Şrift:
“Erməni soyqırımı”nı ifşa edən - XIX - XX əsrə aid faktlar - ARAŞDIRMA
11.01.2017 [11:31] - Xəbərlər, DAVAMın yazıları
Ermənilərin etdikləri əməllər, törətdikləri qətliamlar barəsində illərdir ki, istər Türkiyə, istərsə də Azərbaycan alimləri ortalığa minlərlə sənəd, sübutlar qoyublar. Təəssüf ki, dünyada haqq-ədalətdən dəm vuranlar bu faktları hələ də görmək istəmirlər...

Bu baxımdan Sədi Koçaşın “Tarixdə ermənilər və Türk-erməni münasibətləri” kitabında olan faktlar olduqca maraq doğurur. Bu mənbədə ermənilərin törətdikləri əməllər haqqında bir sıra xarici ölkə təmsilçilərinin yazıları və münasibətləri var. Özü də o mənbələr ki, onların təmsil etdikləri dövlətlər hər zaman erməniləri müdafiə ediblər.

Bunlardan biri “Nyu-York Herald” qəzetinin müxbiri Sidney Uitmenin “Türkish Memories, 1914” adlı əsəridir. Həmin əsərin bir hissəndə deyilir:

“Trabzonda bir yəhudi mənə demişdi:

- Əgər bu hərəkətlərin birisi Rusiyada olsaydı, bir tək erməni sağ buraxılmazdı. Rusiyada ermənilər əsgərliyə götürülürlər, məmləkətlərindən çox uzaqlarda əsgəri qulluqda olurlar. Məktubları senzuradan keçirilir. Türkiyədə isə xoşbəxt həyat sürürlər. Dövlətlənirlər. Əsgərliyə getmirlər. Məktəbləri sərbəstdir. Milli tarixlərini öyrənirlər. Düşmənçilik təlqin edirlər.
Osmanlıda ermənilərin ayaqlanması və yaşadığı dövlətə qarşı xəyanətkar yol tutmalarının başlıca səbəbi xarici qüvvələrin əllərində oyuncağa çevrilən ermənilər və onların cəmiyyətləri olmuşdu. Həmin cəmiyyətlər xaricdən yönəldilən təbliğat və yardımların hesabına Türkiyə ermənilərini dövlətə qarşı qaldıran komitələrin əsasını qoydular. Elə bu komitələrin fitnəsi ilə də yaşadıqları dövlətin içini oymağa başladılar. Hətta bir az da irəli gedib üsyanlara başladılar. Bu üsyanları da onların din xadimləri idarə edirmiş. Rus generalı Mayevski bu barədə yazır:

“Erməni ruhani başçılarının din xüsusunda fəaliyyətləri, səyləri yox kimidir. Bunun müqabilində milli fikirlərin inkişafı xüsusunda həddən çox əmək sərf etmişlər. Yüz illərdən bəri belə fikirlər əsrarlı monastrların səssiz divarları içində artmış və inkişaf etmiş, buralarda dini ayinlər əvəzinə xristian-müsəlman düşmənçiliyi təlqin etmişlər. Bu müddətdə dini təəssüb əvəzinə düşmənçilik hissləri tərbiyə edilmişdir”.

Hətta bütün bu cəhətlər ermənilərin özlərinin yazdıqları əsərlərdə də etiraf edilir. Mikael Ovanesyan 1906-cı ildə Tiflisdə erməni dilində çap olunmuş “Daşnaksutyun və müxalifləri” adlı əsərində yazır:

“Ruslar kimi müdhiş bir canavara qarşı çıxmaq çətindir. Türkiyə fəaliyyət üçün daha əlverişlidir”.

S.Qabirelyan isə 1905-ci ildə Bostonda çap etdirdiyi “Erməni böhranı və yenidən doğulma” adlı əsərində “Xatırlanmalıdır ki, erməni məsələsinin yaranmasından bəri vilayətlərdə və mərkəzdə keçirilən nümayişlər daim Qafqaz erməniləri tərəfindən keçirilmişdir. İnqilab vədləri və dərsləri üçün Rusiya ermənilərinə borcluyuq. Rusiya Osmanlıya qalib gəldiyindən, Rusiya erməniləri Osmanlını saya salmır, onlarla hesablaşmırlar. Halbuki Türkiyə erməniləri Osmanlı hökumətinin qüdrətinə bələd idilər. Lakin qafqazlı ermənilər, yuxarıda qeyd etdiyimiz psixoloji vasitələrdən istifadə edərək inqilabı fəal məcraya yönəltdilər” – deyə qeyd edir.

Trabzondakı ingilis konsulu 1895-ci ildə İstanbuldakı səfirləri Flipp Kuryeyə göndərdiyi raportunda isə ermənilərin xarici əlaqələrindən bəhs edir:

“Hnçak liderləri Türkiyənin xaricindən idarə edilirdilər. Belə ki, özləri tamamilə təhlükəsiz şəraitdə olduqları halda, Türkiyədəki ideya yoldaşlarının həyatını təsəvvüredilməz hala çatdırmışdılar.

Məqsədləri müsəlmanları xristianlara qarşı təhrik etmək, qırğınlar törətməklə məmləkəti dəhşətli vəziyyətə çatdırmaq idi. Bütün dünya bilməlidir ki, bu təşkilat anarxiya xarakterlidir. Hər bir vasitə ilə hərc-mərclik yaratmaq və Ermənistanın yalnız islahatını deyil, istiqlalını da təmin etməyə çalışmaqdadırlar”.
Xülasə, Avropanın yarısı qədər ərazidə yayılmış bir milyonluq erməni xalqının bir millət halında toplanmasına imkan varmı?

Türkiyədəki xarici konsulluqların ətrafındakılar ermənilərdir. Onlar nə deslər, konsullar öz elçiliklərinə onu da yazırlar. Bu konsulluqlar Rusiyada, Almaniyada olsaydılar, elçilərinə belə şeylər yazardılarmı? Burada yaza bilmələrinin səbəbi xristian konsulluqlarının olduqları üçündür. Erməni komitəçiləri sakit fermer, sənətkar və hambalları qızışdırırlar. Türklərin xristianlığa aqressiv münasibət göstərmələrindən bəhs edirlər. Halbuki Trabzondan Ərzruma qədər yollar, qəsəbələr monastrlarla, xristian məbədlərlə doludur. Erməni məktəbləri, kilsələri Rusiyadakından qat-qat artıq sərbəstdirlər”.
İstanbulda Robert kollecinin (Amerika kolleci) müdiri doktor Qurus Hamlın 1893-cü ildə Bostonda nəşr olunan “Konqresçilər” jurnalına göndərdiyi məktubda vəziyyətlə əlaqədar aşağıdakıları yazır:

“Bir erməni inqilab partiyası Türkiyə imperatorluğunun bəzi yerlərində bütün xristian missionerlərinin fəaliyyətinə böyük pisliklər etməkdə və iztirablara səbəb olmaqdadır...

Çox mədəni və ingilis dilində erməni dili qədər sürətlə və düzgün danışan bir erməni, rusların Anadoluya girərək oranı işğal etmələri üçün imkanlar hazırladıqlarını dedi. Bunun necə olacağını soruşduğum zaman, bütün Türkiyə imperatorluğunda təşkil edilmiş dəstələrin (silahlı quldur dəstələri) türkləri və kürdləri öldürmək üçün fürsət gözlədiklərini bildirdi. Bunlar kəndləri yandıracaq, sonra dağlara çıxacaqlar. O zaman müsəlmanlar qalxaraq müdafiəsiz ermənilərə hücum edəcəklər. Rusiya, insanlıq və xristian mədəniyyətini müdafiə etmək üçün Türkiyəyə girəcək və Anadolunu işğal edəcək... Bu hərəkətin erməni adını dünyaya nifrətlə xatırladacağını ona anlatmağa çalışdım. Cavab olaraq “bunu mütləq edəcəyik” dedi”.

Hələ də erməni köçkünlüyündən və qırğınından bəhs edən bu insanlıq düşmənlərinin dünyanı aldatmaq üçün bu fədakarlıqlarının səbəbi nədir? Görəsən bu gün də tarixin ibrət dolu səhifələrindən dərs almayan və bu insanlığın üzqarası olan erməniləri dəstəkləyən dövlətlər niyə haqsız əməllərindən əl çəkmirlər?! Onlar etiraf etmək istəməsələr də, fakt faktlığında qalır. Belə faktlardan birini də ingilis konsulu Uilyamsın ermənilərin iç üzünü açan yazısıdır. Uliyams yazır:

“Bütün bu hallara sərsəm ermənilər səbəb oldular. Bu ağılsız təhrikdən özlərinə bir fayda olmayacağını dəfələrlə izah etdim.

Müsəlmanların səbrlərini son həddə qədər təhrik etdilər. Amma artıq ümidləri qalmadı. Qəzetlərdə erməni məsələsinə aid yazılanlar yalandır. Üsyan edən erməni başçıları arasında Amerika, Rusiya, Bolqarıstan təbəələri var. Cəmi 600 nəfərə qədərdirlər. Rus tüfəngləri ilə təchiz edilmişlər. Tamamilə günahsız öldürülən türklərə aid əlimdə sənədlər var. Türklər yalnız Anadoludakı müsəlmanların deyil, digər millətlərin də ən yaxşılarıdırlar. Rus və Avropa qəzetlərinin iftiralarına layiq deyildirlər...”

İngilis konsulunun tək bu yazısı “erməni soyqırımı” yalanını alt-üst edir. Yetər ki, ermənilərə yal verən bu dövlətlər ədalətli olsunlar. Amma heç inanılası deyil...

Hər zaman rusların qapazaltısı olan bu riyakar ermənilər, Osmanlıda rahat və firavan yaşayıblar. Qəribə burasıdır ki, fürsət düşən kimi onlara yaşam üçün şərait yaradan dövləti içəridən alovlandırmağa başlayıblar. Özü də onları saya salmayan rusların təhriki ilə. Fikrimizin təsdiqi üçün Daşnaksütyun komitəsinin nəşr etdirdiyi bəyənnaməyə diqqət edək:

“İllərdən bəri arası kəsilməyən erməni inqilablarına səhnə olan Qafqaz bu gün zülmkar despotun müdhiş qüvvəsi altında inildəməkdədir. Ermənilərin ən gözəl, seçilmiş nəsli iki ildir rus çarının həbsxanalarında əzab çəkib çürüyür... Müəllim, şair, tacir, sənətkar, məmur və işçi, komitəçi, adi vətəndaş hamısı həbsxanaların divarları arasında inildəyirlər”.
Daşnaksutyundan daha bir nəfər Rusiyadakı ermənilərin ağır vəziyyətdə olduğu barəsində öz əsərində yazır:

“Osmanlı dövlətinin həbsxanalarında siyasi məhbus yoxdur. Rusiyada isə elə bir həbsxana yoxdur ki, boş olsun. Qafqaz erməni daşnakları həbsdən, işgəncədən, Sibirdən qurtulmaq üçün İstanbula, Osmanlı ölkəsinə pənah gətirirlər”.

Amerikalı missioner Qrilman tərəfindən “Nyu-York Tayms” qəzetində 23 oktyabr 1909-cu ildə dərc edilmiş və erməni qəzeti “Qoşnak”da təkrar çap olunan yazısında isə deyilir:

“Adana və Mersində sərsəri hisslərlə hərəkət edən bir sıra erməninin qədim xalq şərqiləri oxuyaraq gəzdikləri doğrudur. Təcrübəsiz və gənc yepiskop Muşeğin Adana düzənliyində kəndlərdə gəzərək ermənilərə az yemək yemələrini, geyim və əşyalarını satıb silah almalarını tövsiyə etdiyini, başına tac qoyaraq şəkil çəkdirdiyini və hər silah üçün müəyyən məbləğ pul alaraq Adana sahillərinə silah çıxartdığı da həqiqətdir. 200 silahlı erməninin müsəlmanları öldürməyə and içdikləri də doğrudur”.

Amerikdan gələn erməni könüllüsünün 1914-cü ilin 20 noyabrında atasına yazdığı məktub olduqca maraqlıdır. Tək bu məktub yetərlidir ki, 100 ildir bəzi dövlətlərin bağırdığı “erməni soyqırımı” iddiaları tarixin zibilliklərinə atılsın. Görün beyni zəhərlənmiş gənc erməni atasına nə yazır:

“Sevimli atam!

Bu son məktubumdur. Belə ki, mən də artıq erməni milləti qarşısında vəzifəmi yerinə yetirmək və türkün başını əzmək üçün erməni könüllülərinə yardıma gedirəm. Türk və almandan intiqam almaq üçün Rusiya, İngiltərə və Fransa qəti qərar vermişlər. Ermənilər xoşbəxt və müstəqil olacaqlar. Əmin olun, xilasımız çox yaxındır”.

Oğlunuz Petros Arutyunyan”.
Bu da bütün dünya qarşısında özlərini “ziyalı”, “mədəni”, “yazıq”, türklər tərəfindən qırılıb əzilmiş kimi göstərən ermənilər və onların əməllərinin nəticəsi. Burada qeyd olunanlar onların törətdiklərinin hələ çox az bir hissəsidir. Ancaq elə bunlar da ermənilərin nə qədər qəddar, hiyləgər və digər dövlətlərin qulu olduğunu açıqca ortaya qoyur. Amma nə olsun... Ədalət ki, yerini almayıb!!!

P.S. Yazıda qeyd etdiyimiz bütün faktlar ermənilərin iddialarının əsassız olduğunu və türklər tərəfindən heç bir qətliama məruz qalmadıqlarını açıqca ortaya qoyur. Ancaq nə olsun, onlara havadarlıq edən həmin dövlətlər bu məsələnin başına ip salıb öz məqsədləri üçün oynadırlar. Nə vaxta kimi bu belə olacaq, bəlli deyil.

Yeri gəlmişkən, “erməni soyqırımı” deyib haray çəkən Almaniyanı və alman xalqını heç cür başa düşmək olmur. Çünki atasına yazdığı məktubda “Türk və almandan intiqam almaq üçün Rusiya, İngiltərə və Fransa qəti qərar vermişlər” ifadəsi işlədir və o da könüllü olaraq adını çəkdiyi dövlətlərinin ordusunun tərkibində Türk və almandan qisas almaq üçün yola çıxıb. Hələ bundan sonra da durub “erməni soyqırımı” deyib parlamentlərində müzakirə də açırlar.

Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed