Şrift:
Ahısqada erməni separatizmi yenidən alovlanır
07.04.2012 [15:19] - Türk dünyası-Turan
Gürcüstan ermənilərin başladacağı ikinci “Dağlıq Qarabağ ssenarisi”nin qarşısını almağa tələsməlidir.

Orta Şərqdə Suriya və İranın ətrafında baş verən qlobal proseslərin nəticəsində sırada Güney Qafqaz və Orta Asiya proyektinin reallaşacağı gün çox da uzaqda deyil. Avropa və ABŞ-dakı erməni strateji araşdırma mərkəzləri etiraf edirlər ki, Misir, İraq, Suriya, İran və digər Orta Şərq ölkələrində baş verən proseslərə görə həmin dövlətlərdə yaşayan erməni əhalisi məcbur olaraq miqrasiya axınlarına üz tutmuşdur. Təkcə İraqdan köçən ermənilərin sayı 15 min nəfərdir. Suriyadakı 250 min nəfər erməni əhalisinin demək olar ki, yarısı artıq ev əşyaları ilə birlikdə Fransa, İspaniya, Portuqaliya, Almaniya, Argentina, Uruqvay, Venesuela, Kanada və digər ölkələrə köçmüşlər. Güney Qafqaz və Orta Asiya projesinin Orta Şərq planı şəklində gündəmə gəlməsindən ciddi şəkildə narahat olan ermənilər bu sırada ilk addım kimi Gürcüstandankı 150 illik mövqelərini itirə biləcəklərini çox yaxşı anlayırlar. Buna görə də, indidən ən azından Ahısqa vilayətindəki mövqelərini qorumaq üçün hərəkət keçmişlər.

“Cevaxk Erməni Respublikası”na doğru.

Ermənistanda nazirlər kabinetinin yanında “Birləşmiş Cevaxk” təşkilatı fəaliyyət göstərir. Bu qurum dövlət büdcəsindən maliyyələşdirilir. Qurumun lideri Şirak Torosyan həm də parlamentin deputatıdır. Elə Rusiyanın paytaxtı Moskvada da “Birləşmiş Cevaxk” adlı qurum fəaliyyət göstərir. Hər iki qurum NATO-nun Gürcüstanla əlaqələrinin inkişaf etməsinə qarşı sərt mövqe nümayiş etdirir. Belə ki, ermənilər bildirirlər: “NATO-ya məxsus hərbi qüvvələr Gürcüstanda yerləşərsə, bu zaman Ahısqa vilayətində NATO-nun tərkibində Türkiyəyə məxsus hərbi kontingetin tədricən təzyiqləri nəticəsində ermənilər Gürcüstandan deportasiya olunacaqlar. Ahısqa vilayətindən isə ermənilər tamamilə deportasiya olunacaqlar. Buna görə də xalqların öz müqəddaratını təyin etmək hüquqları çərçivəsində vilayət öz müstəqilliyini əldə etməlidr”.

Ermənilər iddia edirlər ki, Ahısqa vilayətində (gürcülər bu qədim türk torpağına Samtsxe Cevaxetiya, ermənilər isə Cevaxk adını qoymuşlar) 2002-ci il rəsmi dövlət statistikasına görə 207 min 598 nəfər əhali yaşamışdır. Onların 54.5 faizini ermənilər, 43.4 faizini gürcülər, 1.1 faizini isə ruslar təşkil edirlər. Beləliklə “öz milli müqəddaratını təyin etmək” adı altında bölgənin “müstəqilliyi”nə nail olmaq üçün daha radikal addımlar atılmalıdır.

Erməni strateji araşdırma mərkəzləri özlərinin uzaq hədəflərinə Azərbaycan Türklərinin də qatılması üçün bir sıra addımlar atmağa başlamışlar. Belə ki, ermənilərə məxsus informasiya mərkəzləri “Borçalı İctimai Parlanmeti” qurumunun yaradılması və bunun ardınca (gürcülər regionun adını dəyişdirərək Kvemo Kartli adını qoymuşlar) bölgənin dövlət müstəqilliyi adına hərəkata başlanılması haqqında informasiyalara çox səxavətlə yer ayırmağa başlamışlar. Ermənilər iddia edirlər ki: “Borçalıda 497 min 530 nəfər əhali yaşayır. Onlardan 45.1 faizi Azərbaycan Türkləri, 44.7 gürcülər, 6.4 faizi ermənilər, 1.5 yunanlar, 1.3 faizi isə ruslardır. Beləliklə, bölgənin öz müqəddaratını təyin etmək hüququ ancaq Azərbaycan Türklərinə məxsusdur”. Bu problemi beləcə qabartmaqla ermənilər əslində Borçalı məsələsindən özlərinə sipər çəkmək, gürcü-türk etnik münaqişəsini alovlandırmağı hədəf seçmişlər. “MİTK Erməni Araşdırmalar Mərkəzi”nin rəhbəri İqor Muradyan belə qeyd edir: “Dağlıq Qarabağın ardınca Cevaxk Erməni Respublikası yaradılmayınca Qafqazda Böyük Ermənistan strateji hədəflərini biz ermənilər gerçəkləşdirə bilməyəcəyik. Buna görə də biz ermənilər tələcməliyik, yoxsa, əcdadlarımızın ruhuna, kilsəmizin bizə əmanət etdiyi dəyərlərə xəyanət etmiş olarıq. Bizlər Cexak Erməni Respublikasının uzantılarının şərtlərinə daxil olan bütün işləri gerçəkləşdirmişik. Bu gün Gürcüstanda 50-yə yaxın erməni təşkilatının yaranması elə hədəflərimizə doğru atılan ən böyük dəstək deməkdir. NATO və Türkiyənin bölgədə mövqelərinin güclənməsi, bütün dünya ermənilərinin Qafqaz siyasətinin məğlubiyyətinə bərabərdir. Biz həm də nəinki Dağlıq Qarabağı, həm də Ermənistanı itirmək təhlükəsi ilə üzləşə bilərik. Bunun qarşısını almaq üçün Cevaxk Erməni Respublikası strategiyası ən uğurlu yoldur”.

NATO-dan qorxmağın digər səbəbləri

Gürcüstanın NATO ilə sıx əməkdaşlığının nəticəsində bölgədə bir sıra infrastrukturların yaranmasını erməni strateqləri belə şərh edirlər: “Gürcüstanın NATO ilə təmaslarının nəticəsində ordu, təhlükəsizlik və digər güc strukturları tədricən NATO-nun tərkib hissəsinə çevrilməkdədir. Bu məsələdə ən çox itirən tərəf isə Gürcüstanda yaşayan ermənilərdir. Çünki, Gürcüstan NATO-nun dəstəyilə Ahısqa vilayətində ermənilərə məxsus orta məktəblərin, mədəni mərkəzlərin, mətbuatın, qapadılan yerli televiziya və radio kanallarının sayəsində daha da güclənir. Artıq vilayətdə erməni məmurların belə sayları kəskin şəkildə azalmışdır”.

Ermənistan parlamentinin deputatı Şirak Torosyan qeyd edir: “Bizlər Cevaxetiyanı hər gün addım-addım itiririk. Bölgədə Azərbaycan və Türkiyənin təsir dairəsinin artması isə göz önündədir. Bakı-Tiflis-Cehyan neft boru xətti, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu birbaşa Ahısqa vilayətindən keçdiyi üçün ermənilərə də bölgədə heç bir ehtiyacın olmadığı üzə çıxmışdır”.

Halbuki, Gürcüstanda NATO-ya məxsus hər hansı bir hərbi baza belə yoxdur. Gürcüstan ordusu isə koalisiya qüvvələri adı altında NATO-nun tərkibində olmaqla Əfqanıstan, İraq və Kosovoda iştirak edir. Azsaylı kontingentə malik gürcü hərbçilərinin NATO ilə sıx təmaslara keçməsi əslində Gürcüstan dövlətinin xarici siyasət prioritetlərindən biridir. Ermənilər bu məsələyə də qısqanclıqla yanaşırlar. Onlar iddia edirlər ki, Gürcüstanda NATO-ya məxsus hər hansı infrastrukturun yaranması belə həm Ahısqa vilayəti, həm də Ermənistan üçün böyük təhlükə mənbəyi deməkdir. Ahısqa vilayəti ilə heç bir bağlılığı olmayan Batumi şəhərində Türkiyə və Gürcüstan birlikdə əski bir məscidi yenidən inşa etməyə başlayıb. Məscidin bərpa olunmasında prezident Mixeil Saakaşvili şəxsən iştirak etmişdir. Ermənilər isə dərhal bunun strateji mənada böyük təhlükə mənbəyi olacağını dünya mətbuatına çıxarmışlar.

Müşahidələrə görə, NATO və Gürcüstan arasında sıx əməkdaşlığın yaranması daha çox Ermənistanın Gümrü şəhərindəki Rusiyaya məxsus hərbi bazanın narahatlığına səbəb olmuşdur. Hərbi ekspertlərin fikrincə, Ermənistanda Rusiyanın hərbi bazası olsa da, rus hərbçilərinin maddi texniki baxımdan imkanları xeyli zəifdir. Çünki, onların ilk növbədə sosial problemləri 30 ildən çoxdur həll edilməmiş qalmışdır. Digər yandan isə, Gümrü hərbi bazasında işləyənlərin çoxu milliyyətcə ermənidir. Axısqa vilayətinin Axalkələki şəhərində bir zamanlar fəaliyyət göstərən Rusiya hərbi bazasında 3 mindən çox hərbçi xidmət edirdi. Onların yarıdan çoxu milliyyətcə erməni idilər. Digər tərəfdən isə hərbi bazanın ərzaq təchizatını yerli erməni əhalisi təmin edirdilər. 2003-cü ildən sonra bu hərbi baza Gürcüstandan çıxarılan zaman orada xidmət edən 1500 erməni zabiti ailələri ilə birlikdə (10 min nəfər əhali deməkdir) Rusiyaya köçdü. Yerli erməni əhalisinin yarıdan çoxu işsizlik ucbatından Rusiya, Ukrayna, Belorus, Yunanıstan və digər ölkələrə köçdülər. Hətta Türkiyəyə miqrasiya edənlər də oldu.
Tiflisdəki “Çoxmillətli Gürcüstan” təşkilatının sədri Arnold Stepanyan ötən həftə bəyanat verərək “Birləşmiş Erməni Cexak Respublikası”nın yaradılması əleyhində belə demişdir: “Bütün bu təşəbbüslərin arxasında Rusiya xüsusi xidmət orqanları durur. Biz bu yöndə təhlillər apardıq. Rusiyanın siyasi hakimiyyəti üçün Gürcüstanda etnik münaqişələrin alovlandırılması məsələsi çox vacibdir. Çünki, Gümrüdəki rus hərbçiləri asanlıqla bunu bəhanə edərək Gürcüstana qarşı çox asanlıqla müdaxilə edə bilərlər. Rusiyanın əsas maraqlarından biri quru yolla Gümrü hərbi bazasının təchizatını təmin etməkdir. Hava yolu ilə bu çox baha başa gəlir. Digər yandan isə Xəzər dənizindən İranın Ənzəli limanına, oradan da Ermənistana hərbi məqsədli yüklərin daşınması zaman baxımdan xeyli vaxt aparır”.

İdentik baxışlar və hədəflər

Heç də sirr deyil ki, Orta Şərqdə baş verən sosial inqilablar dalğasının son mənzili Suriya hələ də qaynamaqda davam edir. Rusiya burada artıq öz mövqelərini addım-addım itirməkdədir. Beynəlxalq siyasi proseslərdə bunun ardınca İran faktorunun alovlanacağını heç kim gizlətmir. Ermənistan da daxil olmaqla, Rusiyanın hərbi bazasının yerləşdiyi bir regionda inqilabi prosesin baş verməsi, müharibə alovunun təsir göstərməsi ehtimalları, Azərbaycanın milli maraqları çərçivəsində hərəkət edə bilməsi Moskvanı çox narahat edir. İran siyasəti ilə proseslərin qarşısını almaq və ya ən azından bunun müəyyən vaxtadək uzadılmasını təmin etmək üçün məhz bütün diqqətin Gürcüstana yönəldilməsi sıradan bir olay hesab olunmamalıdır. Məhz bu amilləri nəzərə alaraq, ermənilər regionda yeni separatizm ocağını alovlandırmağa çalışırlar. Bu planın tərkib hissəsi olaraq, Borçalının da qoşulması üçün müəyyən cəhdlər edilir. Elə bunun üçün də “Böyük Ermənistan” projesi qismində “Erməni Cevaxk Respublikası” fəaliyyətə başlayıb. Bu yöndə indiki halda “Etnik münaqişələri süni şəkildə alovlandırmaq”, “Dini və konfessiya maraqlarına görə erməni kilsəsinin hüquqlarının artırılmasını tələb etmək” və ya “Milli azlıqların hüquqlarının artırılması”nı bəhanə edərək ölkədə qarşıdurmaları qızışdırmaq tədbirləri gündəmə gətirilmişdir.

Yerli müşahidəçilərin fikrincə, hal-hazırda Ahısqa vilayətində tam səssizlikdir. İqtisadi və sosial şərait Gürcüstanın digər bölgələrində olduğu kimidir. Bununla yanaşı, ermənilərin arasında aparılan təbliğatlarda qeyd olunur ki, NATO Gürcüstanda dayaqlarını quracağı təqdirdə ermənilər dərhal “SESTESS” (Gürcüstanın ərazisindən çıxmaq) haqqında qəti qərar verəcəklər. Çünki, Qafqaz siyasətində əsas söz sahibi Türkiyənin olması şübhəsizdir. Türkiyədə olduğu kimi, Gürcüstanda da milli azlıqların hüquqlarının tələb edilməsi siyasətində erməni milli hərəkatının liderləri ya həbs olunmuşlar, ya da mühacirətə getmişlər. Yerdə qalanlar isə Gürcüstanın güc stukturlarının tam nəzarəti altındadır.

Qafqaz Araşdırmaları üzrə ekspert Mamuka Areşidze qeyd etmişdir ki: “Gürcüstanın strateji hədəfləri ölkənin bütün regionlarında sosial və iqtisadi həyat şəraitinin inkişaf etdirilməsidir. Bu yöndə yerli və xarici investorlara heç bir məhdudiyyət qoyulmamışdır. Hal-hazırda Gürcüstanda ermənilərə məxsus iki bank, 80-dən artıq şirkət fəaliyyət göstərir. Nədənsə onlar Ahısqa vilayətində yatırımlar qoymaqda həvəsli görünmürlər. Heç bölgədə yaşayan erməni əhalisi də hakimiyyət qarşısında hansısa təşəbbüslərlə çıxış etmir. Buna görə də bölgənin problemləri həll edilməmiş qalır”.

ABŞ-ın İndiana ştatından olan senator Riçar Luqar “NATO-nun genişləndirilməsi barədə qanun layihəsi”ni Senata təqdim etmişdir. Gürcüstanda isə 2008-ci ildə keçirilmiş referendumda əhalinin 77 faizi ölkənin NATO-nun üzvü olmasına səs vermişdir. Siyasi müşahidəçilərin fikrincə, Gürcüstan, Makedoniya, Çernoqoriya, Bosniya və Hersoqovina bu ilin may ayında NATO-ya yeni üzvlərin seçilməsi sammitində böyük dəstək almaq imkanına malikdirlər. Təbii olaraq, Gürcüstan tərəfi maksimum dərəcədə bundan faydalanmaq istəyən ilk Qafqaz ölkəsi olacaqdır. NATO-ya üzv seçiləcək ölkələrin “Yol xəritəsi” belə hazırlanmışdır. Erməni siyasətçiləri çox yaxşı dərk edirlər ki, NATO-nun üzvü olmaq, dotasiyalı siyasətə birdəfəlik əlvida deməkdir. Düz 200 ildir ermənilər Rusiyanın Qafqaz siyasətində dotasiya strategiyasının hədəfləri sayəsində firəvan həyat sürmüşlər. Hətta Ermənistan adlı dövlət də qurmuşlar. Bu siyasətə “Böyük Ermənistan” hədəfini də daxil etmişlər. Bütün bunlar indi bir-bir əldən çıxmaqdadır. Bunu dərindən təhlil edən ermənilər çıxış yolu aramaqdadırlar. Ənənəvi şəkildə etnik, dini, coğrafi və digər müstəvidə münaqişələrin baş verməsi üçün tələsirlər. Bu mənada Gürcüstan ermənilərin başladacağı ikinci “Dağlıq Qarabağ ssenarisi”nin qarşısını almağa tələsməlidir.

Ənvər BÖRÜSOY
Bu xəbər oxucular tərəfindən 1667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed