Şrift:
Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim - Hüseyn Cavidin oğlu Ərtoğrulun Üzeyir Hacıbəyliyə məktubları
25.01.2017 [11:11] - Xəbərlər, DAVAMın yazıları
Enter.News-un növbəti materialı böyük Hüseyn Cavidin oğlu Ərtoğrulun hərbi xidmətdə olarkən Üzeyir Hacıbəyliyə yazdıqları məktublarıdır. Bir müddən öncə isə Ərtoğrul Cavidin Bülbülə yazdığı məktubu təqdim etmişdik. Ərtoğrul hər üç məktubunda anası və bacısından, onların dolanışığından narahatlığını yazır Üzeyir bəyə. Bu barədə akademik Rəfael Hüseynov “Vaxtdan uca” kitabında geniş və ətraflı yazıb.

Həmin məktubları təqdim edirik:

Hörmətli Üzeyir bəy!

Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin.
Anam uşaq baxçalarında işləyə bilər. Bacım həm baxçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm rədd etməzsiniz.

Hörmətlə, Ərtoğrul, 25 fevral, 1942-ci il

Turan xanım məktubu götürüb gedir konservatoriyaya Üzeyir bəyin yanına. Üzeyir bəy məktubu elə onun yanındaca oxuyur və həmin dəqiqə də dəstəyi götürüb o vaxtlar Radio Verilişləri Komitəsinin sədri olan Hüseyn Şərifə zəng edir. Üzeyir bəyin sözünü yerə salmaq kimi anlayış yox imiş. Turan xanımı işə qəbul eləyirlər.

İkinci məktub:

Hörmətli Üzeyir bəy!

İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də.

Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim.

Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbəxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.

Hörmətlə, tələbəniz Ərtoğrul.

Ərtoğrul Cavidin xəbəri yoxdur ki, Üzeyir bəy artıq öz yardım əlini uzadıb Cavid ocağına. Martın 15-də yazıb bu məktubu. Dözmür, ayın 24-də bir məktub da göndərir.

Üçüncü məktub:

Hörmətli müəllimim Üzeyir bəy!

Bakıdan çıxdığım gündən ailəmizdən, onların yaşayışı haqda heç bir məktub almamışam. Nigarançılığım həddən aşmaq üzrədir. Əgər bir neçə ay belə davam edərsə, şübhəsiz ki, əsəb xəstəliyinə tutulacağam. Anam və bacımı bilmərrə unuda bilmirəm. Hətta yuxuda da rahatlığım yoxdur. Bilsəm ki, onlar rahat yaşayır, nə qədər sevindiyimi təsəvvür edə bilməzsiniz. Nə etməli ki, heç bir xəbər yoxdur. Bəlkə də anam bərk xəstədir.

Mən yaşıma layiq hərəkət görmədiyimi başa düşürəm, lakin ehtiyac hər şeyə məcbur edir. Bakıda olduğum zaman ancaq işləsəydim, onların vəziyyəti azacıq yaxşı olardı. Lakin mən dərs oxumaqla vaxt keçirdim, onların ağır yaşamasına razı oldum. Onlar isə dərin hörmət bəslədikləri üçün hər şeyə razı oldular, mənim dərs oxumağıma etiraz etmədilər. Mənə ən çox əzab verən budur, vicdan əzabı məni boğur.

Hörmətlə əllərinizi sıxıram, tələbəniz Ərtoğrul.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed