Şrift:
Azərbaycanın Baş nazirləri - Fətəli Xan Xoyski
13.01.2017 [11:49] - Xəbərlər, DAVAMın yazıları
Fəaliyyətə başladığımız gündən oxucularımızı tarixi yazılar, məktublar və maraqlı araşdırmalarla tanış edirik. Bu gündən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim edir: İlk Baş nazirimiz Fətəli Xan Xoyski... (28 may 1918 – 14 mart 1919)

Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk baş naziri Fətəli xan Xoyski olmuşdur. F.Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olmuşdur.

F.Xoyskinin əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Onun atası İsgəndər xan Şimali Azərbaycanın Şəki şəhərinə köçmüşdür. Xoy xanları nəslindən olan İsgəndər xan Rusiya təbəəliyini qəbul etmiş və ona çar ordusu general-leytenantı rütbəsi verilmişdir.

F.Xoyski 1892-ci ildə Yelizavetpol (indiki Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva şəhərinə gedərək Moskva universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Moskva mühiti gənc Fətəli xana böyük təsir etmiş, onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, ilk gündən hüquq fakültəsinin qabaqcıl və fəal tələbələrinə qoşularaq tədbirlərdə iştirak etmişdir.

1897-ci ildə Moskva universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirən F.Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilmişdir. F.Xoyski 1897-1907-ci illərdə Yelizavetpol, Kutaisi, Yekaterinodar dairə məhkəmələrində kiçik məhkəmə məmuru, kollej katib, böyük məhkəmə məmuru, istintaq sahəsi müdiri, qəza, dairə məhkəmə prokurorlarının müavini və s. vəzifələrdə çalışmışdır. Gənc Fətəli xan məhkəmələrin rus dilində və qeyri-ruslara qarşı ədalətsiz aparıldığının şahidi olmuş, işləri zalımcasına icra edən məmurlara qarşı onda nifrət hissi oyanmışdır.

II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı və Yelizavetpol quberniyalarından X.Xasməmmədov, İ.Tağıyev, Z.Zeynalov və b. ilə yanaşı Yelizavetpol quberniyasında ədalətli məhkəmə işçisi kimi böyük hörmət qazanmış F.Xoyski də deputat seçilmişdir. II Dövlət Duması 1907-ci il fevralın 20-dən iyunun 3-nə qədər fəaliyyət göstərmişdir. F.Xoyski Dumanın Müsəlman deputatları fraksiyasının və bürosunun üzvü olmuş, şəxsi toxunulmazlıq, Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsi, amnistiya haqqında qanun layihəsi komissiyalarının tərkibinə seçilmişdir. Dumanın bir sıra iclaslarında çıxış edərək çarizmin aqrar, seçki, vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran siyasətini kəskin tənqid etmişdir. F.Xoyski Dumada müzakirə edilən aqrar məsələ ilə əlaqədar çıxışında torpaq məsələsinin çox lazımi, çətin və təxirəsalınmaz olduğunu qeyd etmişdir. O, demişdir ki, hökumət bu çətin məsələni kəndli torpaq bankları və köçürmə yolu ilə həll etmək istəyir. Rusiya şəraitində köçürmə heç bir xeyirli nəticə verməz.

1907-ci il mayın 18-də II Dövlət Dumasına Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvi haqqında layihə təqdim edilmişdir. Bu layihəni 173 deputat, o cümlədən F.Xoyski də imzalamışdır.

II Dövlət Duması qovulduqdan sonra Yelizavetpola gələn F.Xoyski 1907-1912-ci illərdə andlı iclasçı işləmişdir.

F.Xoyski 1913-1917-ci illərdə Bakıda dairə məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. Bakıda bu dövrdə bir sıra siyasi və ictimai tədbirlər həyata keçirilirdi. F.Xoyski bir ziyalı kimi tədbirlərdə, yeni yaranmaqda olan xeyriyyə cəmiyyətlərində və siyasi təşkilatlarda yaxından iştirak etmişdir.

F.Xoyski 1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra siyasi və ictimai mübarizə hərəkatına daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən birinə çevrilmişdir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. Onun tərkibinə M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. ilə yanaşı F.Xoyski də daxil olmuşdur. Bu təşkilatın gərgin fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. F.Xoyski qurultayın çağırılmasında və gedişində fəal iştirak etmişdir.



1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai təşkilatları Komitəsinin növbəti iclası keçirildi. İclasda komitənin yeni tərkibi seçildi. Ə.Topçubaşov sədr, M.Rəsulzadə və F.Xoyski isə sədrin müavinləri seçildilər.

1917-ci il oktyabrın 29-da ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Yeni seçilmiş demokratik Dumanın ilk iclası noyabrın 10-da çağırılmış və burada F.Xoyski 46 səslə Şəhər Dumasının sədri seçilmişdir.

F.Xoyski 1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə yaradılmış Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığının xalq maarif komissarı vəzifəsini tutmuşdur.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymin tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan sosial-demokratik təşkilatların nümayəndələri seçilmişdir. Azərbaycandan Müsavat Partiyasından və bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən F.Xoyski də iştirak etmişdir. Bu partiya və təşkilatlardan əlavə Müsəlman Sosialist Partiyasından 7, İttihaddan 3, Hümmət Partiyasından 4 nümayəndə iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 azərbaycanlı deputat var idi. F.Xoyski eyni zamanda Seymin Müsəlman fraksiyasının üzvü olmuşdur. F.Xoyski Seymin və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə çıxış edərək Güney Qafqaz xalqları arasında əmin-amanlıq yaradılmasını, qazanılmış müstəqilliyin qorunub saxlanılmasını, Türkiyə ilə sülh bağlanmasını və münasibətlərin yaxşılaşdırılmasını irəli sürmüşdür.

1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə müstəqil Zaqafqaziyayanı Demokratik Federativ Respublika elan etdi. Seym aprelin 26-da A.Çxenkelinin sədrliyi ilə Zaqafqaziya federasiyasının yeni hökumətinin tərkibini təsdiq etdi. F.Xoyski yeni yaradılmış hökumətin tərkibinə ədliyyə naziri kimi daxil olmuşdur.

1918-ci il mayın 25-də F.Xoyskinin sədrliyi ilə Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının iclası keçirildi. Bu iclasa F.Xoyskinin təklifi ilə Zaqafqaziya Seyminin sədri K.Çxeidze, Seymin üzvləri Sereteli və Gegeçkori gəldilər. A.Sereteli gürcü fraksiyası adından bildirdi ki, Güney Qafqaz xalqlarını müstəqillik ətrafında birləşdirmək mümkün olmadığı üçün biz Gürcüstanın müstəqilliyini elan etmək məcburiyyətində qalırıq. F.Xoyski ona cavab verərək demişdi: “… gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır”.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası keçirildi. M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi yaradıldı.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın müstəqilliyini bildirən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski olmuşdur. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırdı. F.Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim etmişdir. F.Xoyski burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk baş naziri və daxili işlər naziri vəzifələrinə seçilmişdir.

Beləliklə, Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik əsaslar üzərində dövlət Azərbaycanda yaradıldı. Onun yaradılması və fəaliyyətində M.Rəsulzadə, M.Hacınski, M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmli siyasi xadimləri ilə birlikdə F.Xoyski də xeyli əziyyət çəkmişdir.

F.Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan dövlətinin dünya ölkələri tərəfindən tanınması işinə var qüvvəsi ilə başlamışdır. Onun 1918-ci il mayın 30-da dünya ölkələrinin xarici işlər nazirliklərinə göndərdiyi radioteleqramda yazılırdı: “İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristianiya, Kopenhagen, Xarici işlər nazirinə.

Zaqafqaziya Federativ Respublikası parçalanmış, Gürcüstan ondan ayrılmış, ona görə də Azərbaycan Milli Şurası keçən ayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın müstəqilliyini elan etmiş, Azərbaycan Respublikasının yarandığını təntənə ilə bildirmişdir. Yuxarıdakıları Sizə bildirməklə, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Mənim hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. İmza. Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.

Azərbaycan Milli Şurası və F.Xoyski başda olmaqla milli hökumət Azərbaycan ərazisində öz fəaliyyətini daha geniş və hərtərəfli aparmaq məqsədilə Yelizavetpola (Gəncə) köçdü. Lakin onlar burada siyasi qüvvələrin qızğın mübarizəsi ilə üzləşdilər. Mayın ortalarında Yelizavetpola gəlmiş Nuru Paşa Milli Şuraya və Azərbaycan hökumətinə ehtiyatla yanaşaraq onların nümayəndələri ilə görüşmək istəmirdi. Belə vəziyyəti görən F.Xoyski 1918-ci il iyunun 17-də Milli Şuranın iclasında istefa bəyanatı ilə çıxış edərək bildirdi: “Gürcüstan Zaqafqaziyadan ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz qalmışdı. Buna görə də biz Müvəqqəti hökumət təşkil etməyə məcbur olduq. İndi biz öz ərazimizdəyik. Mən və mənim yoldaşlarım bizim istefaya çıxmağımızı xahiş edirik. Ümid edirik ki, bizim xahişimizi qəbul edəcək və bizim çatışmazlıqlarımızı bağışlayacaqsınız”.

İclas F.Xoyski hökumətinin istefasını qəbul etsə də, yeni hökumətin təşkilini təkrarən ona tapşırdı. F.Xoyski ikinci hökumətdə də Nazirlər Şurasının baş naziri və ədliyyə naziri vəzifələrini tutmuşdur. F.Xoyski Azərbaycanın müstəqilliyi və bir dövlət kimi inkişafı uğrunda ardıcıl mübarizə aparmağı yeni hökumətin əsas vəzifəsi olaraq bəyan etmişdir. F.Xoyski Yelizavetpolda dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul olmuşdur.



F.Xoyskinin başçılıq etdiyi hökumət bir sıra tədbirlərə başladı. 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət etdi. Burada göstərilirdi ki, hökumətin ən yaxın vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir. İyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. İyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar verildi. İyunun 27-də Azərbaycan (türk) dili dövlət dili elan olundu.

Bu dövrdə F.Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur. Bu komissiya Birinci dünya müharibəsi illərində, Bakıdakı mart qırğını zamanı, bütövlükdə Güney Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilmiş vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmalı idi.

1918-ci il avqustun 30-da F.Xoyski hökuməti 1806-cı ildə çar hökuməti tərəfindən ləğv edilmiş Gəncə şəhərinin adını bərpa etdi. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıdı.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə Azərbaycan hökuməti Bakıya gəldi. Hökumət ilk dəqiqədən Bakıda əmin-amanlıq yaratmağa başladı. Çünki bu vaxt Bakı şəhəri əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. F.Xoyski hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və əhalini əmin-amanlığa çağırmaq məqsədi ilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət etmişdir. 1918-ci il sentyabrın 18-də F.Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edilmişdir. Məlumatda deyilir: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcəkdir.

Soyğunçular, adam öldürənlər və ümumiyyətlə, belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü veriləcəkdir”. F.Xoyski sonralar Azərbaycan parlamentində çıxışlarının birində bu barədə deyirdi: “Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. Hökumət bunu gizlətmir… Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza olmuşdur. Lakin mümkün idimi, hökumət bunun qarşısını saxlasın… Azərbaycan deyil, heç bir hökumət bunun qabağını almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyari qoparılmış, …üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş idi… hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşsa da hökumət gəldikdən sonra bu işlər dayandırıldı”.

Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı XKS-nin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyyətini bərpa etməyə başladı. Lakin Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. F.Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gəlmiş və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad etmiş türk hərbi hissələri Mondros sazişinə görə Azərbaycandan çıxdı. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnak və eserlərin təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. F.Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişildi və F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi.

1918-ci il dekabrın 7-də ölkədə ziddiyyətli siyasi şəraitdə Azərbaycan parlamenti öz işinə başladı. Parlamenti Azərbaycan Milli Şurasının sədri M.Rəsulzadə təbrik nitqi ilə açdı. Sonra söz F.Xoyskiyə verildi. F.Xoyski parlamentin işə başlaması münasibətilə deputatları təbrik edərək dedi: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlimizə aldığımız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm”. Sonra o, hökumətin may ayından bəri apardığı daxili və xarici siyasəti haqqında məlumat verdi. F.Xoyski nitqinin axırında parlamentə müraciət edərək dedi: “…hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstəriniz… hökumətin ixtiyarı bu günə qədər idi… heç bir hökumət parlamenti açıldıqdan sonra iş başında qalammaz. Ona görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət hüzurunuzda istefasını verir”.

Parlament F.Xoyski hökumətinin istefasını qəbul etdi və yeni hökumətin təşkilini yenə də ona tapşırdı. F.Xoyski 1918-ci il dekabrın 26-da yeni hökumətin qarşısında duran vəzifələri və tərkibini Azərbaycan parlamentinə təqdim etdi. Parlament təqdimatı geniş müzakirədən sonra qəbul etdi. F.Xoyski bu hökumətdə baş nazir vəzifəsilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutmuşdur.

F.Xoyski hökuməti parlament tərəfindən təsdiq olunandan sonra ölkənin iqtisadi vəziyyətinin və əmin-amanlığının bərpası işinə başladı. Lakin parlamentdə iştirak edən partiyalar arasındakı ziddiyyətlər onu həyata keçirməyə imkan vermirdi. Onlar F.Xoyski hökumətini aqrar, neft alveri, polisin qanunsuz hərəkətlərinin qarşısını ala bilməmək və b. məsələlərdə təqsirləndirirdilər. Bu məsələlər haqqında parlamentdə bir neçə dəfə keçirilən müzakirələrdə F.Xoyski hökuməti kəskin tənqid olunurdu. F.Xoyski parlamentin 1918-ci il fevralın 5-də keçirilən iclasında çıxış edərək onlara dedi: “O günlər ki, siz neçə dəfələrlə mənə müraciətən bu hökumətin təşkilinə məni vadar etdiniz… Mən o vaxt sizə dedim ki, belə xətərləri bir zamanda heç kəs cəsarət edib tamamən hökuməti əlinə ala bilməz… Sizin sidq dil ilə hökumətin dalında durub kömək edəcəyinizə ümid oluruq… əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram… hökumətə kömək cürbəcür olur… heç hökumət… sorğudan inciməz… sorğu da var, sorğu da. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət, bir sorğu var ki, zəhərli, bədxahlıq sorğusudur… Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir”.

Onun başçılıq etdiyi hökumətə qarşı istər parlamentdə, istərsə də siyasi partiyalar arasında gedən danışıqlara son qoymaq məqsədilə F.Xoyski başçılıq etdiyi hökumətinin istefası haqqında parlamentə məktub göndərdi. 1919-cu il fevralın 25-də Azərbaycan parlamenti F.Xoyskinin məktubunu müzakirə edib, onun istefasını qəbul etdi. Lakin parlament yeni hökumətin təşkilinə qədər vəzifəsini icra etməyi ondan xahiş etdi.

F.Xoyski istefaya çıxsa da, siyasi və ictimai fəaliyyətini davam etdirmişdir. O, bu dövrdə Azərbaycan parlamentinin üzvü kimi Azərbaycan hökumətinin bir sıra tədbirlərində fəal iştirak etmişdir. Siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində, Cənubi Qafqaz respublikaları arasında mübahisəli sərhəd məsələlərinə həsr edilmiş Qafqaz konfransının çağırılmasında, Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi məsələlərinin həllinə həsr edilmiş konfransın keçirilməsində fəal iştirak etmişdir. F.Xoyski bu iclas və konfranslarda çıxış edərək Azərbaycanın qəti mövqeyini bildirmiş və bəzi qonşu dövlətlərin Azərbaycana bədxah münasibətini kəskin tənqid etmişdir. Onları dostluğa və ədalətli qonşuluq münasibətləri yaratmağa çağırmışdır. O, demişdir ki, Böyük rus inqilabı Güney Qafqaz xalqlarının azadlığa çıxmasına səbəb olmuşdu, mən belə düşünmürəm ki, Qafqazın azadlıq sevən oğullarının – istər o azərbaycanlı olsun, istərsə də dağlı, gürcü və ya erməni olsun, müstəqil yaşamaq ideyasında, sərbəstlik ideyasında yolları birdir.

1919-cu il dekabrın 22-də Azərbaycan parlamenti N.Yusifbəyovun təşkil etdiyi beşinci hökumət kabinəsində F.Xoyskini xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. F.Xoyski bu vəzifədə 1920-ci ilin aprelinə qədər çalışmışdır.

Paris sülh konfransı tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması münasibətilə Azərbaycan parlamentinin təntənəli iclası 1920-ci il yanvarın 14-də keçirildi. İclasda ilk söz xarici işlər naziri F.Xoyskiyə verildi. Azərbaycanın dünya ölkələri tərəfindən tanınması sahəsində ardıcıl mübarizə aparanlardan biri olmuş F.Xoyski parlamenti təbrik edərək böyük sevinclə bildirmişdir: “May ayının 28-də1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdir. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, istiqlaliyyətə layiqi vardır… bir il on ay müddətində Azərbaycan milləti öz həyatın, dolanacağın Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu…

Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq”.

F.Xoyski sovet Rusiyası ilə əlaqələr yaratmaq haqqında Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerinlə bir neçə dəfə notalar mübadiləsi etmişdir. O, G.Çiçerinin Azərbaycanı general Denikinlə mübarizəyə cəlb etmək fikrinə qarşı çıxaraq, Azərbaycanın Rusiya tərəfindən tanınmasını, rus və Azərbaycan xalqları arasında ədalətli, hər iki dövlətin suverenliyi prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətləri yaradılmasını irəli sürmüşdür. Ancaq F.Xoyskinin sovet Rusiyası ilə münasibətləri yaxşılaşdırmaq cəhətləri bir fayda verməmişdir.

1920-ci il aprelin 15-də parlamentdə hökumətin sovet Rusiyasına diplomatik nümayəndə göndərmədiyini tənqid edən Əliheydər Qarayevə cavab verən F.Xoyski demişdir: “Biz üç dəfə sovet Rusiyasına dostluq əlaqələri yaratmaq üçün danışıqlara getməyə hazır olduğumuzu təklif etmişik. İndiyə kimi bizim təklifimiz diqqətdən kənarda qalıb. Çıxış edən natiq nahaq yerə bizi günahlandırır. Əgər o, istəyirsə ki, bizimlə Rusiya arasında dostluq münasibətləri yaradılsın, qoy onda o, öz həmfikirlərini danışıqlara getməyə məcbur etsin”.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də XI ordu tərəfindən işğal edildi. F.Xoyski bu zaman Tiflis şəhərinə getmiş və orada 1920-ci il iyunun 19-da erməni quldurları tərəfindən xaincəsinə öldürülmüşdür. Xoyski Tiflisdə azərbaycanlıların qəbiristanlığında görkəmli filosof, maarifçi, dramaturq M.F.Axundovun məzarı yanında dəfn olunmuşdur. Onun öldürülməsi haqqında Tiflisdə çıxan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilmişdir. Xoyskinin öldürülməsi bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya rəsmi dairələrinin diqqətini cəlb etmişdir.

P.S.Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed