər artıq Ukrayna, Moldova və Gürcüstanla imzalanıb). Mobillik əsas hədəflərdən biri olaraq qalır, tərəfdaş ölkələrə gələcəkdə Aİ ilə vizasız rejim vəd olunur”.

Azərbaycanın readmissiya sazişlərinə yanaşmasını şərh edən E.Abdullayev isə deyir ki, hələ ki, hazırda bir şey demək çox çətindir: “Əslində biz maraqlıyıq ki, Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi və onun ətrafında məsələlər müzakirə olunsun və öz həllini tapsın. Danışıqlar ona görə var ki, məqamlar razılaşıdırılsın”.

Bəkir NƏRİMANOĞLU

Yazı Avrasiya Əməkdaşlıq Fondunun Avropaya inteqrasiya mövzusunda ən yaradıcı və ən maraqlı məqalə müsabiqəsinə təqdim edilir.
Bu xəbər oxucular tərəfindən 1636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed