Şrift:
Ötən il 60 milyard manatlığa yaxın ümumi daxili məhsul istehsal edilib
19.01.2017 [10:14] - İqtisadiyyat
2016-cı ildə Azərbaycan rezidentləri tərəfindən 59987,7 milyon manatlıq və ya 2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz aşağı düşməsi olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu müddətdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.

Keçən il sənayedə 22434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6152,2 milyon manatlıq, tikintidə 6004,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1060,2 milyon manatlıq əlavə dəyər yaradılıb.

Ümumi daxili məhsulun 10836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4591,2 milyon manat təşkil edib. Ötən il ümumi daxili məhsulun 39403,1 milyon manatı (65,7 faiz) iqtisadiyyatın qeyri-neft sahələrinin, 20584,6 milyon manatı (34,3 faiz) isə neft-qaz sektorunun payına düşüb.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat təşkil edib.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed