Şrift:
Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb - YENİLƏNİB
12.01.2017 [10:20] - Hüquq
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilov ifadə verib.
A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, şahid əvvəlcə Binəqədi bələdiyyəsinin keçmiş sədri Elman Salmanova zəng edərək, MTN-dən pul istənildiyini deyib: "Amma o, məhkəmədə söylədi ki, Elman da ona zəng edərək, MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Akif Çovdarova pul verdiyini söylədi. Ancaq həmin vaxt Akif Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Akif Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb".
S.Rəsulov söyləyib ki, İ.Xəlilov istintaqda A.Çovdarov tərəfindən hədələndiyini və pul tələb etdiyini deyib: "Lakin məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini bildirdi".
A.Çovdarov məhkəmədə E.Salmanova cavab olaraq "sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır".
S.Rəsulov A.Çovdarovun çıxışında İ.Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib.
Binəqədi kənd qəsəbəsi bələdiyyəsinin sabiq sədri Elman Salmanov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, İ.Xəlilov ona MTN-dən pul istənildiyini deyib: "Bunun üçün İlham Xəlilova 150 min manat verdim. Mənim bir maşınım var idi, onu satıb, həmin pulu da verdim. Həmin vaxt Akif Çovdarovu görməmişəm".
İttiham aktına əsasən, İ.Xəlilov istintaqda dindirilərkən bildirib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona A.Çovdarovun yanına getmək barədə xəbər çatdırıb.
Cinayət işində göstərilib ki, A.Yaqubov A.Çovdarov MTN-ə gəlməmişdən əvvəl polisdə onunla bir yerdə işləyib, sonradan isə təqaüdə çıxıb. Onun sonuncu işi isə A.Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən A.Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktoru vəzifəsində çalır.
Bələdiyyə sədri İ.Xəlilov istintaqa ifadəsində deyib ki, A.Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək A.Çovdarovla görüşüb. Onun sözlərinə görə, qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi kənd qəsəbəsinin bələdiyyəsinin sabiq sədri E.Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın E.Salmanova onun çatdırmasını tapşırıb.
A.Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda A.Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra A.Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərib ki, 2014-cü ilin sonlarında A.Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini A.Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri A.Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
Günün ikinci yarısında davam etdirilən prosesdə İ.Xəlilov dövlət ittihamçısı və təqsirləndirilən şəxsin suallarını cavablandırıb.
Bu zaman A.Çovdarov üzünü İ.Xəlilova tutaraq deyib: "Mən səndən pul almamışam. Pul almışamsa, yalançının var-yoxunu deyərdim. Amma zalda qadınlar var deyə, söyüş söymürəm"
Daha sonra Adil Yaqubov və A.Çovdarovun sürücüsü Nurxan Atakişiyev ifadə verib.
A.Yaqubov ifadəsində bildirib ki, İ.Xəlilovdan pul almayıb. N.Atakişiyev zərərçəkmiş İ.Xəlilovun yalan danışdığını söyləyib.
Məhkəmənin növbəti prosesi yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed