Şrift:
İqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 15 milyard manata yaxın vəsait yönəldilib
19.01.2017 [10:13] - İqtisadiyyat
2016-cı ildə ölkədə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 14 milyard 903,4 milyon manatlıq vəsaitin 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadə edilmiş vəsaitin 79,8 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil edib.

2016-cı ildə Bakı şəhərində iri qabaritli transformatorlar, Ağdağ gips və oksigen zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Ağstafa rayonunda “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, musiqi mərkəzi, Füzuli rayonunda avtovağzal kompleksi, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar, Qəbələ rayonunda “Qafqaz Tufandag Mountain Resort” oteli və Salyan rayonunda Kür çayı üzərində körpünün tikintisi başa çatdırılıb.

Həmçinin bu müddət ərzində Tərtər rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi və Tərtər çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Beyləqan, Füzuli, Xaçmaz, Xızı, İmişli, Qazax, Qəbələ, Sabirabad, Salyan, Zaqatala, Zərdab rayonlarında 4972 şagird yerlik 20 ümumtəhsil məktəb binası, Mingəçevir və Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağsu, Beyləqan, Füzuli, Goranboy, İmişli, Qazax, Qusar, Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Ucar, Zaqatala rayonlarında 2267 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt, Lənkəran şəhərlərində və Kürdəmir rayonunda 300 çarpayılıq 3 xəstəxana binası, Mingəçevir şəhərində, Füzuli, Qazax, Sabirabad və Zaqatala rayonlarında 700 yerlik 5 klub və s. obyektlər istifadəyə verilib.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed