Şrift:
Vətəndaşların mənzil probleminin həlli yolları axtarılır
03.04.2012 [12:40] - Sosial
Ancaq mənzilə ehtiyacı olan vətəndaşların statistikası aparılmayıb

Azərbaycanda sosial problemlərin köklü şəkildə həllinə nail olmaq məqsədilə bir sıra addımlar atılmaqdadır. Xüsusən, vətəndaşların mənzil problemlərinin həlli hökumətin diqqət mərkəzindədir. Elə bu məqcədlə ipoteka kreditinin sadələsidirilməsi, fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması məsələləri gündəmə gətirilib. Azərbaycanda gənc ailələrə ipotekaların verilməsi qaydalarının sadələşdirilməsi gözlənilir. Belə ki, Çənclər və İdman Nazirliyi yetkililərinin açıqlamalarına görə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin sosial problemlərinin həlli, məşğulluq məsələləri və gənc ailələrə ipoteka kreditlərin verilməsi ayrıca bənd kimi daxil edilib. Güzəştli şərtlərlə ipoteka kreditlərini əsasən gənc alimlər, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək nəticələr qazanan idmançılar, dövlət qulluğunda çalışan gənclər, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gənclər ala biləcəklər. Bu günlərdə isə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin verilməsi gözlənilir. Qeyd edək ki, bu məsələ bir qədər əvvəl Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Adıçəkilən sənəddə ölkə vətəndaşlarına şəxsi ev tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinin sadələşdirilməsi məsələsi də əksini tapıb. HİK sədri bu məsələnin ölkə əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması baxımından mühüm olduğunu bildirib: «Əgər hökumət sosial vəziyyəti və ya mənzil şəraiti ağır olan insanlara ev tikib verə bilmirsə, onlara heç olmasa torpaq sahəsi ayrılsın və güzəştli kredit verilsin ki, onlar öz mənzil şəraitlərini yaxşılaşdıra bilsinlər». Hökumətin bu təklifi normal qarşıladığını bildirən S.Mehbalıyevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır. Bu mexanizmin işə düşməsi üçün normativ sənədlər hazırlanmalıdır, sənədlər qəbul olunandan sonra yerli icra hakimiyyətlərinə göstərişlər verilməlidir: «Biz bu məsələni hər üç aydan bir hökumət və ASK ilə müzakirə edəcəyik. Çalışacağıq ki, bu işi hazırkı sazişin qüvvədə olduğu dövrdə, 2012-2013-cü illər ərzində yerinə yetirək».

Ekspertlərin fikrincə, vətəndaşların mənzil problemlərinin həlli istiqamətində mühüm addımların atılmasına baxmayaraq bu məsələnin köklü şəkildə həlli uzun illər tələb edir. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə nə qədər ailənin mənzilə ehtiyacının olması dəqiqləşdirilməyib. Bu isə vətndaşların mənzil probleminin köklü surətdə həllinin hələ uzun çəkəcəyini deməyə əsas verir. Buna baxmayaraq, ümidverici məqam ondan ibarətdir ki, sözygüdən məsələnin həlli istiqamətində mavafiq işlər görülür. Məlumat üçün bildirək ki, hazırda ölkədə ipoteka kreditləşməsinin 2 növü tətbiq edilir –adi, güzəştli. Adi ipoteka kreditləri illik 8, ilkin ödəniş 20 faiz olmaqla 25 il müddətinə maksimum məbləğ 50 min manat həcmində verilir. Güzəştli ipoteka kreditlərinin illik faizi 4, ilkin ödənişi 15 faiz,maksimum məbləğ 35 min manat təşkil edir və 30 il müddətinə təklif olunur. 2010-cu il ərzində ölkə bankları tərəfindən verilən kreditlərin məbləği 95,9 mln. manat təşkil edib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin ümumi həcmi 248,1 mln. manata çatıb. Ötən il İpoteka Fondu 81 mln. manatlıq istiqraz buraxıb. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat təşkil edib.Onu da bildirək ki,ötən il noyabrın 1-ə ipoteka krediti alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında, 28%-i isə 36 yaşdan yuxarı olub.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ölkədə mənzilə ehtiyacı olan ailələr çoxluq təşkil edir. Bu rəqəmin dəqiqləşdirilməsi üçün mənzil bazarının dərindən araşdırılmasına ehtiyac var: ”Hazırda gənclərə ipoteka kreditləri təklif edilsə də bu səmərəli deyil. İpoteka kreditlərinin səmərəli olmamasının əsas səbəblərindən biri şərtlərin kifayət qədər ağır olmasıdır. Belə ki, güzəştli ipoteka krediti almaq üçün gənclərdən minimum 500 manat əməkhaqqı tələb edilir. Halbuki, gənclərin əksəriyyəti heç də 500 manat əməkhaqqı ödəyən iş yerlərində çalışmır.Əməkhaqqı üçün müəyyənləşdirilən minimumların yüksək olması gənclərin sosial ipotekalardan faydalanmasına imkan vermir”. Sosial ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin az olduğunu deyən iqtisadçı bildirib ki, cari ildə də bu istiqamətə 14 milyon manat ayrılması nəzərdə tutulub: “Bu 400 nəfərin ipoteka krediti alması deməkdir. Tələb olunan əməkhaqqı üçün müəyyənləşdirilən minimumlar daha çox mənzili olan gənclərin ev almasına şərait yaradır. Hazırkı şərtlər mənzilə tələbatı olan, aşağı əməkhaqqı ilə işləyən orta təbəqənin və ya aztəminatlı ailələrin üzvlərinin mənzil sahibi olmasına imkan vermir”.

İqtisadçı hesab edir ki, gənclər üçün təklif olunan ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsinə ehtiyac var: “Hətta elə sənədlər var ki onların tətbiqi kifayət qədər absurd görsənir. Misal üçün, ipoteka götürən şəxsdən şəxsiyyət vəsiqəsinin sürətinin notariusda təsdiq edilməsi tələb edilir. Halbuki inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə belə bir şərt yoxdur. Eyni zamanda elektron ipotekanın tətbiq edilməməsi ipoteka kreditlərinin alınması prosesinin sadələşdirilməsinə imkan vermir. Bütün bunları nəzərə alaraq elektron ipoteka sisteminin tətbiqinə, müraciətlərin onlayn həyata keçirilməsinə və tələb olunan sənədləri azaltmaqla ipoteka kteditləşməsindəki bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var”. V.Bayramov həmçinin güzəştli kreditlər üçün maksimum məbləğin 60 min manata qədər qaldırılmasını təklif edir: “Gənclərin mənzil problemini həll etmək üçün yalnız ipoteka kreditlərinin verilmə qaydalarının sadələşdirilməsi deyil, bir sıra inkişaf etməkdə olan ölkələrdə həmçinin, Türkiyədə olduğu kimi gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramının qəbuluna ehtiyac var. Bu gənclərin ipoteka kreditləşməsindən kənar mənzil almasına imkan yaradacaq. Türkiyədə sözügedən proqramın xətti ilə mənzil alan şəxslər hər ay dövlətə 60 dollar ödəyirlər. Misirdə bu rəqəm 80 dollardır.İpoteka kreditləşməsinin təkmilləşdirilməsinin aparılması ilə yanaşı belə bir proqramın hazırlanması, büdcə vəsaitləri hesabına mənzil tikintisi aparıb gənc ailələrə maya dəyərinə satılmasına ehtiyac var”. Mütəxəssis güzəştli ipoteka kreditləşməsi üçün faiz dərəclərinin aşağı salınmasını da məqbul hesab edir: “Dövlət büdcəsindən ayrılan vəsait kommersiya xarakterli ola bilməz. Kanadada dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri 1 faiz təşkil edir. Rusiyada adi ipoteka kreditləri 4,7 faiz, güzəştli ipoteka kreditləri 2,2 faizdir. Qazaxıstanda isə bu rəqəm 2 faizdir. O baxımdan güzəştli ipoteka kreditlərinin faiz dərəcələri birinci mərhələdə 4 faizdən 2 faizə, gələcəkdə isə digər inkişaf etmiş ölkələrdə olduğu kimi 1 faizlə verilməsi məqbuldir. 1 faiz bankların əməliyyat xərclərinin ödənilməsi üçün vacibdir”.

Alim
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed