Şrift:
Böhran erməniləri regional layihələrə “itələyir"
27.01.2017 [10:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan onun ərazilərini işğal edən ölkəyə iqtisadi fayda verə bilməz”

Vüsal Qarayev: “İndiki şəraitdə bu, mümkün deyil”

Ermənistanın Bakı - Axalkalaki - Qars dəmiryolundan istifadə etmək istəyi gündəmə gəlib. Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyan bildirib ki, dəmir yolunun tikilməsindən sonra Ermənistan və Türkiyə bu xətlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq. O istisna etməyib ki, daşınmalarla Gürcüstan dəmiryolu şirkəti məşğul ola bilər: “Bu istiqamətdə danışıqlar aparılacaq. Ermənistanın başqa dövlətlərlə ticarət dövriyyəsinin artmasına yardım göstərə bilən istənilən saziş, razılaşma müzakirə edilir”.

Layihənin Azərbaycana məxsus olması və burada əsas pay sahibinin də Azərbaycan olduğunu nəzərə alsaq, Ermənistanın dəmir yolu xəttindən hansı formada istifadə edəcəyi müəmmalıdır. Rəsmi Bakının konkret mövqeyi var ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini (Dağlıq Qarabağ və ətraf rayonlar) azad etmədən Azərbaycanın iştirak etdiyi proyektlərə qoşula bilməz. Digər yandan Bakı-Axalkalaki-Qars dəmir yolunda əsas söz sahibi Azərbaycandır. Həmçinin Türkiyə ilə Ermənistan arasında rəsmi iqtisadi və ticarət əlaqələri də yoxdur. Bu baxımdan hesab olunur ki, Ermənistan rəhbərliyi bu kimi məsələləri qabartmaqla özünü beynəlxalq təşkilatlara və Qarabağ məsələsinin həlli ilə məşğul olan dövlətlərə münaqişənin həllində və Azərbaycana münasibətdə sülhyaratma prosesinin dəstəkçisi qismində tanıtmağa çalışır.


“Ermənistanın digər dövlətlərlə olan münasibətlərini pozmalıyıq”

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo dəyişmədən bu mümkün deyil. MDHP sədri hesab edir ki, Azərbaycan onun ərazilərini işğal edən ölkəyə iqtisadi fayda verə bilməz:

“Əgər həmin faydanı hərbi potensiala çevirib üzərimizə gələcəksə, bu, ümumiyyətlə mümkün deyil. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, əgər Ermənistan işğal etdiyi əraziləri azad edərsə və yaxın qonşuluq siyasəti yürüdərsə, bu ölkə ilə isti münasibətlər qurmağa hazırdır. Bu zaman Ermənistanla belə məsələlər müzakirə oluna bilər. İndiki vəziyyətdə isə bu, qətiyyən mümkün deyil.

Üstəgəl, ermənilər Axalkalakidə - dəmir yol xəttinin keçdiyi əsas bölgələrdən birində separatçılıq fəaliyyəti ilə məşğuldurlar. Düşünürəm ki, Gürcüstanın özü də Ermənistanın bu xəttə qoşulmasına razı ola bilməz. Gürcülər başqa mövqe də sərgiləyə bilərlər, amma bütün bunlara baxmayaraq, Azərbaycan buna getməməlidir. Ermənistan torpaqları geri qaytarmayanadək, Azərbaycan Ermənistana heç bir iqtisadi fayda verməməlidir, hətta işğalçı ölkənin digər dövlətlərlə olan münasibətlərini pozmalıyıq. Biz düşməni zəif salmağa çalışmalıyıq”.

Fərəc Quliyevə görə, ermənilər bu kimi məsələləri gündəmə gətirməklə özlərini dünyaya fərqli göstərməyə çalışırlar:

“İlk növbədə bunun üçün Azərbaycanla əməkdaşlığa hazır olduqlarını deyirlər, digər yandan cəmiyyətlər arasında danışıqların aparılması məsələsini gündəmə gətirirlər, digər yandan münaqişənin dinc yolla həll variantını dəstəklədiklərini bildirirlər, digər yandan da ölkələr arasındakı münasibətlərin qaydasına salınmasını istədiklərini deyirlər. Azərbaycanın olduğu iqtisadi proyektlərdə iştirak etmək istəkləri də bunlardan biridir. Bütün bunlarla ermənilər özlərindən “mələk” obrazı yaratmağa çalışırlar. Amma kimin nə istəməsindən asılı olmayaraq, biz dünyaya sadə bir mesaj veririk ki, BMT-nin qəbul etdiyi 4 qətnamə əsasında Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan ərazilərindən çıxarsın. Bu baş vermədən heç bir xoş münasibətdən söhbət gedə bilməz”.


“Nəticə çıxarmalıyıq...”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişə davam etdiyi müddətdə işğalçı ölkənin bu və digər layihələrə qoşulması mümkün deyil. V.Qarayev indiki şəraitdə bunun yolverilməz olduğunu diqqətə çatdırıb: “Çünki Ermənistan illərdir beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğalda saxlayır. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu da faktdır ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı yeraltı, yerüstü sərvətlərdən istifadə edir.

Hətta Qarabağ torpaqlarına turist səfərləri təşkil edir. Bu qanunsuzluğa, ədalətsizliyə, özbaşınalığa qarşı isə bu günə kimi kağız üzərində qalan bəyanatlardan başqa konkret heç bir addım atılmayıb. Bu, onu göstərir ki, Ermənistan Bakı-Axalkalaki-Qars dəmiryolundan istifadə etməyə başlasa, sadəcə bir az danışıb susacağıq. Son zamanlarda baş verən hadisələrin xronikası da bundan xəbər verir və biz bundan nəticə çıxarmalıyıq”.

Mənsur
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed