Şrift:
Zaur Qəhrəmanov: “Petrol Ofisi” şirkətini ala bilməsək, B və C planlarımız var
23.01.2017 [15:08] - İqtisadiyyat
“Star” neft emalı zavodundan sonra məhsulların paylanması üçün bir şirkətə ehtiyacımız var. Ya yenisini quracağıq, ya da ki, satın alacağıq.

Bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O bildirib ki, “Petrol Ofisi” üçün sərfəli qiymət olarsa onu almaqda istəkliyik. Artıq tender üzrə qısa siyahı formalaşıb. “Petrol Ofisi”nin Anadoluda əlverişli yanacaqdoldurma stansiyaları bölgüsü var. Biz “Star”da dizel yanacağı istehsal edəcəyik. “Petrol Ofisi”nin Anadoludakı yanacaqdoldurma stansiyaları bölgüsü bizim məhsul üzrə siyasətimizlə üst-üstə düşür. Əgər “Petrol Ofisi” olmasa, digər variantlar üzərində dayanacağıq. Bizim B və C planlarımız da var.

Qeyd edək ki, Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tender üzrə hazırda təklif mərhələsində SOCAR ilə yanaşı, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”, Hollandiyanın enerji şirkəti “Vitol” və “PETROMIN-C PORT OGG” şirkəti qalıb.

SOCAR ötən ilin noyabrın əvvəlində “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verib. Oktyabrda isə SOCAR “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəlib. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.

Xatırladaq ki, “OMV” şirkəti keçən bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya “Doğan Holdinq”dən alıb.

“Petrol Ofisi” təxminən 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və təxminən 1,17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed