Şrift:
Mübariz Qurbanlı: "2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması zamanın çağırışlarına cavab verən mühüm bir addımdır"
12.01.2017 [10:17] - İslam dini
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olmaqla İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir: "Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçısının İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir".
Komitə sədri deyib ki, “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə Azərbaycanın sahib olduğu tolerantlıq və multikulturalizm dəyərləri ölkədə və onun hüdudlarından kənarda geniş miqyasda təbliğ edilərək nümunə göstərildi: "Əminəm ki, “İslam Həmrəyliyi İli” elan edilən 2017-ci il də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaq”.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed