Şrift:
ABŞ Çinlə “ticarət müharibəsi” yolunda ilk addım atıb
12.10.2011 [15:02] - Xəbərlər
ABŞ Senatı Çinin milli valyutasının kursunu süni şəkildə aşağı salmasının əleyhinə olan qanun layihəsini təsdiqləyib.

Layihədə ixracı stimullaşdırmaq məqsədilə milli valyutasının kursunu məqsədli şəkildə aşağı salan ölkələrin ixrac etdiyi məhsullara qarşı ABŞ tərəfindən kompensasiya rüsumunun tətbiqi nəzərdə tutulur.

Bəzi amerikalı qanunvericilərin fikrincə, yuanın kursu ən azı 40% azaldılıb ki, bu da çinli istehsalçılara və ixracatçılara beynəlxalq bazarlarda üstünlük verir. Qanun layihəsinin tərəfdarları qeyd edirlər ki, əgər Çin valyutası öz həqiqi kursunun səviyyəsinə yüksələrsə, ABŞ-dan ixrac artar ki, bu da ölkədə yeni iş yerlərinin açılmasına stimul olar.

Senatdan sonra qanun layihəsi Nümayəndələr Palatasının da dəstəyini qazanmalıdır. Amma burada layihənin əleyhdarları olan respublikaçılar üstünlük təşkil edir.

Qeyd edək ki, qanun layihəsi ABŞ Konqresinə təqdim olunduqdan sonra Çin Mərkəzi Bankı, Xarici İşlər və Ticarət nazirlikləri açıqlama yayaraq, ABŞ-ı “dünya ticarətini valyuta ilə siyasiləşdirmək”də ittiham edib. Çin XİN-in nümayəndəsi Ma Zhaoxu deyib ki, sözügedən qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir və ABŞ-Çin ticarət əlaqələrinə mənfi təsir edəcək, beynəlxalq valyuta bazarında vəziyyəti gərginləşdirəcək. Çin Mərkəzi Bankından isə bildirilib ki, qanun layihəsi ABŞ-a büdcə kəsiri və yüksək işsizlik səviyyəsi kimi problemlərini həll etməkdə kömək etməyəcək, əvəzində isə heç kimin istəmədiyi ticarət müharibəsinə gətirib çıxaracaq.
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed