Şrift:
Qeorqi Qaxariya: “Azərbaycan bizim strateji tərəfdaşımız və əsas qaz təminatçımızdır”
13.01.2017 [11:28] - İqtisadiyyat
Gürcüstan ilə “Qazprom” arasında imzalanmış müqavilə bu ölkənin hökuməti qarşısında Rusiyadan əlavə təbii qaz alması barədə öhdəlik qoymur.

Belə bir bəyanatla Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya çıxış edib.

Nazir deyib ki, bundan sonra Gürcüstan Rusiyadan Ermənistana satılan qazın nəqlinə görə, “mavi yanacaq” deyil, nağd pul kompensasiyası alacaq. Yeni müqaviləyə əsasən Gürcüstan Rusiyadan təbii qazı bazar qiymətindən aşağı – 1000 kubmetri 185 dollara ala bilər. Bu qiymət də Gürcüstanın bizim strateji tərəfdaşımız və əsas qaz təminatçımız olan Azərbaycandan aldığımız qazın qiyməti ilə eynidir. “Əgər biz strateji tərəfdaşımız olan Azərbaycandan lazım olan həcmdə təbii qaz alsaq, bizim Rusiyadan əlavə “mavi yanacaq” almağımıza heç bir ehtiyac qalmayacaq. Bununla da söhbət bağlanmış olacaq”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, yeni müqavilə imzalamaqla Gürcüstan Rusiyadan əlavə qaz almaq barədə heç bir öhdəlik götürməyib. Gürcüstan Rusiyanın Ermənistana satdığı qazın öz ərazisindən nəqlinə görə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, Gürcüstan 2007-ci ildən Rusiyadan təbii qaz almır. Həmin ildən Gürcüstanın əsas təbii qaz təminatçısı olan Azərbaycan bu ölkənin mavi yanacağa olan ehtiyacının təqribən 90 faizini ödəyir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed