Şrift:
“Yetmiş min erməni Hrant Dink cinayətindən bütün dünyanı agah elədilər”
04.04.2012 [13:57] - Müsahibə
Sabiq diplomat, Ankara Universitetinin doktrantı, politoloq Vurğun Həsənlinin müsahibəsi

Vurğun bəy, son illər aparılan Azərbaycan diplomatiyasını necə dəyərləndirirsiniz? Xüsusilə, Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında uğurlu nəticələr əldə edilirmi?

- İllər keçdikcə ölkəmizin dövlətçilik təcrübəsi daha da artır. Bu da mövcud qüsurların aradan qaldırılması ilə nəticələnə bilir. Eyni vəziyyəti diplomatik sahəyə də aid etmək olar. Xüsusilə, səfirliyimizin olduğu ölkə sayısının artması, BMT TŞ-na qeyri-daimi üzv seçilməyimiz diplomatiyamızın ən başlıca uğurlarındandır. Eyni zamanda, Xocalı Soyqırımı ilə bağlı bir neçə ölkənin parlamentində müzakirə olunaraq, məsələ ilə bağlı müvafiq qərarların çıxarılması da Azərbaycan üçün diplomatik uğur sayıla bilər. Bütün bunlarla yanaşı, bir sıra ölkələrdə ölkəmizlə bağlı keçirilən mədəniyyət tədbirlərinin, turizm sərgilərinin təşkili kiçik də olsa keçmişimizdə olmayan uğurlardan hesab oluna bilər. Biz Dağlıq Qarabağı dünya ictimaiyyətinə çatdırmışıq. Bundan sonrakı hədəfimiz Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı olmalıdır. Artıq, “Dağlıq Qarabağ Azərbaycanındır” təbliğatı yetərlidir. Bundan sonra sözügedən regionun geri qaytarılması üçün addımlar atılmalı, təbliğat bu müstəvidə aparılmalıdır. Yəni necə ki, ermənilər qondarma “erməni soyqırımını” müəyyən müddət, daha doğrusu 90-cı illərdən etibarən dünya ictimaiyyətinin diqqətinə çatdırdılar. İndi isə artıq sırasıyla o məsələni bir çox ölkələrin parlamentində tanıtmağa başlayıblar, biz də “ora bizim torpaqdır” təbliğatını aparmışıq. Dağlıq Qarabağın geri qaytarılması istiqamətində fikir formalaşdırmalıyıq.O baxımdan, biz Dağlıq Qarabağ sahəsində uğurlar əldə etməsinə etmişik, amma əsl əldə etmək istədiyimiz uğurun yanında bu uğurlar cılız qalır. Dağlıq Qarabağ məsələsində zaman itirmədən çox işlər görməliyik. Çünki keçən zaman Ermənistan lehinə işləyir.

- Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının III qurulyatında diplomatik və diaspor qurumlarımız arasında birgə fəaliyyətin vacibliyini qeyd etmişdi. Sizcə, indi vəziyyət necədir?

- Prezidentin vurğuladığı məsələ, uzun zamandan bəri vacibliyini çox hiss etdiyimiz məsələ idi. Çünki bizim diaspora təşkilatlarımız dağınıq hərəkət etdikləri üçün müsbət mənada səs-küy gətirən heç bir iş görə bilmirlər. Diaspora ilə diplomatik korpus ilk dəfə Taksimdə birgə koordinasiyalı fəaliyyət həyata keçirdilər, həftələrlə türk ictimaiyyətində müzakirə mövzusu oldu. O baxımdan biz bu məsələd yetərincə gecikmişik, artıq bir an öncə birgə və koordinasiyalə fəaliyyət göstərməyin zamanı gəldiyini başa düşməli, buna görə addımlar atılmalıdır.Hazırkı vəziyyətə baxanda, Azərbaycanın xaricdəki diplomatik korpusları ilə diaspora təşkilatları arasında hələ də əlaqə zəifliyi mövcuddur. Avropanın bəzi dövlətləri ilə MDB-nin bəzi dövlətləri istisna olmaqla bir çox dövlətlərdəki bu əlaqə zəifliyi problemi davam etməkdədir. Bir də bu məsələdə təcrübəsizlikləri unutmamaq lazımdır. Bizlər bu işləri yeni yeni görməyə başlamışıq. Onun üçün birdən-birə biz yəhudi lobbisi qədər güclü ola bilmərik. Ancaq qarşımızda güclü düşmən erməni lobbisinin olduğunu da unutmamalıyıq. Onun üçün onlar yeriyirsə, biz qaçaraq təcrübə toplamalıyıq. Allaha şükür, artıq dünyanın hansı ölkəsinə gediriksə gedək orada azərbaycanlı ilə rastlaşmaq adi hala çevrilmişdir. Yəni diaspora fəaliyyətində insan resursu problemimiz yoxdur. Sadəcə yaxşı olardı ki, lokal azərbaycanlı mütəxəssislərə görəv verilsin və koordinasiyaya nəzarət gücləndirilsin. Belə olacağı halda qısa zaman ərzində dünyada söz sahibi lobbiçilik fəaliyyətinə sahib ola bilərik.

- Bəzən belə fikir eşidirik ki, qardaş Türkiyədə erməni lobbisi güclüdür və s. Bu haqda nə deyə bilərsiniz?

- Ermənilərin bu sahədə yüz ildən çox təcrübəsinin olduğu faktorunu unutmamalıyıq. Həmçinin, onlar olduqları ölkələrdə “erməni camaatı” adı altında birləşirlər. Həm oradakı erməni səfirliyi, həm də oradakı digər erməni təşkilatları sözügedən “erməni camaatı” məfhumu ilə birgə fəaliyyətlərini nizamlayırlar. Bu vəziyyət ABŞ-da da, Fransada da, Livanda da, Türkiyədə də eynidir. Məsələn iddialara görə, Türkiyədə 3 milyona yaxın azəri türkü, cəmi yetmiş minə yaxın erməni yaşayır. Siz, koordinasiyalı fəaliyyətin təsir gücünə baxın. Yetmiş min erməni Hrant Dink cinayətindən bütün dünyanı agah elədilər. Dağınıq 3 milyon azərbaycanlı isə, 20 ildə əl barmaqlarının sayısını keçməyəcək qədər az təsirə malik fəaliyyət həyata keçiriblər. Çünki, Türkiyədəki və dünyadakı bütün ermənilər vahid mərkəzdən təşkilatlanırlar. Bizimkilər isə, hər təşkilat öz ağlına nə gəlir onu etməyə çalışır və nəticə də uğursuz alınır. Mənə görə, onların uğurunun arxasında “birgə fəaliyyət” prinsipi dayanır.

Söhbətləşdi: Elnur Eltürk
“vətəninfo”
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed