Şrift:
Abunə haqlarının ödənişi ilə bağlı YENİLİK
19.01.2017 [10:31] - Gündəm, Sosial
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi abunə haqlarının ödənişi ilə bağlı məlumat yayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır.

Nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də onlayn və ödəmə terminalları vasitəsilə qəbul ediləcək. Buna səbəb müvafiq qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov, 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed