Şrift:
Bakı qoçuları neft sahibkarlarını necə qoruyurdular - Qoçular neft milyonçusu Rotşildi qorumaqdan niyə imtina ediblər?
23.01.2017 [10:43] - Xəbərlər, DAVAMın yazıları
Bizim neft qvardiyamızı atam mənə birinci dəfə göstərəndə hələ on yaşım tamam olmamışdı. Qvardiya dağ kəndlərində boya-başa çatmış, eyni tayfadan olan və qaşqabaqlı, qəddar görkəmə malik, təpədən-dırnağa yaraqlı, boylu-buxunlu on-onbeş adamdan ibarət idi. Bu insanlar neft sənayesinin ən ərköyün uşaqları idilər, onlara hər şey verilmişdi: məzuniyyət, pul, bəxşiş; hətta qadınlar da, çünki neft buruqlarındakı və idarələrdəki nisbi dinclik onların sayəsində mümkünləşmişdi. Yalnız çox az-az sahibkar şəxsi qaraul dəstəsini özünə rəva bilirdi.

Çoxları üzdəniraq qoçuların himayəsinə sığınmışdı ki, həmin qoçular da öz xidmətlərini neft sahibkarlarına zorla sırıyır və özləri öz maaşlarını təyin edirdilər. Bu qoçuları dəqiq təsvir etməyi onların özləri qazanıb. Qoçu bu və ya digər şəraitdə öz torpağını itirmiş bəydir, amma onun yenə də bir neçə təbəəsi var ki, onları da qanuna və qaydaya görə o yedirməlidir. Təbəələr öz bəylərindən əl götürmürlər və ondan yaxşı mülkədardan tələb olunan şeyləri istəyirlər, daha doğrusu, iş və maaş ki, həmin maaşdan da qoçunun özünə vergi ödəyə bilsinlər. Bu son təbəələr əksərən bəyin keçmiş əshabələridir və onsuz acından ölərlər, çünki bütün Şərqdə heç kim yad bəyin əshabələrinə çörək vermir. Deməli, kasıblaşmış bəy və onun sarayı bir bütövlük yaradır ki, onu da heç vaxt bir-birindən ayırmaq olmaz və o, digər şərq ölkələrində bir qayda olaraq qaçaq dəstələrinin özəyini təşkil edir. Talançılıqdan daha yaxşı işlərin mümkün olduğu Azərbaycanda əksər bəylər bu qazanc mənbəyindən imtina edir və özlərinin bir neçə mütiləri ilə neft şəhərinə, başarılaşmış həmkarlarının, neft bəylərinin yanına yollanır və onları sümürməyə başlayırlar. Şəhərə çatan kimi qoçu neft sahibkarının altını-üstünü öyrənir ki, həmin sahibkarın da keşikçisi qoçunun qohumu olur və, deməli, sahibkar rəqabət savaşı başlaya bilmir. Qoçu sonra neft nəhənginin idarəsinə yollanır, burda qulağa xoş gələn bir adamın adını verir və adətən çək-çevirsiz içəri, kabinetə buraxılır.

Qoçu ilə neft sahibkarı arasında gedən söhbət illərdən bəri danışıq tərzi baxımından qorunub-saxlanılan şablona çevrilmişdir. Adi salam-kəlamdan, havadan və neft sənayesinin ağır vəziyyətindən bir-iki kəlmə kəsdikdən sonra qoçu üz-gözünə qəm qatıb deyirdi:

- Əziz dost, doğrudan da sənə yazığım gəlir, çünki qara buludlar sənin o nurlu başına topalanır. - İndi də neft yiyəsi buludlar mənbəyini soruşmalı olurdu ki, ona da belə cavab verilirdi. - Düşmənlərin səni öldürmək istəyir, doğrudur, mənim xəbərim var, amma o düşmənlərə qarşı çıxmaq çətindir.

Neft sahibkarı təcrübəsiz əcnəbi olanda dincliyini itirirdi ki, bunu da başa düşmək asan idi. Bişib-bərkimiş yerli sahibkarın isə vecinə olmurdu, ancaq o da narahatçılıq göstərirdi, çünki bu, qanacaqlı davranışın tərkib hissəsiydi. Arada isə bəy fəryad qoparıb sözünü sürdürürdü:

- Səni bu geniş dünyada mənim qədər heç kim sevə bilməz; mən səni hələ uşaqlıqdan tanıyıram, babanla dostluq edirdim, indi vurub səni öldürsələr?! - Bəy xeyli hıçqırır, özünü sakitləşdirmək üçün bir stəkan su içir və sözünə davam edirdi. - Amma səni xilas etməyə çalışacam, sənin qvardiyan bunun öhdəsindən tək gələ bilməz. Canımı bu yolda qoysam da, səni xilas etməliyəm, çünki canım-ciyərimsən. Dostluq xatirinə adam nələrə getmir ki! Sən yalnız mənim onsuz da məni məhv edəcək xərclərimin bir hissəsini çək.

Təzəcə dostlaşmış neft sahibkarının indən belə öz mühafizəçisinə ödəyəcəyi aylıq məbləği razılaşdırmaqdan başqa, ayrı əlacı qalmır. Əgər etiraz edərsə, qoçu özü onu öldürür, sonra şəhəri dolaşıb fəryad edir:

- Mən ona dedim axı, budur, bu da meyiti.

Qoçunun bir qayda olaraq səkkiz-on müştərisi olur ki, onlar da ona ayda beşyüzdən-minə qədər rubl ödəyirlər, o da hər ayın başında pulunu toplayır, həmin pulla öz təbəələrini saxlayır və qalığı ilə yüksək siyasətdə dolaşır. Fəqət qoçu heç də parazit deyil, pula işləyir və neft sahibkarına qanun baxımından şübhəli təbiətdən olan əvəzsiz xidmətlər göstərir. Məsələn, o, nəzərə çarpmadan gözəl bir qızı qaçırır, yaxud ağzıbütöv olmaqla dostunun qatı düşmənini aradan götürür. Öz ağasının gündüzlü-gecəli keşiyində durur, onun pul karvanlarını qoruyur, ağanın rəqibləri ilə savaşır və bunların hamısını imkanca çox sadə yerinə yetirir. Rəsmi olaraq qoçu “maliyyəçi”dir, geninə-boluna yaşayır, ən yaxşı dairələrdə gəzib-dolaşır və özünün mühafizəçi və xilaskar rolunun nədən ibarət olduğunu tamamilə dərk edir.

İki düşmən ağanın qoçuları arasında tez-tez toqquşmalar baş verir. Ağa küçədə öz düşməninə rast gələndə bunu yanındakı qoçusuna deyir. O da həmin an tapançasını çıxarır və düşmənin qoçusuna bir neçə atəş açır (düşmənin özünə yox), həmin atəşə də atəşlə cavab verilir. Düşmənə yalnız o vaxt atəş açır ki, bu, əvvəlcədən razılaşdırılmış olsun. Bəzən iki adlı-sanlı qoçu bir ağanın rəğbəti uğrunda toqquşanda şəhər məhəlləsində mütəmadi atışmalar baş verir və məsələyə aydınlıq gətirilir ki, filan ağanı mühafizə etmək şərəfinə kim yetməlidir. Bir neçə əcnəbi neft sahibkarı, məsələn, Rotşild əvvəlcə qoçuları yaxın qoymaq istəmirdi, amma sonradan bunun acı peşmançılığını çəkdi; zira elə bir gecə olmadı ki, Rotşildin evi yarılmasın, yaxud ona hansısa bir ziyan dəyməsin.

Nəhayət Rotşild qoçu tutmaq istədikdə artıq gec oldu. Cənablar Rotşildi qarət etməyə öyrənmişdilər və bu “xəsis” əcnəbini qorumaq istəmirdilər. Rotşildi, heç olmasa, ən iri qarətlərdən qorumaq üçün güc-bəla bir qoçu tapıldı ki, o da bu işə ikiqat bahasına razılıq verdi.

Qoçuların ən yaxşı cəhəti onların öz ağalarına mütləq sədaqəti idi. Ağalarının sirrini heç vaxt açmırdılar, lap bu, qoçunun həyatı bahasına başa gəlsə də. Ağanın daha pulu olmayanda qoçu özünə yenisini axtarırdı, amma keçmiş ağasına sədaqətdən ona köhnə xidmətləri göstərməkdə davam edirdi o ümidlə ki, bunun mükafatını haçansa bir dəfə alacaq.

Yalnız çox nadir hallarda, tətil və üsyan zamanı qoçular birləşirdilər və onda bütün Azərbaycan üçün bəlaya çevrilirdilər. Onların vəhşi ordusuna qarşı heç kim döyüşmək istəmirdi. Əgər onlar bir-biriləri ilə daimi düşmənçilikdə yaşamasaydılar, yəqin ki, bir gün bu neft məmləkətinin həqiqi sahibləri olardılar. Tez-tez hansısa bir qoçu uzunmüddətli ezamiyyət istəyirdi belə bir əsasla ki, o hardasa şəxsi düşmənini - çox halda başqa bir qoçunu - öldürmək istəyir. Yalnız öz xidmətlərində ardıcıl olaraq yerinə yetirməli olduqları çoxsahəli vəzifələri onları ümumi anarxiyadan kənarda saxlayırdı.

Ağanın da qoçu qarşısında müəyyən öhdəlikləri vardı. Qoçu həbsxanaya düşəndə onu qurtarmalı və qaçışına imkan yaratmalıydı. Qoçu lazımlı adam idi. Məsələn, ağaya borcu olanların hamısının siyahısı onda olardı, ciddi şəkildə çalışırdı ki, onlar iflasa uğramasınlar və borclunun işləri dolaşığa düşəndə bu barədə ağasına vaxtında xəbər verirdi.

Həyatın bütün ağır anlarında qoçuya və onun təbəələrinə sözsüz bel bağlamaq və onlara ən əcaib tapşırıqları vermək olardı bir əminliklə ki, həmin tapşırıqlar ən qısa müddətdə yerinə yetiriləcək. Məsələn, mənim qoçum satışda olmayan və yalnız adını ona dediyim nadir bir kitabı inqilab zamanı əldə edə bildi. Bunu necə tapdığını soruşanda məlum oldu ki, şəxsi kitabxanaların birindən sadəcə olaraq çırpışdırıb. Kitabı oxudum və tapşırıq verəndə ki, onu sahibinə qaytarsın, çox təəccübləndi. Kitabxananın sahibi atamın yaxın dostlarından biri idi.

Avropada belə neft qvardiyası mümkün olmazdı. Amma əgər bu gözəl igidlər hər an neft sahibkarlarının qulluğunda durmasaydılar, neft sənayesinin axırının necə olacağını təsəvvür edirəm.

P.S. Yazı Məhəmməd Əsəd Bəyin “Şərqdə neft və qan” əsərindən götürülüb.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed