Şrift:
Deputat: "Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimiz də bərpa olunacaq"
26.01.2017 [11:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması doğru qərardır. İnanıram ki, vaxt gələcək dövlət başçısı tərəfindən Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərin də bərpası ilə bağlı sərəncamlar veriləcək.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fərəc Quliyev bildirib.


Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi artıq sübut edib ki, nəinki ermənilərdən çəkinmir, üstəlik qısa zaman ərzində işğal olunmuş əraziləri azad edə bilər. Prezident İlham Əliyev hərbçilərlə son görüşündə də bəyan elədi ki, kimsə Dağlıq Qarabağa müstəqillik verilməsini gözləməsin, belə bir şey olmayacaq.
F.Quliyev əmindir ki, vaxt gələcək Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq və həmin ərazilərdə bərpa işlərinə başlanacaq:
"Dövlətimizin Dağlıq Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları, yəni orada yaşayan ermənilər barədə mövqeyi birmənalı şəkildə ortadadır. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxandan sonra bütün azərbaycanlılar, o cümlədən erməni əsilli vətəndaşlarımız da Konstitusiyaya əsaslanan bütün hüquqlarla təmin olunacaqlar. Çünki onlar da bizim vətəndaşlarımızdır. Biz bu gün də hesab edirik ki, Dağlıq Qarabağda qalan ermənilər də, yəni erməni əsilli azərbaycanlılar girov vəziyyətindədir. Həmin torpaqlar işğal altında olduğundan onların iradəsi orada ifadə olunmur. Torpaqlarımız azad olunandan sonra Qarabağın dağlıq və aran hissəsi də daxil olmaqla bütün ərazilərimiz bərpa olunacaq.
Hələlik Azərbaycan indi bunu yalnız öz vəsaiti hesabına edir. Amma bizim Ermənistan qarşısında qaldıracağımız 144 milyard dollarlıq təzminat davamız var. Ona görə də Ermənistan kapitulyasiya aktına qol çəkəndən sonra artıq Ermənistan tərəfi həmin ərazilərin bərpa olunmasına əl qoymaq məcburiyyətindədir, biz onları buna məcbur edəcəyik. Onlar Azərbaycan torpaqlarından nə qədər tez geri çəkilsələr, bu, gələcəkdə Ermənistan büdcəsinə bir o qədər çox xeyir verər.

Yəni bizim bütün imkanlarımız var ki, öz ərazilərimizi həm işğaldan azad edək, həm də bərpa edək. Sadəcə, ötən ilin aprel ayında buna imkan verilmədi. Biz aprel ayında bu münaqişəyə birdəfəlik son qoya, bütün ərazilərimizi Ermənistanın işğalından azad edə bilərdik. Bu gün isə bütün Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərin bərpası ilə bağlı fərqli bir mənzərə olardı. Lakin buna mane oldular. Amma hesab edirəm ki, o gün gələcək ki, biz həmin sərəncamı da görəcəyik".
Qeyd edək ki, prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.

İlkin İzzət
Milli.Az
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed