Şrift:
20 Yanvar - Şəhidlik zirvəsi
19.01.2017 [11:49] - Xəbərlər, İslam dini
Yanvarın 19-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 20 Yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələrinin şəhid olduğunu, bunun Azərbaycan xalqının mübarizəsini əks etdirdiyini söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvarın xalqımızın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu vurğulayıb.

Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib. O deyib ki, məhz qəhrəmanlar ölümün gözünə dik baxaraq ömürlərini taleyə çevirirlər. Nə qədər ki, müstəqil Azərbaycan var, o qəhrəmanlar yaşayacaq.

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılan gündür. Eyni zamanda bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli qəhrəmanlıq səhifəsidir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein deyib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb.

Tədbir müvafiq mövzuda müzakirələrlə davam edib.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed